Levan İoseliani 2023-cü ildə təhsil və elm nazirinin dəyişikliyini müsbət fakt hesab edir. Levan İoseliani bir ildir ki, Gürcüstanın Xalq Müdafiəçisidir və parlamentdə fəaliyyəti dövründə təhsil sistemindəki problemli məsələlərə tez-tez münasibət bildirirdi.

 

Ombudsman müsahibəsi zamanı bildirib ki, bu gün təhsildə olan problemlərə qalib gəlmək bir mənbənin qoşulması ilə mümkün olmayacaq və beynəlxalq araşdırmalarda gürcü şagirdlərin yaxşı nəticə göstərməsi üçün bütün tərəflərin, xüsusilə də ailənin iştirakı mühümdür. Təhsildə 2023-cü ilin əsas mövzularından danışarkən Levan İoseliani etnik azlıqları, məktəb direktorları seçkisini, nazirliyin atdığı müsbət addımları xüsusi qeyd edib. Onun sözlərinə görə, bu məsələlərin həyata keçirilməsini Xalq Müdafiəçisi Aparatı müşahidə edəcək. Martda isə Gürcüstan parlamenti Xalq Müdafiəçisinin yeni hesabatını təqdim edəcək. Hesabatda təhsil istiqaməti yeni aksent və konkret araşdırma nəticələri ilə təqdim olunacaq.

 

– Cənab Levan, bu gün Gürcüstan təhsil sistemində kimin hüquqları qorunmalıdır? Xalq Müdafiəçisi 2023-cü ildə və ümumiyyətlə nəyi görür?

 

– Hesab edirəm ki, əsas problemlərdən biri etnik azlıqların inteqrasiyası və onların gürcü dilini öyrənməsi məsələsidir. Təhsil komponentinə nəzər salsaq, onların dövlət dilini bilmələri heç bir standarta cavab vermir. Bu kontekstdə “1+4” proqramını qeyd etmək istərdim ki, çox yaxşı proqramdır, biz bunu həmişə alqışlayırıq, lakin bu proqram həll yolu deyil və ibtidai siniflərdən həll edilməli olan problemi həll edə bilmir. Yekun nəticədə “1+4” proqramı insanın ali təhsil almaq imkanıdır, lakin əsasən (şagird üçün) gürcü dilini öyrənmək və sonra cəmiyyətə inteqrasiya olmaq tamamilə bu proqramdan asılı ola bilməz. Odur ki, bəlkə də “1+4” proqramı vacib komponentlərdən biridir, lakin təhsil sisteminin və etnik azlıqların bu sistemə inteqrasiyasının nəzərdə tutduğu zəncirdə tamhüquqlu proqram deyil.

 

İkinci məsələ bilinqual (ikidilli) dərsliklər, kitablardır ki, keyfiyyəti bir çox hallarda uyğun gəlmir və bu kitablarla öyrənmək təhsilin keyfiyyət standartına cavab verə bilmir. Bu mövzu ilə bağlı bir sıra araşdırmalar apardıq, həmçinin problemlə yerli səviyyədə tanış olduq. Dərsliklərlə bağlı onu deyim ki, Gürcüstanda istehsal olunmuş, müvafiq xidmətlər tərəfindən qriflənmiş kitablardan tədris prosesində istifadə olunması zəruri ilkin şərtdir. Elə hallar var ki, məsələn, Azərbaycandan gətirilən kitablarla gürcü dili və ədəbiyyatı tədris olunur, bu da təbii olaraq Gürcüstanın təhsil sisteminin standartına uyğun gəlmir. Bu məsələ həll olunmalıdır.

 

– Baş nazir ilin xülasəsini təqdim edərkən etnik azlıqların nümayəndələrinin gürcü dilini bilməməsi probleminə də toxundu və bildirdi ki, bilinqual təhsil daha geniş şəkil alacaq, xüsusən də gürcü dilini öyrənəcək vətəndaşların dairəsi genişləndiriləcək. Sizdə hansı nümunələr var və bu vəziyyəti necə düzəltmək olar?

