Noyabrın 1-nə qədər 6 yaşı tamam olmuş uşaqları da birinci sinfə qəbul edəcəklər. Bu məsələ valideynlərin razılığına səbəb olub. Bəs mütəxəssislər bu haqda nə düşünürlər? 5 yaşlı uşaqlar məktəb həyatına hazırdırlarmı?
Professor Nana Dixamincia sosial şəbəkədə məsələyə münasibət bildirib və onun statusunu olduğu kimi sizə təqdim edirik:
“1 noyabra qədər 6 yaşı tamam olan uşaqları məktəbə aparmaq məcburidirmi – nazir bildirib.
Uşaq nə zaman birinci sinfə getməlidir, bu, onun yazmağı və oxumağı necə bilməsinə deyil, məktəbdə tələb olunan sərt nizam-intizama nə dərəcədə hazır olmasına bağlıdır. Xüsusilə Gürcüstanın məktəblərində pillədən-pilləyə keçid yüngül olmur.
Mənim Gürcüstan və Amerika məktəblərində müşahidəmə əsasən, bizim uşaqların 70 %-i 6 yaşında məktəb üçün hazır deyil və bunun günahı bağça ilə məktəbin heç Tbilisidə belə bir-biri ilə əlaqəsinin olmamasındadır. Bu iki pillə sadəcə bir-biri ilə münasibət qurmurlar. Bağça uşaqlarını gələcək məktəblərinə aparmırlar, məkanla və gələcək müəllimləri ilə bir neçə ay əvvəlcədən tanış etmirlər, məktəb ibtidai sinif şagirdlərinin və bağça uşaqlarının təcrübələrini bir-biri ilə bölüşmələri üçün onları görüşdürmür. Məktəblərin hiperaktiv, autizm spektrli və ya parta arxasında 10 dəqiqədən artıq otura bilməyən, davranış çətinlikləri olan uşaqlar üçün uyğun məkanları, metodları yoxdur. 5-6 yaşlı uşaqlar üçün uyğun yeməkxana və qida modeli yoxdur. Özəl məktəbləri nümunə gətirməyin, onlar istisnalardır və həm də, mənim uşaqlarım Tbilisidə ümumilikdə 5 ən yaxşı özəl məktəb keçiblər, heç birinin sona qədər dolğun sistemi yox idi.
Gürcüstanın ictimai məktəblərində 5 yaşlı uşaqlar üçün hazırlıq kursu yoxdur. Bu, bağçaya getməyən və birbaşa məktəbə qəbul edilən uşaqlar üçün çox mühümdür.
Həmçinin bizdə Amerikada olduğu kimi dövlət xidməti yoxdur: Amerikada demək olar ki, bütün bələdiyyələrdə bu xidmət var. Həmin xidmət uşaqların hazırlıq sinfinə getmək üçün nə dərəcədə hazır olduğunu, hansı bacarıqları inkişaf etdirməli, nə dərəcədə müstəqil olduğunu, qrupla necə münasibət qurduğunu, böyüklərin izahını necə başa düşdüyünü və s. müəyyən edir.
Əslində, uşağı məktəbə aparmaq üçün, ümumiyyətlə, tələsmək lazım deyil. Bu bir il heç nə artırmır və məktəbi bitirəndə 18 yaşında olması, universitetə yetkinlik yaşında girməsi, hətta, yaxşıdır. Sizi məyus etsəm də deyəcəm ki, bizim elə proqramımız var, sizin çox ağıllı uşağınız birinci sinifdə əsnəməkdən yorulacaq, ya da bütün vaxtını inkişaf əvəzinə rutin işlərə sərf edəcək. Çünki ibtidai siniflərdə, ictimai, hətta özəl məktəblərdə də, fərqli yanaşma yoxdur.
Xüsusilə ağıllı uşaqların tez-tez davranış problemləri olur, çünki qaydaları kor-koranə qəbul etməkdə və bütün böyüklərə tabe olmaqda çətinlik çəkirlər. Böyük onların gözündə avtoritet olmalıdır, bu isə Gürcüstanın məktəblərində diqqətdən kənarda qalır. Ona görə, əksinə, əgər sizin uşağınız “Pələng dərisi geymiş pəhləvan”dan sitatlar öyrənir və vurma cədvəlini əzbər bilirsə, onun ünsiyyətinə, fiziki inkişaf aspektlərinə daha çox diqqət yetirməniz yaxşı olar. Vaxtından əvvəl məktəbə aparmağa tələsməyin, aparan zaman isə məktəbdən fərqli yanaşma tələb edin. Bu, onsuz da standartlarımızda yazılıb.
Bunların hamısını boşuna demirəm. Mən özüm eyni səhvə yol verdim. Oktyabrda hiperaktiv uşağı özəl məktəbə apardım və sonra yaşamaq üçün Amerikaya gələnə qədər, üç ilimi onun davranışlarını qaydaya salmağa sərf etdim. Burada məktəb üçün uşağın fiziki, zehni və sosial hazırlığının nə olduğunu gördüm və məktəbə qoymaq qərarını qəbul etmək üçün niyə 5 yaşında uşağın heyrətamiz faktlar bilməyinin vacib olmadığını bildim.
Tələsməyin. Uşağın zehni inkişafı üçün o qədər onlayn resurslar, kitablar, fəallıqlar var ki. Müşahidə edin, uşaq birdən-birə bu qədər səs-küylü, tələbkar məkana keçməyə nə dərəcədə hazırdır. Məktəblərdən isə ağıllı uşaqların ehtiyaclarını təmin etməyi də tələb edin”.
Mənbə: etaloni.ge