Müəllim hazırlığı proqramına qəbul yeni tədris ilində müəllimlər imtahanının elan edilməsindən sonra, sentyabrda başlayacaq. Proqrama qeydiyyat cəmi bir neçə gün davam edəcək. Müəllim hazırlığı tədris proqramını keçmək istəyənlərə məsləhət veririk ki, istədikləri universitetin veb-səhifəsinə tez-tez nəzər yetirsinlər.
Proqramın başlamasını daha çox fənn imtahanından uğurla keçmiş müəllim olmaq istəyən şəxslər gözləyir.
60 kreditlik proqram nə deməkdir və qeyd olunan proqramı keçən şəxsə hansı üstünlüklər verilir?
Müəllim hazırlığı proqramı “axtaran” pedaqoqlara baş müəllim statusunun verilməsi üçün vasitədir. Fənn imtahanını uğurla başa vurmuş müəllim olmaq istəyi olanlar da proqramı keçə bilərlər.
Müəllim olmaq istəyi olan, 60 kreditlik proqramı keçən məktəbə baş müəllim statusu ilə daxil olacaq.
Müəllim hazırlığı proqramına qəbul olmaq üçün əsas:
- Fənn imtahanını uğurla vermək;
- Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş imtahanı vermək.
Universitetə təqdim etmək üçün hansı sənədlər lazımdır?
a. Ərizə (yerində yazılır);
b. Gürcü dilində tərcümeyi-hal (CV);
c. Şəxsiyyət vəsiqəsi və onun surəti.
ç. Fənn imtahanını verməklə bağlı imtahana qeydiyyat nömrəsinin, qazanılmış və minimal keçid balının qeyd olunduğu arayış. Müəllim sertifikatı olan halda həmin sənədin notariat qaydası ilə təsdiqlənmiş surəti;
d. İki şəkil və şəklin elektron variantı (CD-də);
e. Bakalavr yaxud ona bərabər keyfiyyəti təsdiq edən sənədin, diplomun notariat qaydası ilə təsdiqlənmiş surəti, yaxud uyğun keyfiyyət dərəcəsinin verilməsi haqqında müvafiq ali təhsil müəssisəsinin verdiyi arayış. Arayışda kvalifikasiyanın verilməsi haqqında qərarın nömrəsi və tarixi qeyd olunmalıdır; Xaricdə təhsil alındığı halda isə Təhsilin Keyfiyyətinin İnkişafı Milli Mərkəzinin verdiyi təhsili tanıma haqqında sənəd;
ə. Hərbi uçotda olmağı təsdiq edən sənəd (yalnız oğlanlar üçün).
Qeyd: sənədlərin etibar edilmiş şəxs tərəfindən təqdim olunması halında etibar olunan şəxs notariat qaydası ilə təsdiqlənmiş etibarnamə göstərməlidir.
Proqramda təhsil almaq pulludur ya pulsuz?
Müəllim hazırlığı təhsil proqramında təhsil almaq dövlət tərəfindən maliyyələşdirilir, ancaq son illər müsabiqə böyük olduğu üçün istəyi olanların bir qismi maliyyələşdirmədən kənar qalır. Universitetlərin böyük hissəsi proqramı keçmək istəyənlərə pullu təhsil də təklif edir, təhsil haqqı isə 2250 laridir.
Universitetlərdə daxili imtahanlar hansı qaydada keçirilir?
Universitetlər qəbul üçün esse və müsahibə kimi müxtəlif növ daxili imtahanlar təklif edir. Ola bilsin, universitet daxili müsabiqə üçün hər ikisini – esse yazmağı və müsahibədən keçməyi təklif etsin.
Hansı universitetlərdə 60 kreditlik proqramı keçmək olar?
