Bir səhər güclü yağış yağırdı və məktəbə getməyə çox ərinirdim. Anamın halı pisləşdi, təcili yardım çağırdıq. Atam yenə də məni məktəbə göndərdi. Məktəbə qədər elə yavaş addımlarla yeridim ki, dərsə çatanda paltarım son sapına qədər islanmışdı. Müəllim gecikdiyimə görə bir-iki acı sözü sifətimə şillə kimi vurdu və öz partamda əyləşdim. Pəncərədən qovaq ağacının çılpaq budaqları görünürdü. Anamı düşünürdüm: rəngi necə pisləşmişdi, çarpayıda necə sönük baxışla uzanmışdı. Kaş gəlməzdim, binanın yanında, təcili yardım maşınının yaxınlığında gizlənərdim, həkimlər çıxanda anamın necə olduğunu soruşardım. Bəlkə atam məndən nəyisə gizlədir, soruşub elə gələrdim, deyə düşündüm.

 

Bu barədə fikirləşirdim və birdən direktor müavini sinfin qapısını açdı: “Bizə məlumat çatıb ki, sən demə, bu sinifdə bitli uşaqlar oxuyurlar və yoxlamalıyıq”. İki nəfər müəllimi də köməkçi gətirmişdi. Başımızı partaya qoydurdular və saçlarımızın arasında eşələnməyə başladılar. Sonra üç uşağın soyadını elan etdilər, həmçinin mənim: “Bitləri təmizləmədən sizi məktəbdə görməyim!” – deyə qışqırırdılar. Bitim olduğunu heç bilmirdim də.

 

Zəng çalınan kimi qalan bütün dərsləri buraxdım və qaça-qaça evə gəldim. Anam yaxşı idi. Pəncərənin qarşısında oturub çay içirdi. Anamdan heç nə gizləmirəm. “Başımda bit var imiş, bunu bütün sinifdə elan etdilər, utandım, evə qaçıb gəldim” – dedim. Çay içməyini dayandırdı, hörüyümün ucundan tutub başımı özünə çəkdi və saçlarımın arasına baxdı: “Hə, var, amma sabaha kimi təmizləyəcəm. Sabah məktəbə get və uşaqlara de ki, səhv ediblər!” “Sənin halın pisdir axı?” – dedim. “Heç nə olmaz”, – deyə cavab verdi.

 

Yataq otağına getdim ki, islanmış paltarımı dəyişim. Qayıdanda anam yatmışdı. Çarpayıya uzanıb və yuxuya gedib. Oyada bilmədim. Başının üstündə oturdum və birdən haradasa oxuduğum yadıma düşdü ki, əgər adamın biti varsa və o ölürsə həmin bitlər ölmüş şəxsin başından dərhal qaçırlar. Bunu təsəvvür etmək məni dəhşətə gətirdi, özümə yer tapa bilmirdim. Həm də düşünürdüm ki, sabah məktəbə getməsəm uşaqlar əmin olacaqlar ki, həqiqətən də bitim var. Anam gecə yarısı oyandı, dərhal qalxdı və saçlarımı təmizləməyə başladı. Səhəri belə açdıq.

 

Səhər məktəbə gedəndə sinif rəhbərimiz də, uşaqlar da təəccübləndilər: “Bitlilərə məktəbə gəlməyi qadağan etmişdilər axı?” Qalanları gəlməmişdi, təkcə mən idim. Yalan deməyə heç utanmadım da: “Venera müəllim yanılıb, ya da yalan deyib. Mənim bitim filan yoxdur!” Sinif rəhbəri quduza döndü: “Başını göstər, baxım!”. Onunla birlikdə bütün sinif başıma tökülüşdü və saçlarıma baxdılar. Saçlarımın təmiz olduğunu görüb əl çəkdilər. Qalan bitli uşaqlar bir həftə məktəbə gəlmədilər, onlar dərsə gələndə isə bütün sinif onlara gülürdü.

 

Bu məktubu indi bir məqsədlə yazmışam və məktəbdə qoyuram, ümid edirəm ki, ünvanına çatacaq:

 

Venera müəllim, mən artıq tələbəyəm. Müəllim olmağı düşünürəm və dəqiq bildiyim bir şey var: SİZƏ OXŞAMAMALIYAM! Dəqiq bilirəm, heç vaxt uşağı ictimai, yaxud da qeyri-ictimai şəkildə məsxərəyə qoymaq fikri başımdan keçməməlidir. Ürək beyinə bunu etməyə icazə verməməlidir. Başda bitlərin qaçmasının qarşısını almaq isə asandır. İndi mənim saçımın çox gözəl rəngi var. İndiyə qədər olduğundan daha qızılı saçlarım var. Neçə ili çalışırdım ki, sinfin qapısını az qala sındırdığınız o günü unudum, sonra başa düşdüm: əksinə, heç vaxt və xüsusən də indi, müəllim olmağa hazırlaşdığım vaxt o günü unutmamalıyam.

 

Müəlliflər: Maia Sarişvili, Aleks Çiqvinadze.

“Mənimlə dostluq et! Məktəbdə təkəm!” kitabından.

Kitab məktəb şagirdləri tərəfindən təqdim edilmiş real hekayələrə əsaslanır və İlia Ədalət İnstitutunun “Məktəbdə bulinqə qarşı sistem yaradılması üçün advokatlaşdırma/ “Mənimlə dostluq et! Məktəbdə təkəm!” layihəsi çərçivəsində hazırlanıb. Layihə “Açıq Cəmiyyət – Gürcüstan”ın maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Mənbə: edu.aris.ge