Müəllimlərin universitet təhsili, baza əməkhaqqının mütləq artırılması, yeni kadrların hazırlanması və peşə inkişafına real dəstək – bunlar sabiq təhsil və elm naziri Tamar Sanikidzenin “edu.aris.ge” saytı ilə müsahibəsi zamanı vurğuladığı məqamlardır.

 

Tamar Sanikidze bu gün İnnovasiya, İnklüzivlik və Keyfiyyət – Gürcüstan I2Q (IBRD) layihəsinin icraçı direktoru vəzifəsini tutur və onun təhsil sistemində fəaliyyəti ali təhsillə əlaqədardır. 2014-cü ildə başladılmış müəllimlərin peşə tənzimləmələrinin məqsəd və prosesinə çox yaxşı bələddir. Həmin proses nəticəsində müəllim peşəsinə girməyə və karyera inkişafı sxeminin hazırlanmasına nail olub. Sabiq nazir illər ərzində sxemdə tez-tez həyata keçirilmiş dəyişikliklərə görə birmənalı şəkildə bu sistemin özünü doğrultduğunu deməkdə çətinlik çəkir, ancaq hesab edir ki, sxemin öz faydası var idi.

 

– Tamar xanım, qısa sual və geniş cavabla başlayaq: müəllimlər üçün sxem nə yaratdı? Bu sxem onun hazırlanmasına qədərki dövrdə olmayan nələri təhsil sisteminə verdi? Tamar Sanikidze bugünkü baxışdan nə görür?

 

– Gəlin bu məsələyə belə baxaq: bunun üzərində işləməyə niyə başladıq? Dövlətin bu qərarının öz izahı var.

 

Bu gün pedaqogika tibb, hüquq, baytarlıq və s. kimi tənzimlənən peşədir. Bu o deməkdir ki, təhsildə davamlı peşə inkişafına dövlət qoşulur və tənzimləyir. Beynəlxalq təcrübə də belədir. Tənzimləmə, təbii ki, sistemin yaradılması üçün ehtiyac duyurdu və biz dövlətin qərarı ilə işləməyə başladıq. Qanun müstəvisində tənzimləmələr yaradıldı, qanuna tabe aktlarla isə artıq həmin tənzimləmələrin icra mexanizmləri yaradıldı. Müəllimin fəaliyyətə başlaması, peşə inkişafı və karyerada irəliləmə sxemi də məhz onlar arasında idi. Ona qədər belə tənzimləmələrimiz olmayıb. Peşəyə daxil olmağı nəzərdə tuturam – hansı təhsillə müəllim olmaq olardı, davamlı peşə təhsili necə olmalı idi... Müxtəlif dövrlərdə qanunda dəyişikliklər edildi, amma bu mövzular açıq qalırdı. Bizim yanaşmamız belə idi ki, bunların hamısı sistemləşdirilsin və peşə tənzimləməsi ilə yanaşı olan tələblərə uyğun qaydaya gətirilsin.

 

2008, 2009, 2010-cu illərə nəzər salsaq görərik ki, sistemdə bu istiqamətdə hansı proseslər gedirdi. Qısa desək, tamamilə tənzimlənmirdi. Sistemi açdılar və müəllim olmaq istəyənləri, məktəb attestatı olanları (bu da yolverilən idi), yaxud peşə ixtisası, ali təhsili olanları sistemə buraxdılar. Vəziyyəti analiz edəndə gördük ki, məktəb attestatı ilə çox sayda müəllim var. Peşə ixtisasi ilə müəyyən sayda müəllim var idi, eləcə də bir qisminin ali təhsili var idi, amma əksəriyyətinin ali pedaqoji təhsili yox idi. Buradan irəli gələrək, elə qərarlar qəbul edilməli idi ki, artıq sistemə daxil olmuş müəllimlərə kompetensiyalarını təsdiq etmək, peşəsində qalmaq və işləməyə davam etmək şəraiti yaratsın. Təsəvvür edin, məktəb attestatı, yəni ümumi təhsili olan çox sayda müəllim o zaman qüvvədə olan qayda ilə sertifikatlaşdırılmışdır. Onlar bunu bacardılar. Yəni dövlətin qoyduğu müəyyən şərti yerinə yetirdilər. Dövlət növbəti gün şərti dəyişib, başqa cür olmalı idi deyə bilməzdi axı?! Bu, qeyri-ciddidir və faydası da olmazdı. Çünki qeyd etdiyim kimi, belə müəllimlərin sayı kifayət qədər idi.