Universitetlərin siyahısını və proqrama qəbul istiqamətlərini təqdim edirik. Proqram elan olunduqdan sonra qeyd olunan siyahıya əlavə fənlər də artırıla bilər. Ona görə də, proqramın elan olunmasından sonra istədiyiniz universitetdən təfərrüatları dəqiqləşdirməyiniz məsləhətdir:
- İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (Gürcü dili və ədəbiyyatı, rus dili, ingilis dili, alman dili, fransız dili, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, vətəndaş təhsili, tarix);
- İlia Dövlət Universiteti (Gürcü dili və ədəbiyyatı, riyaziyyat, tarix, vətəndaş təhsili, coğrafiya, biologiya, fizika, ingilis dili,alman dili, rus dili, gürcü dili ikinci dil kimi, musiqi, tətbiqi və təsviri incəsənət, ibtidai (I-IV siniflər; Gürcü dili və ədəbiyyatı, riyaziyyat, təbiətşünaslıq);
- Suxumi Dövlət Universiteti (Riyaziyyat, informatika, fizika, kimya, coğrafiya, biologiya, tarix, gürcü dili və ədəbiyyatı, ingilis dili, alman dili, fransız dili, rus dili);
- Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyası (Musiqi);
- Samtsxe-Cavaxeti Dövlət Universiteti (Riyaziyyat, gürcü dili və ədəbiyyatı, ingilis dili, rus dili, alman dili, tarix və ictimai elmlər, biologiya, coğrafiya, kimya, fizika);
- Şota Mesxia adına Zuqdidi Dövlət Tədris Universiteti (Gürcü dili və ədəbiyyatı, riyaziyyat, ingilis dili, tarix);
- Akaki Tsereteli adına Dövlət Universiteti (Gürcü dili və ədəbiyyatı, riyaziyyat, coğrafiya, biologiya, fizika, kimya, ingilis dili, alman dili, fransız dili, rus dili, tarix, musiqi);
- Yakob Qoqebaşvili adına Telavi Dövlət Universiteti (Gürcü dili və ədəbiyyatı, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix, ingilis dili, alman dili, idman, tətbiqi və təsviri incəsənət);
- Şota Rustaveli adına Batumi Dövlət Universiteti (Gürcü dili və ədəbiyyatı, riyaziyyat, ingilis dili, alman dili, rus dili, fransız dili, fizika, biologiya, kimya, coğrafiya, tarix, vətəndaş təhsili, idman, tətbiqi və təsviri incəsənət);
- Batumi İncəsənət Tədris Universiteti (Tətbiqi və təsviri incəsənət);
- Qori Dövlət Tədris Universiteti (Gürcü dili və ədəbiyyatı, riyaziyyat, ingilis dili, alman dili, biologiya, coğrafiya, tarix);
- Gürcüstan Patriarxlığının Müqəddəs Andria adına Gürcü Universiteti (Gürcü dili və ədəbiyyatı, tarix, riyaziyyat, kimya, fizika, biologiya, ingilis dili);
- Gürcüstan Patriarxlığının Müqəddəs Tbel Abuserisdze adına Tədris Universiteti (Gürcü dili və ədəbiyyatı, tətbiqi və təsviri incəsənət, tarix);
- Gürcüstan Universiteti (Gürcü dili və ədəbiyyatı, ingilis dili, fizika, riyaziyyat, tarix, informasiya və kommunikasiya texnologiyaları);
- Beynəlxalq Qara Dəniz Universiteti (Riyaziyyat, ingilis dili) – (ingilis dilli proqram);
- Şərqi Avropa Universiteti (Gürcü dili və ədəbiyyatı, ingilis dili);
- Avropa Universiteti (Gürcü dili və ədəbiyyatı, riyaziyyat, tarix, vətəndaş təhsili, coğrafiya, biologiya, fizika, kimya, təbiətşünaslıq, ingilis dili, rus dili);
- Gürcüstan Dövlət Bədən Tərbiyəsi və İdman Tədris Universiteti – (İdman).
Mənbə: etaloni.ge
Gürcü dilindən tərcümə: Aynurə ƏLİYEVA