Aleksandre Tsuladze Gürcüstanın yeni təhsil, elm və gənclər naziri təyin edilib. Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze oktyabrın 2-də hökumət administrasiyasında keçirilən brifinqdə açıqlama verib.

 

O bildirib ki, Aleksandre Tsuladze indiyə qədər təhsil, elm və gənclər nazirinin müavini, həmçinin Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzin rəhbəri vəzifəsini tutub.

 

“İlk növbədə Gürcüstanın Baş nazirinə və bütün komandaya göstərdikləri etimada görə təşəkkür etmək istərdim. Sizin komandanızın üzvü olmaq mənim üçün böyük şərəf və məsuliyyətdir. Həmçinin mən cənab Giorgi Amilaxvariyə apardığı bütün islahatlara görə təşəkkür etmək istərdim. Ümidvaram ki, biz bu islahatları bundan sonra da uğurla həyata keçirəcəyik. Bildiyiniz kimi, təhsil ölkənin gələcəyini yaradır və mən inanıram ki, fədakarlıq, zəhmət və məsuliyyət, eləcə də düzgün addımla biz Gürcüstanın daha yaxşı gələcəyini təmin edə biləcəyik”, – deyə Aleksandre Tsuladze bildirib.

 

Qeyd edək ki, Aleksandre Tsuladze İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini və Roma Sapientsa Universitetinin hüquq üzrə magistratura proqramını bitirib. O, həmçinin hüquq elmləri doktoru dərəcəsinə malikdir.

 

Aleksandre Tsuladze 2010-cu ildən Gürcüstanın müxtəlif universitet və təhsil müəssisələrində akademik fəaliyyətlə məşğuldur. O, Kolumbiya Universitetində (Nyu-York, ABŞ) uzunmüddətli tədqiqat təqaüdü, Maks Plank adına Beynəlxalq və Müqayisəli Cinayət Hüququ İnstitutundan (Hamburq, Almaniya) və Gürcüstanın Şota Rustaveli Milli Elm Fondundan tədqiqat qrantları almışdır.

 

O, mübahisələrin həllinin alternativ üsullarına dair monoqrafiyaların, dərsliklərin və məqalələrin müəllifi, həmçinin Gürcüstan Mediatorlar Assosiasiyasının təsisçi üzvüdür.

 

Aleksandre Tsuadze 2019-2023-cü illərdə Ali Məhkəmənin hakimi, 2023-cü il 28 dekabrdan 2024-cü il 31 iyula qədər isə Gürcüstanın təhsil, elm və gənclər nazirinin birinci müavini vəzifəsində işləyib.

 

Xatırladaq ki, Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari 28 sentyabr tarixində istefa verib. O, 2023-cü il martın 20-dən bu vəzifəni tuturdu.