 

Sertifikatlaşdırma məsələsi də həll edilməli idi. Əvvəlki dövrdə sertifikat imtahanı var idi. Qaydaya görə, əgər pedaqoq imtahan verməsə sistemdən getməli idi. Buna uyğun olaraq bu məsələ də nəzərə alınmalı idi. Müəllimlərə portfolio yaratmaq və işlətmək öhdəliyi qoydular. Bu, müxtəlif nailiyyətlər və layihələr qazanmağı və s. nəzərdə tuturdu. Ancaq həmin portfolionun qiymətləndirilməsi vasitələrini yaratmağın qayğısına heç vaxt qalmayıblar. Müəllim nəticədə nə əldə edəcəyini, bu portfolionu nə üçün yaratdığını və işlətdiyini bilmirdi. Əvvəlki, ya indiki hakimiyyət olsun, hakimiyyət hakimiyyətdir və hamı onun qarşısında məsuliyyət daşıyır! Çünki bu məqsədləri əvvəlki hakmiyyət qoydu, yalnız buna görə müəllim nailiyyətlərini tanımaqdan imtina etməyəcəkdik ki? Bizi bu döngədən çıxaracaq mexanizm hazırladıq və sonra artıq müəyyən, razılaşdırılmış sistemlə işləməyə davam edəcəkdik. Məhz belə sistem yaradıldı – peşəyə daxil olmaq məqamı da, müəllimin peşə inkişafı da, qiymətləndirmə də və s. tənzimləndi. Pedaqoqların əvvəlki nailiyyətləri də itmədi və müəyyən məqamdan fəaliyyətlərinə davam edə bilərdilər.

 

– Bu, birinci mərhələ idi...

 

– Burada ən mühüm məqam sistemin dərin analiz əsasında işləməsi idi. Onda ən yaxşı beynəlxalq təcrübə də nəzərə alınmışdı. Beynəlxalq ekspertlərlə işləməyin izi ilə hökumət səviyyəsində daimi fəaliyyət göstərən komissiya yaratdıq. Komissiya ixtisaslı adamlardan ibarət idi. Burada universitet nümayəndələri, məktəb müəllimləri, direktorlar, parlament komitəsinin üzvləri, həmkarlar ittifaqı və s. var idi. Həmin komissiya çərçivəsində bu sistem hazırlandı. Bizim xarici həmkarlarımız eyni zamanda UNESCO-nun ekspertləri idilər və bu sxemi UNESCO komissiyasına tanıtdılar. Onlar hesab etdilər ki, hazırlanmış yanaşma ən yaxşı nümunələrdən biridir və onu bölüşməyə də başladılar.

 

Ancaq bunun hansı nəticə verməsi məsələsini götürsək, bir mühüm faktora görə, buna cavab verməkdə çətinlik çəkirəm. İlk olaraq yaradılmış və dövlətin beynəlxalq eskeprtlərə əsaslanaraq hazırladığı bu sistemin işləməsi cəmi bir il, il yarım davam edir. Sonra tətbiq etmə monitorinqi həyata keçirildi, qiymətləndirildi və qiymətləndirmədə bir az problemli hesab olunan bir komponent var idi. Bu, müəllimin qiymətləndirilməsi hissəsində kənar müşahidə ilə əlaqədar idi. Bu problemli hesab olunmadan, sərbəst şəkildə düzəldilə bilərdi. Amma bunun əvəzinə sxemdə bitmək bilməyən dəyişikliklərə başlanıldı və mənim bildiyimə görə, bu, artıq komissiya qaydası, ya beynəlxalq ekspertlərdən yararlanaraq baş vermirdi. Komissiya fəaliyyətini dayandırdı.

 

Bugünkü sxem çoxsaylı dəyişikliklərdən irəli gələrək qəbul edilmiş sistemdir və bu gün necə işlədiyi ilə bağlı mən qiymətləndirmə hesabatlarını görməmişəm. Nazirlik bu gün də inkişaf sisteminin real nəticə göstərəcəyi şəkilə salınması üzərində işləyir. Məktəblərdə təhsil keyfiyyətinin real olaraq artmasını nəzərdə tuturam və belə olan halda müəllimin real inkişafı da artacaq. Ancaq bu gün qüvvədə olan sənəd, sxem ilkin versiyadan çox fərqlənir. Hətta mənim fikrimcə, ortaq heç nəyləri yoxdur. Mən deyə bilmərəm ki, ilkin versiya yaxşı idi və indiki yaramır. Bunun qiymətləndirməsini görməmişəm, ancaq nəticələrə görə müzakirə etsək, bu istiqamətdə görüləsi çox iş var ki, bu sistem və yanaşma nəticə versin.

 

– Aydındır və təəssüfedicidir ki, araşdırmalarımız yoxdur, illər sonra sxemlə əldə olunan nəticənin şagirdə çatıb-çatmadığını, onun effektivliyini bilmirik... Amma əgər sizin yuxarıda dediyiniz dəyişiklikləri nəzərə almasaq və bu dəyişiklikləri qiymətləndirməsək, nə deyə bilərik – bu sxem özünü doğrultdumu? Bu gün sizin üçün irəli getmiş, inkişaf etmiş pedaqoqlar varmı, 2014-cü ildən bu günə qədər nə baxımdan inkişaf ediblər?

