2023-2024-cü tədris ilinin payız rübündən təqaüd alan tələbələrin sayı və dövlət təqaüdü ikiqat artırılır. Belə ki, 5000 tələbənin hər biri 300 lari dəyərində təqaüd alacaq. Bu barədə Baş nazir İrakli Qaribaşvili hökumətin sentyabrın 11-də baş tutan iclasında bildirib.
“Bizim ağıllı, fərqlənən, yüksək akademik iştirakı olan tələbələrimiz var və onlara tələbə təqaüdü ilə kömək etmək, qiymətləndirmək, onları həvəsləndirmək istəyirik. Bu gün qüvvədə olan proqram təxminən 2500 tələbəni və hər birinə 150 lari təqaüdü nəzərdə tutur. Biz bu təqüdü ikiqat artırırıq və bu gündən hər tələbəyə 300 lari təqaüd veriləcək. Fərqlənən 5000 tələbə təqaüd alacaq. Bu, əlbəttə, simvolik ola bilər, amma bizim tərəfimizdən jestdir, tələbələrimizin qiymətləndirilməsidir. Hazırlanacaq meyarlar təhsil nazirinin sərəncamı ilə təsdiqlənəcək”, – deyə Baş nazir bildirib.
Gürcüstanın Təhsil və Elm Nazirliyi də təqaüd almaq prosedurları haqqında açıqlama yayımlayıb:
“Yenilənmiş proqram çərçivəsində tədris ilinin 10 ayı ərzində, oktyabrdan iyula qədər dövlət ali təhsil müəssisələrinin uğurlu tələbələri hər ay 150 lari əvəzinə 300 lari təqaüd alacaqlar.
İndiyə qədər təxminən 2500 tələbə təqaüd alırdısa, yeni tədris ilindən 5000 uğurlu tələbə artırılmış təqaüd alacaq.
Yeniliyə əsasən, universitet təqüd alacaq tələbələrin meyarlarını seçməyəcək və ali təhsil müəssisələri təqaüd alanların seçimi üçün nəzərdə tutulmuş ümumi meyarlarla hərəkət edəcəklər. Həmin meyarlar Gürcüstanın təhsil və elm nazirinin sərəncamı ilə təsdiqlənəcək.
Yeni seçim meyarları akademik nailiyyətlərlə yanaşı müxtəlif təhsil aktivliklərini, eləcə də universitet, intellektual, elmi, yaradıcı-mədəni, idman tədbirlərini, imitasiya edilmiş məhkəmə proseslərində iştirakı əhatə edir. Həmçinin meyarlarda aztəminatlı şəxs (ailənin reytinq balı 70 000 və az), fiziki imkanları məhdud və ya xüsusi təhsilə ehtiyacı olan şəxs, dağlıq məntəqədə daimi yaşayan şəxs, çoxuşaqlı ailə üzvü olmaq (4 və daha çox uşaq) və s. kimi sosial faktorlar da nəzərdə tutulub.
Gürcüstanın təhsil və elm naziri hökumətin iclası başa çatdıqdan sonra əlavə açıqlama zamanı bildirib ki, təqaüd indiyə qədər də dövlət universitetlərinin tələbələrinə aid idi və belə də davam edəcək:
“Nazirlik sərəncam yayımlayacaq. Sərəncamda tələbənin neçə balı olan zaman təqaüd alacağı ilə bağlı bal şkalası da qeyd olunacaq. Təbii ki, fərqlənən tələbələr, sonra isə aşağı şkalada olan ən yaxşı 5000 tələbə nəzərdə tutulub”.
Mənbə: edu.aris.ge