Təhsilin və mədəniyyətin bir-biri ilə qarşılıqlı əlaqəsi müasir dünyanın dəyişən tələblərinə cavab verən və cəmiyyətə inteqrasiya olmaq bacarığına malik insan yetişdirməkdə əvəzsizdir. Təhsilin və tərbiyənin mədəni, eləcə də mənəvi xarakter daşıması uşaqların inkişafına yönəlmiş fəaliyyət prosesi olaraq onların formalaşmasında mühüm rol oynayır. Tərbiyənin ən vacib funksiyalarından biri uşaqların sosiallaşmasına yardım etmək, bu prosesi düzgün və məqsədyönlü şəkildə aparmaqdır. Uşaqların tərbiyəsində əsas məqsəd mənəvi və mədəni dəyərlərin düzgün mənimsənilməsidir. Bu, şəxsiyyətin formalaşmasını, eləcə də uşaqların cəmiyyətə inteqrasiya prosesini sürətləndirən bir mərhələdir. Uşağın cəmiyyətə inteqrasiya prosesi onun yaşadığı ailədə və sosial çevrədə özünü necə hiss etməsindən asılıdır. Məhz buna görə ailənin və məktəbin rolu əvəzsizdir.
Tərbiyə uşağın inkişafına, onun həyatda öz yerini tutmaq bacarığının yaradılmasına, müxtəlif insan qrupları ilə münasibət qurmaq bacarığının yaradılmasına yönəlmiş proses olaraq çoxşaxəlidir. Tərbiyə məqsədyönlü proses olaraq uşağın inkişafının ilk mərhələlərindən başlayır və ilk öncə ailədə, sonra isə məktəbdə davam edir. O, məktəb divarları arasında daha mükəmməl xarakter alaraq uşağın intellektual, mədəni və mənəvi inkişafını hədəf tutan önəmli bir prosesə çevrilir. Fikrimcə, məktəbəqədər və məktəb yaşlı uşaqların mədəni dəyər və davranışları müşahidə etdikləri, eləcə də nümunə götürəcəkləri ortamın olması mütləqdir. Uşaqların ilk öncə ailədən başlayan, sonra isə məktəbdə davam edən inkişaf prosesi məhz ailənin və məktəbin birgə əməkdaşlığı nəticəsində daha effektiv xarakter alır.
Mən bu yazımda teatr və onun uşaqların formalaşmasında olan müstəsna rolundan bəhs etmək istəyirəm. Teatr ən rahat və əlçatan mədəni istirahət yeri olaraq uşaqların inkişafına xidmət edir, onları cəmiyyətdə qəbul olunmuş ümumi davranış mədəniyyəti ilə tanış edir. Teatr bir mədəniyyət məbədi olaraq mədəni dəyərlər aşılamaqla yanaşı uşaqlarda əməkdaşlıq etmək bacarığı, nitq, təxəyyül, fantaziya və yaddaşı inkişaf etdirir. O, eyni zamanda insan münasibətlərində düzgün mövqe tutmaq, uşaqlarda hisslərini düzgün ifadə etmək, intellektual və yaradıcı təfəkkürlərinin formalaşmasında əvəzsiz rol oynayır. Qeyd etmək istəyirəm ki, gənc tamaşaçı səhnədə izlədiyi obrazları müşahidə edərək pis və yaxşını görmək, xeyirxahlıq, empatiya, yardımsevərlik, öz hisslərini düzgün ifadə etməyi öyrənir.
Mən hazırda mövcud olan və Qardabanidə yerləşən ilk uşaq teatrnın adını çəkmək istəyirəm. “BEEZ” adlı ilk uşaq teatrı Binəli İslamoğlu tərəfindən yaradılıb və mövcud çətinliklərə baxmayaraq bir-birindən maraqlı tamaşalar hazırlayıb, gənc tamaşaçılara təqdim edir. Binəli bəyin öz evində yaratdığı teatr Gürcüstanda və onun hüdudlarından kənarda kifayət dərəcədə tanınır. Qeyd etmək istəyirəm ki, “BEEZ” uşaq teatrının gənc tamaşaçıya yaşatdığı hisslər möhtəşəmdir.
