1. Mənim babam kim olub?

 

Məni uşaqlıqdan tanıyanlar çox fərqli uşaq olduğumu deyirlər (deyəsən elə indi də fərqliyəm). Bunu ona görə yazıram ki, xatirələrim həqiqətdir, təsvirim isə bu gününün yox, elə ötən illərdəki dərk etdiyim kimidir.

 

Yadıma bulanıq gəlir. Bağça uşaqlarından tutmuş fəhləyə, kəndliyə qədər – hamını böyük bir tədbirə hazırlayırdılar. Danışırdılar ki, Brejnev Bakıya gəlir, oradan da Tbilisiyə Marneulidən keçib gedəcəkdi və bütün yol boyu əhali əlində bayraq onu salamlayacaqdı. Bu söhbətləri dərk edəcək yaşda olmasam da, evdəki söhbətlərdən yaddaşımda belə qalmışdı. Hətta bağçadan qardaşıma bayraq çatmamışdı, anam ona çubuqdan və qırmızı pioner qalstukundan bayraq düzəldib, üstünə də təbaşirlə oraq-çəkic çəkmişdi. Mən evdə bütün günü mahnı oxuyurdum:

 

Qoy həmişə Günəş olsun,

Qoy həmişə anam olsun,

Qoy həmişə sülh olsun,

Qoy həmişə olum mən.

 

Qardaşım da qalstuklu bayrağı əlində yelləyə-yelləyə məşhur şeiri deyirdi:

 

Lenin, Lenin dilimdə!

Qızıl bayraq əlimdə!

Çalışaram, vuruşaram

Lenin babam var olsun!

Dörd tərəfi bağ olsun!

 

Beləcə hamı həsrətlə gözləyərkən qəflətən nə tapşırıq gəldisə hamıya dağılışmaq tapşırığı verildi. Yadıma gəlir ki, məhəllədə kimsə “bəs qonaq gəlmədi” deyə soruşdu. Dedilər “çerez Rustavi getdi” və güldülər.

 

Bu həqiqət idi, yoxsa zarafat – bilmirəm. O yadımdadır ki, biz həyətimizə çatanda yenə qardaşım bayrağını yelləyib, ayağını yerə döyüb şeirini deyəndə sürətlə bayrağı alıb yerə atdım və qışqırdım: “Eh, bizim öz babamız yoxdur? Xalxın babasına baba deyirik?” Anam mənim tez ağzıma yüngül vurdu və “bir də elə danışsan atanı tutarlar, Lenin hamımızın babasıdır” dedi. Mən qorxdum, daha babamıza irad tutmadım. Axı onda bağça yaşlı idim...

 

2. Atamı xoşbəxt edən ikinci ad.

 

Həmin illərdə bəlkə də ətrafda çox belə ailələr vardı. Bizim ailəmizin, qohumlarımızın belə bir alışqanlığı vardı: axşam saat 22:00-da hamı süfrə arxasında “Vremya” adlanan bir proqrama baxardı. Qəliz cümlələri dərk etməsəm də, onu bilirəm ki, xüsusən də bir həyətdə yaşadığımız böyük əmimlə atam müzakirə aparar və atam sonda deyərdi: “Ay qa, mənə ləzzət edən odur ki, çlen büroda adı ikincidir e, ikinci”.

 

Veriliş başlayanda qadın və kişinin siması bu gün də xatirimdədir və o səs qulağımdadır:  PREZİDİUM VERXOVNOQO SOVETA SSSR, ÇK KOMPARTİİ SSSR, ÇLEN POLİTBYÜRO... və siyahısında ikinci ad deyilirdi: Qeydar Aliyeviç Aliyev.

 

Qaranlıq gecədə birdən bir metiorit gəlir haa, bəlkə görmüsüz zülmətdə, bir işıq yanıb sönür. Bax, o ab-havanı təsəvvür edin, gərgin vəziyyət... mənim ailəm və birdən o üzlərin siyahısı deyilir. Onları nə Donbas kömür mədəni, nə Özbəkistan pambıqçıları maraqlandırmırdı, onları yalnız o siyahıdakı ikinci ad maraqlandırırdı...

