Ötən ay 9-12-ci sinif şagirdləri üçün hekayə müsabiqəsi elan etmişdik. Gürcü və Azərbaycan dilində 140-dan çox hekayə göndərildi. Başdan sevindirici olsa da, sonra təəssüfləndirici oldu. Hekayələrin 90 faizi süni intellek (Sİ), “ChatGPT” vasitəsilə yazılıb. Sanki bütün hekayələri bir nəfər oturub ora-burasını dəyişərək bir neçə variantda yazıb. Bu “hekayələrin” əksəriyyətində eyni cümlələr var, bəziləri Sİ-nin təklif etdiyi “İstəyirsiniz hekayəni daha bədii edək” kimi cümlələri silməyi də unudublar. Bu “hekayələrdə” hətta qəhrəmanların adları da eynidir, məsələn, əksəriyyətində qəhrəmanın adı Muraddır. Süni intellektin Murad adına bu “sevgisi” haradandır görəsən?.. Bundan əlavə, cizgi filmini köçürüb göndərənlər və mövzu ilə bağlı məqalə göndərənlər də var (Əgər bunlara məqalə demək olarsa, vikipediya məlumatlarıdır). Hörmətli dil, ədəbiyyat müəllimləri, sizcə, 9-12-ci sinif şagirdləri niyə hekayə ilə məqaləni ayıra bilmirlər?! Bir sözlə, müsabiqənin elanında “ChatGPT” ilə yazılan hekayələr qəbul olunmayacaq” xəbərdarlığına heç əhəmiyyət verən də olmayıb.
Düzü, süni intellektdən şagirdlərin belə istifadə etdiklərini mən bu qədər təsəvvür etmirdim. İndi siz təsəvvür edin dərslər nə gündədir. “ChatGPT”-yə hekayə yazdırıb müsabiqəyə göndərən şagird mütləq ev tapşırıqlarını da süni intellekt vasitəsi ilə hazırlayır. Məsələn, kitabdakı hansısa misalın, məsələnin şəklini çəkib “ChatGPT”-yə göndərir, o da hazır həlli, cavabları qoyur şagirdin qarşısına. Şagir də beynini işlətməyərək hazır cavabları köçürüb sinifdən sinfə keçir, məktəbi bitirir. Və bunlar sabah müəllim, həkim, hakim, direktor, deputat və sair olacaqlar (Burada, əlbəttə, süni intelekt kömək etməyəcək, olsa-olsa tanışlıqla, qohumluqla, pulla olacaqlar).
Təsəvvür edin xəstə ödündən və ya mədəaltı vəzindən əməliyyat olunur və xirurq telefonu əlcəkli əlində tutub “ChatGPT”-dən soruşur: “Öd bədənin harasında yerləşir, bədənin harasını kəsim ki, ödü görə bilim...” Və ya müəllim dərsdə hansısa riyazi misalın həllini, cavabını telefonda “ChatGPT”-yə yazıb öyrənir və lövhəyə köçürür... Adam dəhşətə gəlir...
Mən heç vaxt texnologiyanın, yeniliyin əleyhinə olmamışam, əksinə, amma əgər bu texnologiya, bu yenilik insanları düşünməyə qoymursa, beyinlərini və əzələlərini işlətməyə qoymursa, küt, qanmaz, fəhimsiz, ağılsız insanlar kütləsi yetişdirirsə cəhənnəm olsun belə texnologiyanı da, belə yeniliyi də! Məndən olsa süni intellektdən istifadəni tam pullu edərdim, hamı üçün əlçatan etməzdim. Qoy istedadsızlar, savadsızlar, bacarıqsızlar özlərini yazıçı kimi qələmə vermək üçün zəhmət çəkib xeyli pul ödəsinlər. Artıq hekayələrdə, məqalələrdə üslub səhvi, qrammatik səhvlər görəndə adam sevinir. Nə demək istədiyimi yazı-pozu adamları, redaktə ilə məşğul olanlar yaxşı başa düşəcəklər. Hər şeyin sünisini çıxarıblar artıq. İndi yazanın sünisini, təbiisini tanımaq üçün gərək onunla bir pud duz yeyəsən, yol gedəsən.
Bilirsinizmi ən pisi də nədir? – “Hekayələrində” texnologiya asılılığından yazan, onu pisləyən şagirdlərin özləri çoxdan texnologiyadan asılı vəziyyətə düşüblər. Kitab oxumaq, düşünmək, araşdırmaq, başlarını işlətmək əvəzinə hazırın naziri olurlar, tənbəlləşirlər və bir gün texnologiyasız, süni intellektsiz qalan bu gənclik adi bir çıxılmaz vəziyyətdə, yüngülvari çətinlikdə özünü itirəcək, bilməyəcək nə etsin, necə etsin. Axı həyatda süni intellektin, “ChatGPT”-nin bilmədiyi şeylər də var.
Nə isə, demək ki, süni intellek dövründə şeir, hekayə, məqalə müsabiqəsi elan etmək sadəlövhlükmüş...
Azər Musaoğlu