Son illər Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq daha da genişlənir. İki ölkənin təhsil nazirlərinin Tbilisidə baş tutan görüşü də elə bunun bariz nümunəsidir. Görüşdə həm ümumi təhsillə, həm də ali təhsillə bağlı yeni layihələr, universitetlərarası tərəfdaşlığın gücləndirilməsi və bu kimi məsələlər müzakirə olunub. Bu cür görüşlər onu göstərir ki, hər iki ölkə təhsil sahəsində uzunmüddətli, davamlı əməkdaşlıq qurmaq niyyətindədir. Lakin mənim fikrimcə, bu planların real həyata keçməsi yalnız rəsmi görüşlərdən deyil, həm də məktəblər və universitetlər səviyyəsində görüləcək konkret işlərdən asılıdır.
Görüş haqqında verilən rəsmi məlumatlara görə, Gürcüstanın təhsil naziri Givi Mikanadze qonaqlara ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib. Eyni zamanda Emin Əmrullayev Gürcüstanla təhsil sahəsində birgə layihələrə tam hazır olduqlarını bildirib. Bu açıqlamalar ümumilikdə optimist görünür. Lakin kağız üzərində yazılan planların real həyatda necə nəticə verəcəyini zaman göstərəcək...
Keçirilən görüşlər haqqında yayımlanan xəbərlər arasında mənim üçün maraqlı olan Gürcüstanda yaşayan azərbaycanlıların təhsil sisteminə nəzər salmalarıdır. Azərbaycanın təhsil naziri də vurğulayıb ki, Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır və onlar həm öz ana dillərini, həm də dövlət dili olan gürcü dilini yaxşı öyrənməlidirlər. Bu fikir çox doğrudur. Çünki dil bilmədən nə məktəbdə uğur qazanmaq olur, nə də universitetdə rahat təhsil almaq mümkündür. Amma mənim şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, azərbaycandilli məktəblərdə dil problemi təkcə dərs saatlarının azlığından irəli gəlmir. Mənim oxuduğum məktəbdə gürcü dili həftədə beş dəfə tədris olunurdu. Amma müəllimin dərsə bəzən gəlməməsi, dərslərin səs-küylü keçməsi və şagirdlərin motivasiyasının aşağı olması səbəbindən bu saatların real faydası çox az olurdu. Dərsin necə keçirilməsi, müəllimin məsuliyyəti və məktəbin ümumi mühiti daha həlledici amildir. Bu çatışmazlıqları hiss etdiyimdən əlavə kurslara getdim və dili praktik şəkildə öyrənməyə başladım. Həmin dövrdə ən böyük kömək isə “1+4” proqramı oldu. Bu proqramın əsas prinsipi ondan ibarətdir ki, bir il ərzində intensiv şəkildə gürcü dilini öyrənirsən, sonra isə dörd il (ixtisasdan asılı olaraq) istədiyin ixtisas üzrə təhsil ala bilirsən. Mən bu proqram sayəsində universitetə daha inamla daxil oldum və dərslərdə dil baxımından çətinlik çəkmədim. Bu sistem həqiqətən də yüzlərlə azərbaycanlı gənc üçün real imkan yaradıb. Lakin mən düşünürəm ki, “1+4” proqramı problemi tam həll etmir. Məktəbdə dilin əsası yaxşı qoyulmadıqda gənclər hələ də əlavə səylərlə özlərini inkişaf etdirməli olurlar. Ona görə də əsas diqqət yalnız universitet mərhələsinə deyil, məktəb mərhələsinə də yönəlməlidir.
Gürcüstan hökumətinin son qərarı isə təhsil sahəsində daha geniş dəyişiklik vəd edir. Baş nazir İrakli Kobaxidze bildirib ki, 2026-cı ildən etibarən dövlət universitetlərində təhsil tamamilə pulsuz olacaq və dövlət imtahanlarını verən hər bir tələbə ödənişsiz təhsil ala biləcək. Bu qərar, fikrimcə, ölkədə böyük sosial dəyişiklik yaradacaq. Maddi imkanı olmayan gənclər üçün ali təhsil daha əlçatan olacaq. Ailələr ödəniş yükündən azad olacaq və daha çox tələbə istədiyi sahədə təhsil almağa cəsarət edəcək. Bu addım həm ölkənin iqtisadi inkişafına, həm də gənclərin gələcək karyera imkanlarına müsbət təsir göstərə bilər.
Ümumilikdə isə, həm Azərbaycan-Gürcüstan təhsil əməkdaşlığı, həm “1+4” proqramı, həm də 2026-cı ildən tətbiq olunacaq pulsuz təhsil qərarı gənclər üçün geniş imkanlar yaradır. Kağız üzərində, dildə dedikdə hər biri çox yaxşı planlardır. Ancaq bu addımlar düzgün və ardıcıl şəkildə həyata keçirilərsə həm azərbaycanlı gənclər, həm də ümumilikdə Gürcüstan təhsil sistemi daha güclü inkişaf edəcək. Əsas məsələ kağız üzərində yazılan planların real həyatda da düzgün tətbiq olunmasıdır. Görülən işlər məktəbdən başlayıb universitetə qədər uzanmalıdır ki, gənclər dil biliklərini, akademik bacarıqlarını, həm də şəxsi inkişaf imkanlarını maksimum dərəcədə istifadə edə bilsinlər.
Validə Fətullayeva