 

Xoşbəxtlik cismin dördüncü halı kimi gözlə görünmür, enerji kimi, işıq kimi, ocaq kimi gəlir-gedir. Yalnız xatirəsi qalır. Bax, siyahıdakı ikinci ad həmin an bizim ailəyə, xüsusən də atama hər gün o xoşbəxtliyi yaşadırdı.

 

Mən anamdan soruşdum ki, ALİYEV kimdir ki? Anam yəqin məni başından etmək üçün kəsə dedi: “O bizim padşahımızdır!”

 

O fərqli uşaq fərqli ideyasını təzədən irəli sürdü: “O bizim Lenin babamız olarmı?”

 

Anam bu dəfə çimdiyini daha sanballı götürdü: “Atalar üçdən deyib, bu ikinci səhvindir. Bir də elə sual versən atanı tutub aparacaqlar. Sənə dedim Lenin baba bir dənədir”.

 

Əksər qızlar atanı çox sevir və həmişə onu itirməkdən qorxurlar. Odur ki, mən Lenin baba axtarışıma son qoydum.

 

3. Heydər Əliyev məktəbində tələbə.

 

Heyif uşaqlıq illərim... yalan da olsa, böyük bir inam, təbliğat, sülh şəraiti olan mühitdən yazmadan keçirəm uşaqlığın son dönəminə. Artıq həyatı təzə dərk etməyə başlarkən, özümüzə yeni babalar kəşf edərkən  yaşadığımız balaca dünya çalxalandı. Yeniyetmə yaşımız siyasi tüğyanların, milli münaqişələrin, çevrilişlərin girdabında çalxalandı. Elə anlaşılmazlıqlar yaşadım ki az yaşımda (4-cü, 5-ci sinifdən) – ziyalı mühitdə qəzetlər, jurnallar, kitablar əhatəsində “yenidənqurma və aşkarlıq” işığında, bəlkə də ətrafımdakıların böyük əksəriyyətinin bilmədiyi çox gerçəkləri oxumuşdum. Artıq mənə məlum idi ki, mənim bir yox, onlarla Lenin babam varmış. Siyasətə kənardan baxan bir uşaq kimi sadəcə kənardan izləyirdim, təbii ki, azyaşlı, yeniyetmə, təcrübəsiz, dünyada qürurla “mənim babam kim olub” axtarışında olan biri kimi. Ən böyük arzum tələbə olmaq idi, özü də Bakıda – mənəvi paytaxtımızda.

 

Beləliklə, tarixdə bir formasiya başa çatdı. Sosializm dağılmışdı. Keçid dövrü çətinlikləri hər sahədə geniş vüsət almışdı. Təhsildə də əsaslı yeniliklər vardı – özəl universitetlər, xaricə çıxış və s. Anam təkidlə mənim dövlət statuslu ali məktəbdə, özü də Bakıda oxumağımı istəyir və məni xüsusi hazırlaşdırırdı. Azərbaycanda isə artıq stabilləşmə gedirdi. Hakimiyyət dəyişmişdi və mən test üsulu ilə qəbul olmuşdum.

 

Anamın, atamın sevinci bir yana, nənəm hamıya məni belə təqdim edirdi: “Gördünüz hara qəbul oldu? –Əliyevin oxuduğu məktəbə”.

 

Bəli, Heydər Əliyev Bakı (Azərbaycan) Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi. Sadəcə ən böyük  fərqimiz: o Sovet Azərbaycanında, mən müstəqil Azərbaycanda tələbə olacaqdım.

 

4. Mənim qısqanclığım.

 

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk zamanlar ardıcıl olaraq xarici səfərlərə geniş zaman ayırırdı. Azərbaycanın müstəqilliyini tanıyan bütün ölkələrə səfər etdi, tanımayanları tanımağa sövq etdi. Yox, mən siyasətdən yazmıram, mən fərdi baxışdan yazıram, düşüncəmdən yazıram. Artıq Azərbaycan öz babasını kəşf etmişdi. Uşaqlar daha “Lenin baba” şeiri əzbərləmirdilər. Bütün Azərbaycan uşaqlarının öz babası vardı: Heydər baba!