 

– Hazırda biz bu məsələ ilə bağlı monitorinq aparırıq və iki aya yaxındır ki, Xalq Müdafiəçisinin analitik şöbəsi mövzunu araşdırır. Nümayəndələrimiz etnik azlıqların məskunlaşdığı bölgələrə gedir və digər işlərlə yanaşı, bu icmaları araşdırırlar. Yeni ildən sonra vəziyyətin nə olduğunu artıq biləcəyik. Xalq Müdafiəçisinin bu istiqamətdə tövsiyələri mart ayında parlamentə təqdim edəcəyi hesabatda daha ətraflı şəkildə əks olunacaq.

 

İndi deyə bilərəm ki, bilinqual təhsilin keyfiyyəti yaxşılaşdırılmalı və bu, həm bağçalardan, həm də məktəblərdən başlanılmalıdır. Areal mümkün qədər genişləndirilməlidir.

 

Bu üsulla tədrisdən danışanda burada müəllim problemi də ortaya çıxır. Bilinqual təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müəllimlər lazımdır, bu istiqamətdə müəllim çatışmazlığı var. Xalq Müdafiəçisi öz hesabatında bunu dəfələrlə qeyd edib. Müəllim hazırlığı məsələsi ayrıca problemdir ki, ölkədə bilinqual təhsillə bağlı olan bu vəzifələrin öhdəsindən gəlmək üçün daha intensiv şəkildə həyata keçirilməlidir. Onu da əlavə etmək istərdim ki, biz digər ölkələrdə bilinqual təhsilin ən yaxşı təcrübələrini araşdırırıq və bu təcrübələri aparılan tədqiqat çərçivəsində ümumiləşdirəcəyik.

 

– 2023-cü ildə dövlət kimin hüquqlarını lazım olduğu kimi qoruya bilmədi?

 

– Düşünürəm ki, işğal xəttindən kənarda yaşayan uşaqların, tələbələrin, abituriyentlərin təhsilinin keyfiyyətinə daha çox diqqət yetirilməlidir. Onlara daha çox imkan vermək lazımdır, çünki bu insanlar artıq təhlükəsizlik baxımından böyük çətinliklər altında yaşayırlar. Bu, təbii ki, mühiti çox həssaslaşdırır və orada təhsil komponentinə xüsusi diqqət yetirilməlidir. Söhbət təkcə məktəb təhsilindən getmir, mən qeyri-formal təhsili, onların idmana cəlb olunmasını təmin edən xüsusi proqramları da nəzərdə tuturam ki, bu uşaqlar yerində bunları əldə etsinlər və hamısı başqa şəhərlərə köçməli olmasınlar. Çünki bu əlavə xərclər və çətinliklər ehtiva edir. Məsələn, Perevidə yaşayan gənc Tbilisiyə gəlməsi üçün ev kirayələməli, müvafiq məkan tapmalıdır və bu, onlar üçün çox çətindir. Üstəlik, orada yaşayan sakinlər təhsillə bağlı bir sıra güzəştlərə sahibdirlər və bu xidməti ən yüksək keyfiyyətlə əldə etmək imkanına malik olmalıdırlar. Bu, həm məktəbəqədər, həm məktəb, həm də universitet təhsilinə aiddir.

 

– 2023-cü ildə məktəb direktorluğuna namizədlərin etiraz aksiyasını və aclıq elan edən müəllimin davamlı kampaniyasını gördük...

 

– Düşünürəm ki, məktəb direktorlarına münasibətdə ən ədalətli yanaşmadan istifadə edilməlidir. Kiminsə öz maraqlarının olduğunu kimsə düşünməməlidir...

