Yalnız peşə sahəsində deyil, həm də maraq sahəsində dünya rekordlarını qırmış müəllimlər Ginnesin Rekordlar Kitabında öz uğurlarını və adlarını əbədiləşdirə bilmişlər. Sizi Ginnesin Rekordlar Kitabına düşmüş müəllimlərlə tanış etmək istəyirik. Tanış olun:

 

Cefri Şnayder

Avstraliyalı müəllim dünyada ən yaşlı pedaqoq kimi 2012-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb.

Sidneyli müəllim və ruhani məktəbdə 74 il dərs deyib. 2014-cü ildə 101 yaşında təhsil sistemini tərk edib. Çünki Cefri müəllim işlədiyi kollecə getməkdə çətinlik çəkirmiş. Ancaq o, müəllimliyi tərk etməyib və distant təhsilə davam edib.

“Düşünürəm ki, hələ də yaxşı müəlliməm. Hələ də nəyisə tədris edə bilərəm” – deyir Cefri müəllim.

O, 2012-ci ildə, 99 yaşında rekordlar kitabına düşüb.

 

Aşa Qopal

Hindistanlı Aşa Qopal Ginnesin Rekordlar Kitabına 2016-cı ildə düşüb. O, 35 il ərzində 200 nəfərə ən qədim rəqs olan “Bharatnatyam” rəqsini öyrədib.

Bu rəqsin öyrədilməsinin çətinliyi və unikallığı odur ki, rəqqaslara rəqs texnikasını mənimsəmək üçün təxminən 10 il lazım olur.

“Bharatnatyam” təxminən 3000 il əvvəl yaradılıb. Rəqs simvolik olaraq hind allahlarının demonlarla mübarizəsini təsvir edir. Hesab olunur ki, mübarizənin nəticəsi rəqsi ifa edənin ustadlığından asılıdır.

Aşa Qopalın sözlərinə görə, rəqqas yalnız bütün hərəkətləri unikal yerinə yetirməməlidir, həm də tamaşaçının fikrini rəqsin ilahi əhəmiyyətinə yönləndirməlidir.

 

Kristian Herba

Polşalı müəllim Kristian Herba 2015-ci ildə rekorda imza atıb. O, velosipedlə 3 139 pilləkanı yuxarı qalxıb.

İdman müəllimi öz uğurlarını Ginnesin Rekordlar Kitabında demək olar ki, hər il yeniləyir. Kristian müəllim velosipedlə dünyanın ən yüksək binalarının pilləkanlarına qalxmaqla tanınıb. O, artıq Dubay, Melburn və Şanxay göydələnlərində olub.

 

Daniel Alkon

İspaniya məktəbində işləyən britaniyalı pedaqoq, təəccüblü olsa da, rep oxumaqla Ginnesin Rekordlar Kitabına düşüb. Repçi müəllim 2022-ci ildə rekorda imza atıb. O, 39 saat 37 dəqiqə 54 saniyə rep oxuyub.

35 yaşlı Daniel Alkon səhnə təxəllüsü olaraq “DAlcon”dan istifadə edir. Ən uzun fərdi rep-maratonunun müəllifi rekordu yalnız ikinci cəhddə bacarıb. 2021-ci ildə o, 35 saatlıq çıxışı ilə Amerikalı repçi “Watsky”nin nəticəsinə (33 saat 33 dəqiqə və 16 saniyə) üstün gəlib. Amma sonradan aydın olub ki, dünya rekordunu artıq İrlandiyalı Liam Rivz qazanıb və o 36 saat rep oxuyubmuş. Daniel müəllim dayanmayıb və Ginnesin Rekordlar Kitabının müşahidəçilərini yenidən çağırıb. Nəticədə repçi müəllim iki gecəni səhərə oyaq qalmalı olub, amma istədiyi nəticəni əldə edərək öz adını məşhur kitaba yazdırıb.

Mənbə: etaloni.ge

Gürcü dilindən tərcümə: A.Əliyeva