Lüksemburq müəllimlərin ən yüksək əməkhaqqı aldığı ölkədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) göstəricilərinə əsasən, Lüksemburqda təcrübəli orta məktəb müəllimləri ildə təxminən 107000 avro, ibtidai sinif müəllimləri isə təxminən 100000 avro əməkhaqqı alırlar.
Təcrübə və kvalifikasiyaya əsasən əməkhaqqı fərqlidir. Magistr dərəcəsi olan yeni işə başlayan ibtidai sinif müəllimləri ildə təxminən 68000 dollar, orta məktəb müəllimləri isə 77000 avro əməkhaqqı alırlar. 15 il və daha çox təcrübəsi olan müəllimlər isə 100000-107000 avro əməkhaqqı alırlar.
Pedaqoqların yüksək əməkhaqqı Lüksemburq hökumətinin təhsilə yanaşmasının nəticəsidir. Ölkə büdcənin böyük hissəsini təhsilə sərf edir və bunu davamlı iqtisadi, sosial inkişafın əsası hesab edir.
Təhsil sistemi yalnız müəllimin layiqli əməkhaqqı almasını təmin etmir, həm də onlara öz potensiallarını tam göstərmələri üçün kifayət qədər dəstək verir.
Qeyd edək ki, Lüksemburqda dövlət sektorunda işləyənlər arasında müəllimlik ölkədə ən yüksək əməkhaqqı olan vəzifələrdən biri hesab olunur. Ölkədə orta illik əməkhaqqı (orta iş vəzifələrində) təxminən 65000-70000 avrodur. Pedaqoqların əməkhaqqı isə orta əməkhaqqından yüksəkdir. Məsələn, dövlət məmuru ildə 50000-65000 avroya qədər, polislər isə 60000 avro əməkhaqqı alırlar.
Lüksemburqda müəllimlik prestijli və qiymətləndirilən peşədir. Müəllimlər yüksək əməkhaqqından əlavə sosial zəmanət, məzuniyyət və yüksək pensiya ilə də təmin olunurlar. Müvafiq olaraq, peşə standartları da yüksəkdir. Pedaqoqlardan əksər hallarda magistratura diplomu, kvalifikasiya kurslarından keçmək və s. tələb olunur.
Ölkənin təhsil sistemi müəllimlərə ciddi kvalifikasiya standartları tətbiq edir və müəllimlərin yüksək əməkhaqqı almasına yüksək kvalifikasiya və peşəkarlıq da səbəb olur.
Çoxdillilik isə işi daha da çətinləşdirir. Üç rəsmi dili olan ölkədə əksər hallarda müəllimlərdən ingilis dili ilə yanaşı lüksemburq, alman və fransız dillərini yaxşı bilməyi də tələb edirlər. Ona görə də dövlət müəllimlərə rəqabətli əməkhaqqı təklif edir ki, çoxdilli mühitə yaxşı adaptasiya olmuş müəllimləri qoruyub saxlaya bilsin.
Mənbə: etaloni.ge