Bir vaxtlar gənc oğlan və qızların gələcək arzularından biri ailə qurmaq, öz evinə sahib olmaq, nümunəvi övladlar böyütmək idi. Hər kəs evliliyi həyatın təbii mərhələsi kimi qəbul edirdi. İndi isə bu mənzərə bir qədər fərqlidir. Bir çox gənc ailə qurmaq istəyir, lakin bu addımı tez atmaq istəmir. Bəziləri evliliyi illərlə təxirə salır, bəziləri isə, ümumiyyətlə, ailə qurmaq istəmir.
Bəs bunun səbəbi nədir? Gənclər sevgiyəmi inanmır, yoxsa həyatın çətinliklərimi onlara ailə qurmağa imkan vermir? Əslində bu məsələnin tək bir səbəbi yoxdur. Maddi çətinliklərdən tutmuş psixoloji qorxulara qədər... Ev problemləri, valideynlərin müdaxiləsi – hamısı gənclərin evlilik qərarına əks təsir göstərir.
Ən vacib səbəblərdən biri maddi problemlərdir. Bu gün ailə qurmaq üçün yalnız iki insanın bir-birini sevməsi bəs etmir. Evlilik təklifi, elçilik, nişan, nikah üçün ayrı mərasim, fotosessiya, video çəkiliş və nəhayət toy. Bənzər xərclər bu dəfə də toy üçün, üstəgəl ev, mebel, məişət əşyaları, gündəlik xərclər, hətta gələcəkdə uşağın ehtiyaclarını da bəri başdan fikirləşmək gəncləri ciddi şəkildə qorxudur. Xüsusilə sabit işi və gəliri olmayan gənclər də evliliyi böyük təhlükə kimi görürlər. Bu qədər xərcdən sonra evlilik qısamüddətlimi olacaq, yoxsa bir ömürmü davam edəcək, bilinmir. Bu da gəncləri lap qorxudur.
Vacib səbəblərdən biri də mənzil problemidir. Gənclərin böyük bir hissəsi ayrıca evdə yaşamaq istəyirlər. Amma ev qiymətlərinin yüksək olması, eləcə də kirayənin baha olması bu arzunu çətinləşdirir. Valideynlərlə birgə yaşamaq isə bəzən ailədaxili münaqişələrə səbəb olur. Xüsusilə yeni qurulan ailənin həyatına kənardan müdaxilə münasibətlərdə qanqaraçılıq yaradır.
Gənclərin evlilikdən qorxmasının başqa bir səbəbi də uğursuz ailə nümunələridir. Gənclər ətraflarındakı evli insanları görür. Bəzi uğursuz münasibətlər yaddaşlarına elə yazılır ki, bütün evliliklərin elə olduğunu düşünürlər. Ən çox da valideynlərinin daim mübahisə etdiyini, bir-birinə hörmətsiz davrandığını və ya boşandığını görən uşaq böyüdükdə evliliyə əvvəlki kimi romantik baxmaya bilər. Onun yaddaşında evlilik xoşbəxtlikdən çox əzablı hadisə kimi qalır.
Xəyanət və boşanmaların artması haqqında xəbərlər də gənclərin düşüncələrinə ciddi şəkildə təsir edir. Sosial şəbəkələrdə hər gün xəyanətlər, boşanmalar geniş müzakirə edilir. Bu da bəzi gənclərdə evliliyə qarşı inamsızlıq yaradır. Ətraflarında və internetdə uğursuz münasibət gördükcə xoşbəxt ailə imkansız kimi görünür.
Əvvəllər “əvvəlcə evlən, sonra həyatını qurarsan” fikri daha çox işlədilirdi. Ancaq indi bir çox gənc bunun əksini düşünür. Belə ki, “əvvəlcə özümü qurum, sonra ailə qurum” deyirlər. Bununla yanaşı, gənclər artıq özlərini inkişaf etdirməyə, karyera qurmağa daha çox əhəmiyyət verirlər. Təhsil almaq, peşə qazanmaq, xarici dil öyrənmək, yaxşı iş tapmaq, pul qazanmaq, səyahət etmək, çox yer görmək və maddi olaraq rahat yaşamaq onların həyat planlarında birinci yer tutur. Bu fikrin bir çox müsbət tərəfləri var. Çünki insan özünü tanımadan, maddi və psixoloji cəhətdən hazır olmadan ailə qurduqda sonradan çox ciddi problemlərlə qarşılaşa bilər.
Başqa bir problem cəmiyyətin evlilik təzyiqidir. Hansısa bir gənc hələ evlənmək istəmədiyini deyəndə dərhal ətrafdan suallar gəlir: “Nə vaxt evlənəcəksən?”, “Yaşın keçir”, “Hamı ailə qurdu, sən qaldın”, “Sənin nəyin əskikdir?!” Bu suallar bəzən o qədər çox təkrarlanır ki, insan öz həyat qərarını özü verməkdə çətinlik çəkir. Halbuki evlilik yarış deyil. Kimin əvvəl, kimin sonra evlənməsinin heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ insanın doğru insanla, doğru zamanda və öz iradəsi ilə ailə qurmasıdır.
Digər tərəfdən, gənclərin münasibətlərə baxışı da dəyişib. Bu gün insanlar yalnız “evlənmək üçün” münasibət qurmaq istəmirlər. Qarşı tərəfdən sevgi, dostluq, hörmət, anlayış gözlənilir. Bu, əslində pis hal deyil. Əksinə, sağlam ailənin təməli yalnız sevgi ilə deyil, həm də hörmətlə, dostluqla qurulur.
Bir gənc “evlənmək istəmirəm” deyirsə, onu dərhal məsuliyyətsiz və ya ailə dəyərlərindən uzaq bir insan kimi qələmə vermək olmaz. Bəlkə onun hazırda maddi imkanı yoxdur. Bəlkə əvvəlki münasibətindən aldığı yara hələ sağalmayıb. Bəlkə ailə qurmaqdan əvvəl özünü tapmaq istəyir. Unutmayaq ki, evlilikdən qorxmaqla evliliyə hazır olmamaq arasında çox ciddi fərq var. İnsan bütün həyatını qorxu üzərində qurmamalıdır. Əvvəlcə o qorxunu aradan qaldırmağa çalışmaq lazımdır.
Ailə qurmaq müəyyən yaşa çatdığın üçün yerinə yetirilməli olan bir vəzifə deyil. Bu, iki insanın birlikdə məsuliyyət götürdüyü böyük bir həyat qərarıdır. Gəncləri evliliyə məcbur etmək yox, sağlam münasibət qurmağı öyrətmək lazımdır. Onlara sevginin yalnız gözəl sözlərdən ibarət olmadığını, ailənin isə səbir, hörmət, etibar, məsuliyyət və qarşılıqlı anlayış tələb etdiyini anlatmaq lazımdır. Qısası, evlilik nə cənnətdir, nə də cəhənnəm. Onu cənnətə də, cəhənnəmə də çevirən iki insanın bir-birinə münasibətidir.
Afaq Azər