İnsan həyatında bəzi dəyərlər var ki, onlar nə zamanla dəyişir, nə də unudulur. O dəyərlərin başında isə ailə gəlir. Ailə insanın ilk nəfəsini aldığı, ilk addımını atdığı, ilk sevincini və ilk kədərini bölüşdüyü müqəddəs bir məkandır. Hər şeyin başlandığı yerdir. İlk addım, ilk baxış, ilk gülüş... Və bəlkə də ilk dəfə “sevilmək” nədir, bunu biz ailədə öyrənirik. Zamanla böyüyürük, yollar dəyişir, insanlar dəyişir, amma bir ünvan dəyişmir – evimiz; içində bizi susaraq anlayan, səsimizdən halımızı duyan, baxışımızdan ağrımızı oxuyan insanlar – ailəmiz.

 

Çoxları deyir: “Heç kim ailə kimi sənə can yandırmaz”. Bu təkcə doğru deyil, bu ən böyük həqiqətdir. Çünki dünya səni yanlış başa düşə bilər, dostların uzaqlaşa bilər, tanışlar unuda bilər, amma ailə sən yolunu azsan da, dönsən də, geciksən də qapısını üzünə açacaq yeganə yerdir. Onlar səni gözləməyə alışmış adamlardır – səssiz, narahat, amma sevgi ilə dolu insanlar...

 

Ailə bəzən bir ana baxışında gizlənir, bəzən ata nəfəsində, bəzən bacının səssiz gileyində, bəzən qardaşın sərt, amma qoruyucu baxışında. Həyatda nə qədər yol getsək də, ən doğru yolun bizi uşaqlığımızın keçdiyi evə apardığını gec-tez anlayırıq.

 

Çox zaman belə deyirlər: “Qız uşağı ailə quranda öz evini tərk edəcək”. Amma düşünürəm ki, bu ifadədə bir dəyişiklik olmalıdır. Qız övladı ailəsini tərk etmir, sadəcə həyatına yeni bir budaq əlavə edir. O, yeni bir ailə qurarkən öz köklərini qoparmamalıdır. İdeal ailə modeli odur ki, qurulan yeni ocaq əvvəlkindən ayrı yox, onunla birləşən, güclənən, dərinləşən bir ocaq olsun. Çünki bir qadının içində daşıdığı sevgi həm doğulduğu ailəni, həm də yaratdığı ailəni yaşatmaq gücünə malikdir.

 

Bəzi insanlar ailə anlayışını yanlış qavrayırlar. Evlənərkən hər kəs “yaxşı gündə, pis gündə, sağlamlıqda və xəstəlikdə” deyərək imza atır. Amma pis gün gəlib çatanda deyirlər: “Mən belə yaşaya bilmərəm...” Bəs hanı o içdiyin andlar? O imzanı atarkən verdiyin sözün mənasını unutdunmu?

 

Ailə yalnız xoş günlər üçün deyil, ağır günlərdə bir-birinə dayaq olmaq üçündür. Sevgi asan gəlir, amma sınaqlardan keçəndə əsl sevgiyə çevrilir. Əgər ailə yalnız rahatlıq üçünsə, bəs fırtına başlayanda kim əlini tutacaq? Ailə – buraxmayan əldir. Gedə bilərsən, uzaqlaşa bilərsən, amma sənə sevgisini itirməyən yeganə insandır sənin ailəndəki insanlar.

 

Ailə təkcə qan bağı deyil, ürək bağıdır. Ailə bir paylaşımdır. Ana süfrəsindəki son tikəni bölmək, bacı ilə gizli sirr paylaşmaq, ata ilə çiynində dünya qədər güvən hiss etməkdir. Ailə gecənin qaranlığında sığınacaq, həyatın fırtınasında liman, sevincin ən parlaq aynasıdır.

 

Səni heç kim anlamasa da, sənin üçün narahat olan, dualar edən, səssizcə sevincinə sevinən, kədərinə kədərlənən tək yerdir. Həyat dəyişə bilər, insanlar gələ və gedə bilər, amma ailə dəyişmir. O, sənə verilməmiş, sənə əmanət edilmiş bir varlıqdır. Qoru, sev və heç vaxt unutma, ailə sən olduğun üçün var və sən olmadıqda belə səni gözləyəcək tək ünvandır.

 

Bəlkə də bu gün valideynlərimizə bir təşəkkür borcluyuq. Bəlkə də bacı-qardaşımıza bir zəng etməliyik. Bəlkə də övladlarımızla bir az daha çox vaxt keçirməliyik. Çünki ailə var olduqca əlimizdə tutmalı olduğumuz ən qiymətli incidir. Və hər inci kimi, o da diqqət, sevgi və qayğı istəyir.

 

Bu gün biz təkcə ailə üzvlərimizi deyil, həm də ailə olmaq duyğusunu düşünürük. Hər bir evdə sevgi varsa, bu sevgi bütün cəmiyyətə yayılır. Ailənin güclü olduğu yerdə xalq da güclü olar. Çünki ailə təkcə fərdlərin deyil, bütöv bir millətin əsas sütunudur.

 

Bir evdə ana sevgi görürsə, xoşbəxtlik hiss edirsə o ev hüzur dolu olur. Onu da yaradan, məncə, ailə başçısıdır, o, sevgini hər kəsə ötürə bilir. Yaxşı ki, bu cür ailədə böyümüşəm. Bütün şansımı mən burada istifadə etmişəm. 

 

Allah hər birimizə gözəl, sevgi dolu ailə nəsib eləsin. Amin!

 

Aytən FƏTULLAYEVA