Baş nazir İrakli Qaribaşvili Milli Müəllim Günündə çıxışı zamanı müəllim peşəsinin daha çox qiymətləndirilməsi və müəllimlərin fəaliyyətinə daha yaxşı şərait yaratmaq üçün hər şey edəcəklərini qeyd edib.

 

“Müəllim sözünün özü bu statusun nə dərəcədə şərəfli olduğunu deyir. Sizə xüsusi hörmətimi bildirmək istəyirəm: siz ölkəmizin xüsusi vətəndaşlarısınız; ictimaiyyətin, övladlarımızın dövlətçilik təfəkkürünün vətənpərvər şəkildə formalaşdırılması işində əsas rol, funksiya bizim layiqli, əməkdar, qəhrəman müəllimlərimizin öhdəliyinə düşüb.

 

Yeniyetmənin inkişafına və düşüncəsinə, onun dünyagörüşünün formalaşmasına, ailəsi ilə birlikdə ən böyük təsiri siz müəllimlər və məktəb göstərə bilər.

 

İctimaiyyətdə sizin xüsusi rolunuzun qeyd olunması və qiymətləndirilməsi üçün ilk dəfə Milli Müəllim Günü və mükafatı təsis edildi. Təhsil nazirinin təşəbbüsü ilə tarix də simvolik olaraq İakob Qoqebaşvilinin doğum günü seçildi.

 

27 oktyabr təhsil sisteminin inkişafında öz xüsusi töhfəsini vermiş pedaqoqlar mükafatlandırılacaq və onlara 10 min lari pul veriləcək.

 

Təhsilli nəsil bizim ölkənin güclü təməlidir. Onun möhkəmliyində siz ölçülməz rol daşıyırsınız. Yaxşı bilirəm, siz müəllimlər necə böyük əmək verirsiniz.

 

Bizim, hamımızın sevimli müəllimlərimiz var. Onlar bizim düşüncəmizdə vacib iz qoyublar. Hökumət bu böyük əməyi yaxşı dərk edir və bu peşənin prestijini qaldırmaq üçün daha çox iş görməliyik, bunun üçün işləyirik. Pedaqoqların şəraitini yaxşılaşdırmaq üçün davamlı şəkildə işləyəcəyik və 2024-cü ildə nazirlik üçün əlavə olaraq yarım milyard lari pul ayrılacaq.

 

Buradan 160 milyon lari müəllimlərin əməkhaqqının artırılmasına sərf olunacaq. Əməkhaqqı təxminən 500 lari və daha çox artırılacaq”, – deyə İrakli Qaribaşvili bildirib.

 

Mənbə: etaloni.ge