 

Onlarla görüşdüm, bu insanlarla danışdım və bir çox hallarda onlar üçün verilən qərar tamamilə anlaşılmazdır. Onlarda belə bir hiss olmamalıdır ki, Təhsil Nazirliyi hansısa əlamətə görə, istər siyasi loyallıq, istərsə də, bilmirəm, başqa səbəbdən qərar verir. Burada direktorların yenidən təyinatı prosesinin şəffaf, mümkün qədər demokratik olması və bu insanların maraqlarının, onların qayğılarının nəzərə alınması ən vacib məsələlərdən biridir.

 

– Parlamentdə işlədiyiniz dönəmdə tez-tez maarifləndirici məsələlərə münasibət bildirmisiniz və bu istiqamətdə fəallıq göstərmisiniz. Bəs bu gün, son bir ildə sistemdə hansı müsbət mesajları və ya addımları görmüsünüz və onların icra edilməsini nə dərəcədə gözləyirsiniz?

 

– Nazirin etdiyi dəyişikliklə yanaşı, gördüyüm müsbət cəhətlərdən biri də nazirin məktəblərə, qəyyumlar şuralarına daha çox müstəqillik verməsi və qərarların qəbulunun yerində baş verməsi ilə bağlı istəklərini söyləməsidir. Bunu alqışlayıram, amma təbii ki, bu vədlərin necə yerinə yetirildiyini görəcəyik. Müəllimlərin əməkhaqlarının artmasını müsbət hesab edirəm, çünki hətta artırılacaq əməkhaqqı da, fikrimcə, inflyasiya və ehtiyac fonunda yetərli deyil, amma, hər halda, müəllimin baza əməkhaqqı layiqli olmalıdır ki, nədənsə danışa bilək.

 

Milli təhsil planı çərçivəsində məktəblərə veriləcək müstəqillik komponenti və təbii ki, şagirdlərin valideynlərinin məktəb qəyyumlar şuralarına daha yaxşı cəlb olunması məsələsi qeyd olunmalıdır. Təəssüf ki, bir çox hallarda iştirak çox formal xarakter daşıyır və bu da sistemli problemdir, çünki onların iştirakının heç bir nəticə vermədiyini (valideynlər) görəndə iştirak azalır. Müstəqillik komponenti yaxşılaşarsa, təbii ki, valideyn ən çox övladının təhsilinin keyfiyyəti və onların cəlb edilməsi ilə maraqlanır, onların iştirakı da təmin ediləcək. Bu, prosesə təkan verəcək və məktəblərə zəncirvari şəkildə keçərsə, həqiqətən də valideynlərin təhsil sisteminə münasibəti kökündən dəyişəcək, keyfiyyəti yüksələcək. Mən inanıram ki, valideynlərin iştirakı olmadan, təkcə nazirlik, təkcə hökumət, kim olmasından asılı olmayaraq və müəllimin əməkhaqqının artırılmasından asılı olmayaraq, nəticəni təmin edə bilməz, çünki yekun nəticədə uşağın keyfiyyətli təhsil alması valideynin marağına daxildir.

 

– Valideynlər məktəblərdə pulsuz yeməyin tətbiqini tələb edirlər, bu haqda mövqeyiniz necədir?

 

– Razıyam ki, məktəbdə yemək olmalıdır, amma birmənalı şəkildə deyə bilməzdim ki, hər yerdə pulsuz yemək olmalıdır, çünki başqa ölkələrin təcrübəsinə nəzər salsaq, hər yerdə yeməyin pulsuz olması o qədər də tətbiq edilmir.

 

Hesab edirəm ki, əsasən, bütün bələdiyyələrin uşaqların ehtiyaclarının nə olduğunu bildiyi regionlarda kiməsə qida komponenti əlavə etmək lazımdırsa, bələdiyyə bunu etməlidir. Bunu dövlət səviyyəsində həll etmək lazım deyil. Bir çox hallarda, məsələn, Tbilisidə bu mümkün qədər səmərəli olmaya bilər, amma haradasa lazımdır.

