Yadımdadır, 9-cu sinifdə oxuyarkən biologiya dərsində “İnsan orqanizminin inkişafı” fəslinə, daha dəqiq, “Çoxalmaq və inkişaf”, “İnsanın cinsiyyət sisteminin quruluşu”, “Cinsi yetişkənlik. Yeniyetmə dövrünün xarakteristikası”, “Bətndaxili inkişaf. Mayalanma. Hamiləlik. Rüşeym və onun inkişafı” başlıqlı paraqraflara gələndə biologiya müəllimi 8-9 səhifədən ibarət olan bütöv bir fəsli buraxıb yeni fəsildən dərsə davam etdi.

 

Aşağıda haqqında danışacağım problemin mənbəyi bəlkə də elə buradan başlayır – bu 8-9 səhifəlik bir fəslin üzərindən yox imiş kimi keçməkdən. Bəlkə biologiya müəllimi adıçəkilən paraqraflarda mövzuya aid illustrasiyalara, şəkillərə baxıb gülüşən, şitləşən, səs-küy salaraq dərsi pozan şagirdlərdən canını qurtarmaq üçün bütöv bir fəslin üzərindən keçir; bəlkə də utandığından, oğlu, qızı yaşda uşaqlardan həya etdiyindən; bəlkə də digər mental və Tantal səbəblərdən... dəqiq deyə bilmərəm, bunu onların özündən soruşmaq lazımdır. O ki qaldı insan orqanizmi ilə bağlı bütöv bir fəslin üzərindən hoppanmaq üçün bu cılız “arqumentlərə”, bunun da günahkarı müəllimlər özüdür.

 

Əvvəla, müəllimlər (bütün fənn müəllimləri) şagirdləri 9-cü sinfə qədər elə yetişdirməli, təhsil və bilik, təlim və tərbiyə verməlidirlər ki, “insanın cinsiyyət sisteminin quruluşu”, “spermatozoid”, “mayalanma”, “hamiləlik” və bu kimi söz və söz birləşmələrinə kitabda rast gələndə şagird hırıldayıb dərsi pozmasın, bu mövzulara aid illustrasiyalara baxanda şitləşməsin, özünü görməmiş primatlar kimi aparmasın. İkincisi də, müəllim fənnə aid olan proqramı tam tədris etməlidir, özünün və hansısa tərbiyəsiz şagirdin “əxlaq” prinsiplərinə uyğun yox. Yox, əgər bu fəsil tədris edilməyəcəkdirsə, müəllimlər yığılsınlar və fəslin dərslikdən çıxarılması üçün aidiyyəti orqanlara etirazlarını bildirsinlər, mitinqlər keçirsinlər, aclıq aksiyası elan etsinlər.

 

Əxlaq demişkən, biz niyəsə əxlaq deyəndə həmişə qurşaqdan aşağını nəzərdə tuturuq. Bəlkə doğrudan da əxlaqımız elə qurşaqdan yuxarı – ürəyimizə, beynimizə qalxa bilmir və ya qaldıra bilmirik. Söhbət ürəkdən, beyindən getmişkən, bəlkə doğrudan da biologiya müəlliminin “İnsan orqanizminin inkişafı” fəslinin üzərindən keçməsinin zibilinə düşmüşük. Natamamlıq kompleksimizin sirri də bu 8-9 səhifədə gizlənir. Axı ürək də, beyin də insan orqanıdır. İnsanı necə natamam, yarımçıq öyrənmək olar? Qadının və kişinin reproduktiv orqanlarının vaxtında düzgün tədrisi nə qədər insanın sağlamlığına, gələcək ailə həyatına, gələcək qərarına, iradəsinə müsbət təsir etmiş olar və heç kəsin “əxlaqını” da pozmaz.

 

Niyə yuxarıda dırnaq içərisində olan söz və söz birləşmələrindən danışanda, tədris edəndə, maarifləndirəndə əxlaqsız olursan, AMMA rüşvət verəndə/götürəndə; seçkilərin saxtalaşdırılmasında könüllü/könülsüz iştirak edəndə; başqasının malına göz dikəndə, haqqını yeyəndə; başqalarının hesabına varlananda; yalan danışanda; oğurluq edəndə; haqsızlığa, ədalətsizliyə göz yumanda, susanda; vəzifə hərisliyi edəndə; tanışlıqla işə düzələndə/düzəldəndə; başqasının yerinə haqqın olmadan danışanda, qərar qəbul edəndə; əməllərinə millət, din, bəşəriyyət cübbəsi geyindirəndə; azyaşlıları zorla evləndirəndə, onların toyunda iştirak edib sağlıq deyəndə, qol-qanad açıb rəqs edəndə, keflənib oynamaq üstündə dava salanda; saxta sənədlərə imza atanda; tayfabazlıq, yerlibazlıq, kələkbazlıq, hiyləbazlıq və sair bazlıqlarla məşğul olanda əxlaqsız olmursan?!.

 

Üzərindən iyirmi il ötüb. Görəsən biologiya müəllimləri “İnsan orqanizminin inkişafı” fəslinin üzərindən yenə də lazımsız bir şey kimi hoppanırlarmı, əslində isə, bəlkə də ən lazımlı olan bu fəsli tədris edirlərmi? Məncə bunu araşdırmaq və xüsusi tədbirlər görmək, monitorinqlər keçirmək lazımdır.

 

Bəlkə də heç lazım deyil, axı hələ də “sevgilimdir”, “nişanlımdır”, “xanımımdır (həyat yoldaşımdır)”, “tualet haradadır”, “doğum evinə hansı avtobus gedir” və bu kimi ifadələri işlədərkən böyük bir “əxlaqsızlıq” edirikmiş kimi utanıb-qızararaq üzr istəyib, bağışlanmaq diləyiriksə, deməli biologiya müəllimləri hələ də “İnsan orqanizminin inkişafı” fəslinin üzərindən addayırlar. Görəsən, təhsil nazirliyinin bundan xəbəri varmı?

 

Azər MUSAOĞLU