 

Mənsə ürəyimdə iki qısqanclığı gizlədirdim: birinci, hələ çox kiçikkən bizim padşahımızın Lenin babamız olması ideyasını mən irəli sürmüşdüm, amma müəllifi mən olmadım. İkinci də, atasını çox sevən bir qız kimi atasıyla qoşa addımlayan babanın qızını. Axı elə dahi bir atası vardı. Əlbəttə, bu sirri mən indi açıram. Özü də fəxrlə, gülümsəyərək, ərk edərək, axı o öz babamızdır.

 

5. Məşhurlarla görüşlər.

 

Bəlkə də zamanı səhv deyirəm, artıq “ƏSRİN MÜQAVİLƏSİ” imzalanmış, Azərbaycanın imzası imzalar içində idi. İndi Bakıya prezidentlərin, baş nazirlərin rəsmi səfərləri başlamışdı. Bütün qonaqları Heydər Əliyev öz iqamətgahında qəbul edir, danışıqlar aparır, sonra Bakı Dövlət Universitetinə dəvət edirdi. Burada professor, tələbə heyəti ilə maraqlı, müsahibəli görüş olardı və sonda fəxri doktor adı verilib öz ölkəsinə yola salınardı.

 

Bəlkə də mən xoşbəxt idim ki, universitetimizin seçilmiş tələbələri siyahısında mən də vardım və o görüşlərin demək olar ki, hamısında iştirak etmişəm – Butros-Butros Qalidən Marqaret Teççerə, Şevardnadzedən Dəmirələ...

 

Hardasa 3-cü, 4-cü sıralarda oturardım. Heydər Əliyevin qeyri-adi qəbul etdiyim gülüşü, yerində hazırcavablığı, bəzən tənəli baxışı gözüm önündə idi və o qədər anlaşılmazlıqlarım vardı ki... Axı 17-18 yaşla hansı siyasi analizi edə bilərdim. Hələ zəngin müxalifət qəzetləri, radiosu, televiziyası, üstəgəl dedi-qodusu olan yerdə... Mənə elə gəlirdi, Heydər Əliyevin sifətində cizgilər də, baxışı da danışırdı. Hətta bir dəfə çıxışda təsadüfən gəncləri yaxına çağırdı, onda mən onu lap yaxından gördüm...

 

Gənclər suallar verdi, siyasətdən bir yersiz sual olmuşdu, onda mənə elə gəldi, bir anda onun sifətinin rəngi və cizgiləri dəyişdi. O, elə cavab verdi ki, daha heç kim danışmadı: “Siz elə bilirsiniz bütün bu işlər və onu bacarmaq asandır?!

 

Bu həm sual, həm də nida idi.

 

6. Mən nəyə təəssüf edirəm...

 

Mən bu gün həmin dövrdəki Azərbaycanı bataqlıqda ləngər vuran bir gəmiyə bənzədirdim. O gəmi yalquzaqlar əhatəsində idi. O yalquzaqlar içində özümüz də vardıq. Əgər bir koordinat oxu təsəvvür etsək, bax, o gəmi sıfır nöqtəsində idi. Heydər Əliyev o gəmini bataqlıqdan çıxarıb çayın axınının əksi  istiqamətində bir yola düzəltdi. O yol uzun çəkdi, çarpışaraq yolunu getdi və 2020-yə çatdı. Biz orta nəsil bu yolun şahidi olduq.

 

Bilirsinizmi nəyə təəssüf edirəm? – Kaş mən görüşlərdə gördüyüm, dinlədiyim babamızı bugünkü zəfər yüklü düşüncəmin, təcrübəmin, yaddaşımın gözüylə, məntiqiylə izləyəydim. Onda mən o cizgilərin, baxışların, bəzən acı, bəzən istehzalı, bəzən də qürurlu gülüşlərin mənasını daha yaxşı dərk edərdim. Axı mən tək milli baba axtarışında olan uşaq yox, həm də yaxşı psixoloqam...

 

Esmira ƏLƏKBƏRLİ