 

– İlk növbədə, sizin sualınıza sualla cavab verəcəm: bu gün müəllimlər peşə inkişafına fəal olaraq qoşulublarmı? – mənim fikrimcə, qoşulublar. Qoşulmaq, təbii ki, hamı üçün məcburidir və sxem çərçivəsində onların irəli çəkilməsi davam etdirilirmi? Bunu nəyə görə deyirəm – peşə inkişafı ilə yanaşı həmçinin müəllimlərin əməkhaqqı siyasətinin qismən də olsa qaydaya salınmasına cəhd göstərilmişdi. Müəllimin əməkhaqqı isə qismən nəticəyə, inkişafa bağlı olardı. Baza əməkhaqqı dəyişdirildi, əlavələr yarandı. Sxemin faydalarından biri odur ki, müəllimin əməkhaqqı siyasəti yaxşılaşdırıldı. Ancaq əgər siz soruşursunuz ki, bu baxımdan bu gün hansı nəticəmiz var, deyim ki, hələ də əhəmiyyətli dərəcədə təkmilləşdirilməlidir. Əlbəttə, dövlətin hansı resursunun olacağı və maliyyələşdirməyə necə müraciət edəcəyi nəzərə alınmalıdır. Birmənalı şəkildə yeganə bu müsbət tərəfimiz var idi.

 

Eləcə də düşünürəm ki, çox müəllimlər bu sxemdən çox yaxşı istifadə edib və kompetensiyalarını artırıblar. Saya baxsaq bu gün yüksək pillələrdə olan müəllim sayımız bu təşəbbüs başlayana qədər olduğundan daha artıqdır. Amma bir daha deyirəm, bunun yekunda şagirdə, nəticələrə, ümumiyyətlə, məktəbin yaxşılaşdırılmasına təsir göstərməsi üçün çox iş görülməlidir. Hətta deyim ki, tək peşə inkişafı ilə bunlara nail olunmayacaq.

 

– Nəyi nəzərdə tutursunuz?

 

– Düşünürəm ki, bu gün müəllimin peşəkar inkişafından çox onun universitet təhsilinə diqqət yetirilir. Müəllim təhsili proqramlarının keyfiyyətinin yaxşılaşdırılması və ümumilikdə müəllim təhsili siyasətinin təkmilləşdirilməsi ilə bilavasitə bağlı olan donor tərəfindən maliyyələşdirilən əsas layihədə müəyyən elementlər meydana çıxdı. Universitetlərdə müəllim hazırlığı proqramlarının yaradılmasına və bu proqramların faktiki icrasına başlanılmalıdır!

 

Bu gün dövlət universitetlərində müəllim hazırlığı proqramları var, ancaq ibtidai sinif müəllimləri üçündür. Bizdə fənn, fənn qrupları üzrə müəllimlər üçün universitet hazırlığı proqramları yoxdur və söhbət hansı ixtisasın artırılmasından gedir?! Bu gün elə bir vəziyyət yaranıb ki, universitetdə əsas və orta ixtisas üzrə müəllim hazırlığı proqramları yoxdur. Ona görə də yaxşı haldır ki, nazirlik bununla bağlı işləyir, bizim donorumuz var, bu işdə köməklik edir ki, universitet təhsilinə daha çox diqqət yetirək və ikinci hissə, müxtəlif ehtiyaclardan hələ də sistemdə qalan sertifikatlaşdırma yox, həqiqətən peşəkar inkişaf olsun. Sertifikatlaşdırma müxtəlif ehtiyaclardan irəli gələrək hələ də sistemdə qalır.

 

– Müəllimlərin bu və ya digər şəkildə bacardığı sertifikatlaşdırma...

 

– Bacarırlar, amma bizim bütün peşələrdə olduğu kimi mühüm inkişafa etirazımız varsa müvafiq yeni kadrlar hazırlanmalıdır.

 

– Bu gün bizə qərardan xəbər vermirlər, amma deyəsən sistem rəhbərləri artıq müəllimin əməkhaqqının sxemə bağlanmasını istəmirlər, bu ehtimalı necə qiymətləndirirsiniz, düzgün yoldurmu?

 

– Mən belə başa düşdüm ki, əməkhaqqı siyasətinin tənzimlənməsi gündəmdədir, amma təkcə peşəkar inkişafla bağlı deyil, ümumilikdə bu, məncə, heç də pis deyil. Baza maliyyələşdirilməsi artırılaraq düzəliş edilərsə, artım müvafiq olaraq daha nəzərə çarpacaq. Təhlillərimə görə, dövlət deyir ki, biz müəllimin əməkhaqqı siyasətini tənzimləməliyik və bu, təkcə peşəkarlığın artırılmasından asılı olmamalıdır.

