Məktəbdə işləmək çox adamın arzsudur, çünki ilk baxışdan müəllimlik maraqlı peşələrdən biridir. Son illər ərzində müəllim ixtisası daha da prestijli olub. Buna səbəb isə stabil gəlir, peşə inkişafı və normal iş şəraitidir. Ancaq müəllimlik belə asandırmı?! Əgər daxili “mətbəxə” baxsaq, ola bilsin hər şey başqa cür görsənsin.
Məktəblərdə heç kimin ucadan danışa bilmədiyi çox şeylər baş verir. Ancaq müəllimlər “etaloni.ge” ilə şəxsi söhbət zamanı həmkarlar arasında baş verən problemlərdən danışıblar:
Rəqabət – eyni fənn müəllimlərinin bir qismi bir-birini rəqib olaraq qəbul edir. Bunun iki səbəbi var. Birinci, hər biri daha yaxşı olmağa və həmkarından üstünlüyü ilə seçilməyə çalışır. İkinci, müəllimlər eyni zamanda repetitordurlar və məhz buna görə reputasiyalarının qayğısına ikiqat qalırlar. Onlar üçün şagirdlərin onların yanında hazırlıq keçmək istəyi və rəqib müəllimi seçməməsi mühümdür. Qeyd edək ki, sağlam rəqabət rəqibləri gücləndirir, amma təəssüf ki, bəzən həmkarlar başqasının reputasiyasına zərər vurmaqla özlərinə “xal qazanmağa” çalışırlar.
Status – müəllimlər arasında növbəti mübahisə səbəbidir. İllah da ki, bu status kreditlərin toplanması ilə əldə edilibsə. Baxmayaraq ki, kreditlər vasitəsilə status qazanmaq imkanını nazirlik özü müəllimlərə verib. Kompetensiyanı təsdiq etmək üçün imtahanı uğurla vermiş müəllimlər “1 kreditli” və eyni zamanda statuslu müəllimləri özləri ilə bərabər hesab etmirlər. Çünki onlar tədris etdikləri fənn üzrə kompetensiyalarını təsdiq etməyiblər. Digər tərəfdən isə statusunu yüksəltmək istəyən və peşəsində inkişaf etməyin qayğısına qalan müəllimlər bulinq qurbanı olurlar. Belə müəllimlər ambisiyalı hesab olunurlar və sanki hamı nə zaman “onların tərpənib” məğlub olacaqlarını gözləyir.
Saatların bölünməsi – bu məsələ hər tədris ili başlayana qədər mübahisə doğurur. Baxmayaraq ki, status əlavəsi almaq üçün müəllimlərə 15 saat, ibtidai sinif müəllimlərinə isə 13 saat yetərlidir, pedaqoqlar həmişə daha çox yük götürmək istəyirlər ki, əməkhaqları da çox olsun. Buna görə də saatların bölünməsi müəllimlər arasında tez-tez narazılıqlara səbəb olur. Bəzi məktəblərdə rəhbərliyin kimə neçə saat veriləcəyinə qərar verməsi məsələni daha da ciddiləşdirir.
Əlbəttə, sadalanan problemlər bütün məktəblərdə eyni ciddilikdə deyil və bütün müəllimlər də qeyri-kollegial deyil. Ancaq faktdır ki, qeyd olunan mövzular məktəblər üçün yad deyil və bəziləri siyahıda öz iş mühitini tanıyacaq.
Mənbə: etaloni.ge