Gürcüstanın ümumtəhsil müəssisələrində şagirdlərin birinci sinfə qeydiyyatı və məktəbə qəbul üçün vacib sənədlərin təqdim edilmə vaxtı dəyişdirilib. Bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.

 

Qeydiyyatın birinci mərhələsi aparılan zaman Təhsil və Elm Nazirliyi Parlamentin Təhsil və Elm Komitəsinin birgə qərarı ilə “Ümumi təhsil haqqında qanunda” dəyişikliklər edib. Dəyişikliklər ümumtəhsil müəssisələrində başlanğıc pillədə təhsilə başlamaq yaşı ilə əlaqədardır. Qeyd olunan dəyişiklikləri nəzərə almaqla 2022-2023-cü tədris ilində birinci sinfə əlavə olaraq 16 sentyabrdan 1 oktyabra qədər 6 yaşı tamam olan uşaqların qəbulu həyata keçirilməlidir.

 

Buradan irəli gələrək Gürcüstanın təhsil və elm nazirinin 2022-ci ilin 4 mart N221866 nömrəli sərəncamına əsasən, birinci sinif şagirdlərinin qeydiyyatı və məktəbə qəbul olmaq üçün vacib sənədlərin təqdim edilmə vaxtları aşağıdakı kimi müəyyən edilib:

 

I mərhələ 2022-ci ilin 20 aprel tarixindən 28 aprel tarixinə qədər həyata keçirilir. Bu dövr ərzində məktəblərdə qeydiyyatın birinci mərhələsində müəyyən edilmiş müddətdə qeydiyyatdan keçə bilməyən xüsusi təhsilə ehtiyacı olan uşaqların əlavə qeydiyyatına şərait yaradılacaq.

 

I mərhələdə qeydiyyatdan keçməli olan uşaqların valideynləri istədikləri ictimai məktəbə ərizə ilə müraciət etməlidirlər. Məktəb rəhbərliyi isə öz növbəsində uşağı Təhsilin İdarəsi üzrə Məlumat Sistemində (EMIS) qeydiyyatdan keçirir. Şagirdin xüsusi təhsilə ehtiyacı olduğunu təsdiqləmək məqsədi ilə valideyn məktəbdə nazirin sərəncamı ilə təsdiqlənmiş müraciət formasını doldurmalıdır və nəticədə multidisiplin işləri üzrə komanda tərəfindən uşaq qiymətləndirilir, onun xüsusi təhsilə ehtiyacı olub-olmadığı müəyyənləşdirilir. Şagirdin xüsusi təhsilə ehtiyacı olduğu təsdiqləndiyi halda məktəb müvafiq sənədlər əsasında şagirdin qəbul olunmasını təmin edir. Birinci mərhələdə qeydiyyatdan keçmiş uşaqların valideynləri məktəblərə 2022-ci ilin 29 aprelindən 2022-ci ilin 6 may tarixinə qədər sənədləri təqdim edə biləcəklər.

 

Xüsusi təhsilə ehtiyacı olmayan uşaqların valideynləri övladlarını növbəti mərhələdə qeydiyyat etdirməli olacaqlar.

 

Qeydiyyatın II mərhələsi mayın 10-dan mayın 20-nə kimi mümkün olacaq və məktəbdə bu uşaqlar qeydiyyatdan keçə biləcəklər:

 

• Eyni məktəbdə təhsil alan bacı-qardaşlar;

• Valideyni məktəbin əməkdaşı olan uşaqlar;

• Ailədən eyni zamanda birinci sinfə qeydiyyat olunan iki və ya daha çox olan uşaqlar.

 

Qeydiyyat ictimai məktəblərdə valideynin/qanuni nümayəndənin qəbul üçün təqdim etdiyi sənədlər əsasında həyata keçirilir. Qeydiyyatı ictimai məktəb təmin edir. Qeyd etmək lazımdır ki, ikinci mərhələdə qeydiyyatdan keçirilmiş uşaqların valideynləri müvafiq sənədləri qeydiyyat üçün müəyyən edilmiş vaxtda məktəbə təqdim etməlidirlər.

 

III mərhələ – ümumi qeydiyyat – 2022-ci ilin 24 may tarixindən başlayacaq və 15 iyun tarixinə qədər davam edəcək.

 

Qeydiyyat təhsilin idarəsi üzrə məlumat sisteminin rəsmi veb-səhifəsində – registration.emis.ge-də həyata keçiriləcək. Qeydiyyatı valideyn/qanuni nümayəndə edir. Elektron qeydiyyat olunan şagirdin qəbul olması üçün vacib sənədlərin təqdim edilməsi 2022-ci ilin 16 iyun tarixindən 30 iyun tarixinə qədər həyata keçirilir. Müəyyən edilmiş vaxtda sənədlərin təqdim olunmaması halında qeydiyyat avtomatik ləğv olunacaq.

 

IV mərhələ 2022-ci ilin 4 iyul tarixindən 12 iyul tarixinə qədər məktəblərdə həyata keçiriləcək. Bu mərhələdə azad olunan vakant, yaxud qalan boş yerlərə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən və ya qeydiyyatı dəyişmək istəyənlər yerləşdiriləcək.

 

Şagirdin dördüncü mərhələdə qeydiyyatını ictimai məktəb valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib sənədlər əsasında təmin edir.

 

Birinci sinfə qəbul üçün lazım olan vacib sənədlər:

• Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi haqqında məlumat qeyd olunmalıdır.

• Şagirdin doğum şəhadətnaməsi, yaxud şəxsiyyəti təsdiq edən sənədin nüsxəsi və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin nüsxəsi (belə hal olarsa).

 

Gürcüstanın Təhsil və Elm Nazirliyi uşaqları vaxtında və maneəsiz birinci sinfə qeydiyyat etmələri üçün valideynləri qeydiyyat vaxtları və şərtləri ilə yaxından tanış olmağa çağırıb.

Mənbə: etaloni.ge