 

– Amma heç kim müəllimlərə deməyib ki, əsas əməkhaqqı artır, baş nazirin açıqlamasını belə başa düşməliyik? Müəllimlər də guman edirlər ki, nailiyyətlərinə baxmayaraq “başqaları ilə bərabərləşəcəklər” və bu, əldə olunan statusa verilən qiymət olmayacaq...

 

– Baş nazirin mesajına gəldikdə, eşitdim ki, tam ştatlı müəllimin maaşı 500 lari artırılacaq, status, qeyri-status və sair müzakirələr aparılmadı, bu da onu göstərir ki, söhbət əsas və ya orta əməkhaqqıdan gedir. Bu mesaj mənə aydındır, baxmayaraq ki, əlbəttə, biz bu artımın nə demək olduğunu və necə baş verəcəyini daha çox aydınlaşdırmaq və daha yaxşı başa düşmək üçün gözləyirik. Biz yeni sistemə keçəndən əvvəl dövlətin atdığı addımlar mənə belə düşünməyə imkan verir ki, müəllim əvvəlki attestasiya çərçivəsində nəyə nail olubsa, heç kim heç nə itirməyib. Əksinə, yeni sistemlə yeni əlavələr və imkanlar yarandı. Ona görə də, düşünmürəm ki, dövlət hansısa formada müəllimlərin uğurlarını aşağılamağa və ya gözdən salmağa hazır olsun.

 

– Əməkhaqqı siyasətini təkmilləşdirmək üçün necə model seçərdiniz, Tamar Sanikidze nə edərdi, sxemi dəyişməkdən, təkmilləşdirməkdən, ləğv etməkdən başlayardınız, yoxsa...?

 

– Böyük ölçüdə bütün bunlar hələ də dövlətin hansı resurslara malik olmasından, onların bu gün, sabah, o biri gün hansı resurslardan istifadə edə biləcəyindən və s. asılıdır. Bu planlaşdırılmalı bir prosesdir. Bir daha deyirəm ki, çoxillik planlarımızda da görünən universitet müəllimlərinin təhsilinə daha çox diqqət yetirilməsinə istinad edən bu son qərarları düzgün hesab edirəm və yaxşı haldır ki, bu mərhələyə çatmışıq.

 

Əməkhaqqı siyasətinə gəldikdə isə, resursları elə ayırmaq lazımdır ki, bu, mütləq əsas əməkhaqqına təsir etsin, əks halda, sadəcə olaraq, hesab edirəm ki, effektli olmayacaq, çünki əməkhaqqı, ümumiyyətlə, azdır... Bəli, ciddi dəyişikliklər var, lakin tendensiya davam etdirilməlidir və mən həqiqətən ümid edirəm, inanıram ki, bu davam edəcək. Həmçinin müəyyən bir əməkhaqqı artımı peşəkar inkişafa da bağlı ola bilər, lakin müəllim yalnız “yenə nəsə artırım” sözünə istiqamətlənməməlidir... Bu da pis deyil və müəllim mütləq özünün peşəkar inkişafı ilə maraqlanmalıdır... Lakin orta zəmin tapmaq vacibdir. Balans qorunmalıdır ki, peşəkar inkişaf üçün motivasiyanı müəllimin öhdəsinə buraxaq, lakin onun fəaliyyətinin kompensasiyası və mükafatlandırılması olan ilkin təklif normal, bu peşə üçün məqbul olmalıdır. Hər hansı bir peşədə iş təcrübəsi həmişə bonuslarla əlaqədardır, bu, ümumi bir korporativ təcrübədir.

 

Söhbətimizin sonunda danışdığınız bütün amilləri, o cümlədən müəllim hazırlığı üçün təhsil proqramlarının yaradılması və təkmilləşdirilməsi zərurəti və fərqli əməkhaqqı siyasətinin zəruriliyini nəzərə alaraq deyə bilərikmi ki, sxem öz işini görüb və tükənib?

 

– Qismən. Deyə bilərəm ki, müsbət cəhətləri var idi, özümüzü aldada bilmərik, qüsurlar da var. İnkişaf elementləri daxil olur ki, bu da çox lazımdır. Demək istəyirəm ki, sistemi təkmilləşdirmək, yeni və ixtisaslı kadrlar hazırlamaq üçün müəllimlərin universitet təhsilinə baxmasaq, yalnız ixtisasartırma sxemindən “asılı olmaq” uğurlu olmayacaq.

 

 Mənbə:“edu.aris.ge”.

Gürcü dilindən tərcümə etdi: Aynurə Əliyeva