 

İstəmirəm ki, pulsuz yemək məsələsi bəzi populist bəyanatlar səviyyəsində qalsın. Bunun üçün araşdırma lazımdır... Məsələn, Acarada, Quriyada, Svanetidə uşaqların qidalanması ilə bağlı problemlər varsa və buna görə də təhsil istiqamətində başqa problemlər mövcuddursa, orada bələdiyyə bu məsuliyyəti öz üzərinə götürməlidir. Hə, köçürmələrin verilməsini mərkəzləşdirmək olar, amma Gürcüstanda bütün məktəblərdə pulsuz yemək tətbiq etmək, bilmirəm, bu sovet vaxtı da belə deyildi, o vaxt da yadımdadır, pul verirdik, 15 qəpik idi...

 

Bu (bütün məktəblərdə pulsuz yeməklərin tətbiqi), həll yolu deyil, biz problemi görüb yerlərdə o problemlə mübarizə aparmalıyıq. Effektiv şəkildə necə həll edəcəyimizi müəyyən etməliyik. Bundan əlavə, qidalanmanın özünəməxsusluğu var, hər kəsin eyni qidaya ehtiyacı yoxdur, bölgədən asılı olaraq fərqli olan konkret uşaqların və xüsusi məktəblərin ehtiyaclarını nəzərə almalısınız, rasion, bir çox başqa detallar da vacibdir.

 

Pulsuz yemək ehtiyaca əsasən verilməlidir, əgər konkret kənddə uşaqlar üçün bu ehtiyac varsa, orada pulsuz yemək lazımdır. Mən birinci eksperimental məktəbin qarşısında yaşayıram, oraya nə qədər uşaq gəlirsə o qədər də “Cip” gəlir. Maşını saxlayırlar, uşağı düşürüb məktəbə buraxırlar. Onların uşaqlarının qidalanma problemi olduğunu düşünmürəm, ona görə də ümumi yanaşmanın düzgün olacağını hesab etmirəm.

 

– Nəhayət, qeyd etdiyiniz məsələləri nəzərə alaraq, Xalq Müdafiəçisinin təhsil ictimaiyyətinə Yeni il arzuları nədən ibarətdir?

 

– Bilirəm ki, bunu bir ildə etmək olmaz, amma arzum o olardı ki, Gürcüstan növbəti PISA tədqiqatının nəticələrinə görə qabaqcıl yerlərdən birində olsun. İstedadlı xalqımızın, millətimizin, övladlarımızın o nəticələrə nail ola bilməməsi və ölkənin sonuncu yerdə təmsil olunması məni çox üzür. Ümid edirəm ki, bu dəyişəcək, lakin bunun üçün hər kəsin iştirakı lazımdır. Ailə çox önəmlidir, uşaq üçün heç kim ailənin görəcəyi işi görə bilməz.

 

Ailədən sonra məhz Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi gəlir və ən azı skrininq keçirməlidirlər ki, şagirdlərin qabiliyyəti düzgün müəyyən olunsun. Bu bütün dünyada belədir, uşaqların görmə qabiliyyətinin öyrənildiyi xüsusi proqramlar var, digər növ tədqiqatlar aparılır ki, bu da son nəticədə onların idrak keyfiyyətinə təsir göstərir. Həm də iştirak baxımından, təbii ki, Daxili İşlər Nazirliyini də cəlb etmək lazımdır, bu da uşaqlar üçün təhlükəsiz mühiti təmin etməlidir. Mən zorakılıq komponentini və konkret icmada problem olan və adekvat, effektiv cavab tələb edən erkən nikahlar məsələsini nəzərdə tuturam.

 

Əsas arzu odur ki, daha savadlı gələcək nəsil yetişsin, Gürcüstan beynəlxalq təhsil araşdırmalarında ön sıralarda təmsil olunsun.

 

Mənbə: edu.aris.ge

Gürcü dilindən tərcümə etdi: Aynurə Əliyeva