Medea Çalauri uzun illərdir Bolnisi bələdiyyəsinin Xidisquri kəndində yaşayır. Onu bələdiyyənin Xidisquri, Muxrana və Balaxauri kəndlərində tanımayan yoxdur. Bütün ömrünü məktəbə, təhsilə həsr etmiş bu gözəl insan azərbaycanlı şagirdlərin və yerli əhalinin sevimli müəllimidir. Muxrana ümumi məktəbində məsləhətçi müəllim kimi fəaliyyət göstərən Medea müəllimin hər bir şagirdin uğurunda imzası var. Uzun illərdir məktəbdə gürcü dili və ədəbiyyatı fənnini tədris edir, gənclərin gürcü dili baryerini aşmalarında onlara yardım edir, dəstək olur. Onun yetirmələri içərisində Gürcüstanın nüfuzlu universitetlərində təhsil alan gənclərin sayı çoxluq təşkil edir. Medea müəllim uşaqlarla yanaşı müəllim həmkarlarının da gürcü dilini mükəmməl səviyyədə öyrənmələri üçün məktəbdaxili kursda onlara dərslər keçir, böyük fədakarlıqla öz bilik və bacarığını əsirgəmir.

 

Medea Çalauri 1976-cı il fevralın 21-də Qori rayonunun Patara kəndində anadan olub. 1993-cü ildə həmin kəndin orta məktəbini əla qiymətlərlə bitirib. Əsas prioriteti təhsil olan ailədə böyüyən Medea müəllim Qori Tibb Məktəbində təhsilini davam etdirib. Təhsilini bitirdikdən sonra Qori Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub. Universitetdə oxuduğu müddətdə bir tələbə kimi universitet həyatında fəal iştirak edib, müxtəlif layihələrə qoşulub, eyni zamanda tələbə olimpiadalarında fəallıq nümayiş etdirib. Bununla yanaşı “Gənc jurnalist” qəzetində, həmçinin diyarşünaslıq muzeyində və “Ədəbi Tsxinvali” qəzetində müxbir kimi çalışıb.

 

Diyarşünaslıq muzeyində çalışmağı onu sonralar Tbilisi Tarix İnstitutuna gətirib çıxarır. Təhsil departamentinin gürcü dilinin gələcək müvəffəqiyyətləri layihəsində iştirak etməyi onun həmişəlik olaraq bu istiqamətdə işləməsinə gətirib çıxarır. Beləliklə o, 2014-cü ildən bu sahə ilə bağlı layihələrdə iştirak edərək uğur qazanır. Elə həmin ildən başlayaraq bu günə qədər Muxrana məktəbində təhsilin hərtərəfli inkişafı və təmin edilməsi yönündə işlər görür, layihələr həyata keçirir.

 

Onunla söhbət zamanı xüsusi sevgi ilə azərbaycanlı uşaqlarla birlikdə həyata keçirdiyi layihələrdən bəhs etdi. Mənim əsas məqsədim qeyri-gürcü şagirdlərin gürcü cəmiyyətinə inteqrasiyasına kömək etməkdir deyən Medea müəllim yetirmələrinin Gürcüstanın fərqli universitetlərində təhsil aldıqlarını fəxrlə vurğuladı. O, təhsillə bağlı məktəbdaxili həyata keçirdiyi bütün işlərində Muxrana ümumi məktəbinin direktoru Nestan xanım Onianinin ona yardım etdiyini və dəstək verdiyini dedi.

 

Əsas məqsədim gənclərin təhsilə cəlb edilməsidir deyən Medea müəllim bunu pedaqoqun əsas vəzifəsi hesab etdiyini qeyd edir. O, məktəbdə fəaliyyəti müddətində təhsillə bağlı problemləri daha yaxından gördüyünü, buna görə də şagirdlərin arzu və imkanlarını daha yaxından qiymətləndirmək imkanının olduğunu qeyd etdi. Medea müəllim Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzin nümayəndəsi olaraq öz həmkarlarına sertifikasiya imtahanlarına hazırlaşmaqda, eləcə də müxtəlif layihələr həyata keçirmələrinə yaxından dəstək verir. O, gürcü dilini böyük fədakarlıqla tədris etməkdə azərbaycanlıların kompakt yaşadıqları Bolnisi bələdiyyəsinin Xidisquri, Muxrana və Balaxauri kəndlərində yaşayan gənclərin cəmiyyətə düzgün inteqrasiyasını asanlaşdırmaq məqsədi daşıdığını qeyd etdi. Medea Çalauri əsas missiyasının gənclərin təhsilə cəlb edilməsi, onların dillə bağlı yaşadıqları problemlərin aradan qaldırılması olduğunu dedi. Bu zəngin mənəvi dünyası olan müəllimlə söhbət zamanı onun gələcəyə təhsilli, sağlam düşüncəli gənclik verməliyik və bu istiqamətdə əsas yük müəllimlərin çiyninə düşür fikri ilə həmrəyəm.

 

Medea Çalauriyə bütün işlərində uğurlar arzulayıram!

 

Leyla YUSİFOVA