2 fevral tarixində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində teatrın “Tıq-tıq xanım” tamaşasının premyerası oldu. Çoxlu sayda uşaqların iştirak etdiyi tamaşanın premyerası onların yaddaşında əvəzolunmaz iz buraxdı. Bu və bu kimi mədəni tədbirlərdə iştirak etmək müəllimlərimizin əməyi sayəsində ənənə halını alıb. Tədris ili müddətində uşaqlarla aparılan maarifləndirici söhbətlər nəticəsiz qalmır.
Muxrana və Çapala kəndlərinin ümumi məktəblərində çalışan müəllimlərin apardıqları maarifləndirici təbliğatdan bəhs etmək istəyirəm. Bolnisi bələdiyyəsinin məktəblərindən Muxrana ümumi məktəbinin müəllimləri olan Elvina Məmmədova, Aliyə Rəhimova və Leyla Nadirovanın, Çapala ümumi məktəbinin müəllimləri Fənurə Musayeva və Nənəxanım Bayramovanın gördükləri işlər, uşaqlarla apardıqları maarifləndirici söhbətlər çox önəmli olmaqla yanaşı, həm də çox vacib hesab etmək olar. Məhz onların fəaliyyəti nəticəsində onlarla uşaq teatr, ən vacibi isə ilk uşaq teatrı olan “BEEZ” teatrı haqqında ətraflı məlumat alıblar. 2 fevral tarixində baş tutan premyera gənc tamaşaçıya unudulmaz anlar yaşatdı. Ən xoş olan isə uşaqların teatra bir də gəlmək istəyirik demələri oldu. Bunun üçün müəllimlərin rolu böyükdür. Onların maarifləndirici və təşkilati fəaliyyəti nəticəsində uşaqlar unudulmaz anlar yaşadılar. Müəllimlərimizin öz fəaliyyətlərində uşaqların mədəni dəyərləri mənimsəmələrində, eləcə də intellektual və mənəvi inkişafları istiqamətində gördükləri işlər və həyata keçirdikləri lahiyələr məktəb rəhbərliyi və valideynlər tərəfindən həmişə dəstəklənib. Buna görə onlara çox sağ olun, əziz müəllimlərimiz, deyirəm.
Qeyd etmək istəyirəm ki, uşaqların mədəni davranışları mənimsəmələri, eləcə də onlara mənəvi dəyərlərin aşılanması üçün müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Ailədən başlayan təkamül yolu məktəbdə daha da zənginləşərək gənc nəslin düzgün tərbiyəsini yönləndirir. Uşaqların intellektual və mədəni inkişafında teatrın əvəzsiz töhfələr verdiyi kimi, digər incəsənət növləri də əvəzsiz rol oynayır. Bunu nəzərə alaraq, gənc nəslin düzgün yetişməsində onlar bütün incəsənət sahələrinin fəaliyyəti ilə yaxından tanış olmalı, ondan bəhrələnməlidirlər. Fikrimcə, bu məktəbin və ailənin birgə əməkdaşlığı nəticəsində daha effektiv xarakter daşıya, cəmiyyət üçün daha faydalı ola bilər.
Mən Muxrana ümumi məktəbinin gənc müəllimleri Leyla Nadirovaya, Elvina Məmmədovaya və Aliyə Rəhimovaya, eləcə də Çapala ümumi məktəbinin müəllimləri Elanora Musayevaya və Nənəxanım Bayramovaya bu müqəddəs işlərində – pedaqoji fəaliyyətlərində uğurlar arzulayıram! Onların gələcəyimiz olan uşaqların cəmiyyətə faydalı şəxsiyyətlər kimi formalaşmasında çəkdikləri zəhmət əvəzsizdir! Çox sağ olsun, əziz müəllimlər!
Leyla Nəbiyeva-Yusifova