Məktəb direktorunun, müavininin və ya rəhbərlik nümayəndəsinin sinif rəhbəri olmaq hüququ varmı? Sinif rəhbəri olmaq rəhbərlik nümayəndəsinin məsuliyyət daşıya bilməyəcəyi öhdəlik tələb edərsə, qanunla buna məhdudiyyət varmı?

 

Qanunvericiliyə əsasən, məktəbin müdiriyyət nümayəndəsinin sinif rəhbəri olmaq hüququ var. Milli Tədris Planına əsasən, ictimai məktəblərdə bütün siniflərin sinif rəhbəri olmalıdır. Sinif rəhbəri həmin məktəbin müəllimi olmalıdır. Sinif rəhbərinin həmin sinifdə dərs deməsi məcburi deyil.

 

Ancaq qeyd edilməlidir ki, müdiriyyət və sinif rəhbərinin funksiyaları eyni zamanda çətin yerinə yetirilir. Müdiriyyət nümayəndəsinin, eləcə də sinif rəhbərinin öhdəlikləri və məsuliyyəti kifayət qədər zəhmət tələb edir. Müdiriyyətə məktəbin inzibati məsələlərdə idarə edilməsi, sinif rəhbərinə isə sinif rəhbəri olduğu sinfin hər bir şagirdinə görə məsuliyyət daşımaq öhdəliyi verilir. Müdiriyyət nümayəndəsi paralel olaraq sinif rəhbəri ola bilərmi? Buna məktəb direktoru qərar verir.

 

Sinif rəhbərinin fəaliyyəti sonrakı prinsiplərlə idarə olunur:

 

a) Tamhüquqlu tədris – tədris fəaliyyəti şəxsin fiziki, maarifləndirici və iqtisadi-sosial inkişafına doğru istiqamətlənməlidir;

 

b) Şagirdin bacarıqlarının kəşf edilməsi – sinif rəhbərinin funksiyası şagirdin potensialını kəşf etmək, onun bacarığı və imkanlarının aşkarlanması üçün müvafiq şərait yaratmaqdır;

 

c) Şagirdlərdə məsuliyyət hissinin inkişaf etdirilməsi – sinif rəhbəri şagirdlərə şərait yaratmalıdır ki, onlar fəallıqların (şənliklər, ekskursiyalar və s.) planlaşdırılmasında və bu zaman yaranan problemlərin həllində iştirak etsinlər.

 

ç) Əməkdaşlıq prinsipi – sinif rəhbərinin şagirdlərlə münaisbəti əməkdaşlığa, hörmət və etimada söykənməlidir.

 

Sinif rəhbərinin öhdəlikləri:

 

a) Şagirdi, onun valideynini/qanuni nümayəndəsini onların hüquq və öhdəlikləri ilə tanış etmək (məktəbdaxili qaydalar, şagirdin etika məcəlləsi, məktəbin tədris planına uyğun məsələlər və s.);

 

b) Başlanğıc pillədə, ən azı iki həftədə bir dəfə, baza-orta pillələrdə isə ən azı ayda bir dəfə sinif rəhbəri saatı keçirmək; Sinif rəhbəri, “sinif rəhbəri saatı” çərçivəsində şagirdin yaşına uyğun olaraq müxtəlif fəallıqlar vasitəsilə müxtəlif bacarıqların inkişafı üzərində işləməlidir (məsələn, oxumaq bacarığının inkişafı (başlanğıc pillədə), ətraf mühitin mühafizəsi mədəniyyətinin inkişafı və s.).

 

c) Şagirdə akademik və ya məktəb mühitində yaranmış müxtəlif problemlərin həllində yardım etmək;

 

ç) Şagird, valideyn və müəllim arasında əməkdaşlıq münasibətlərinin formalaşmasında vasitəçi olmaq;

 

d) Davamlı olaraq (minimum ayda bir dəfə) valideynə şagirdin akademik uğuru, nizam-intizamı, şəxsi problemləri, yaxud nailiyyətləri barədə məlumat vermək. Bir şagirdin nizam-intizamı və akademik uğuru barədə başqa şagirdin, valideynin qarşısında danışmaq yolverilməzdir;

 

e) Lazım olan halda, maraqlanan valideynlə görüşmək və ona şagridlə, məktəbdə aparılan proseslə əlaqədar məlumat vermək;

 

ə) Təhsil ilinin sonunda, müəllimin verdiyi məlumata əsasən, sinif rəhbəri saatının iştirakçısı olan hər bir şagirdin uğurlarını, dərsdə iştirakını və davranışını analiz etmək. Hər bir şagirdin güclü və zəif tərəfləri barədə qısa xasiyyətnamə hazırlamaq. Həmin xasiyyətnaməni şagirdin inkişafının sonrakı müşahidəsi məqsədilə valideynə versin və özü üçün də saxlasın.

 

f) Şagirdin başqa məktəbə keçməsi halında onun akademik uğurları və dərsdə iştirakı barədə məlumat hazırlamaq və şagirdin şəxsi işində saxlamaq.

 

Tövsiyə olunur ki, ictimai məktəb müəllimləri nazirlik və nazirliyin ictimai hüquqi şəxsləri tərəfindən hazırlanmış və ya tövsiyə edilmiş müvafiq metodik dərsliklər, bələdçilərlə tanış olsunlar.

 

Mənbə: etaloni.ge