Ötən yazılarımda teatr tarixinə öz töhfələrini vermiş novator rejissorlardan bəhs etmişdim. Fransız Antonen Arto, polyak Yeji Qrotovski və ingilis Piter Bruk haqqında qısaca məlumat vermişdim.


Bəs bizim də bu cür yeniliklərə imza atmış, öz teatr məktəbini yaratmış rejissorlarımız yoxdurmu? Əlbəttə ki, var. İstənilən mövzuda Avropadan, Amerikadan misal gətiririksə, gərək özümüzdən də nümunələr göstərək ki, gənclərə stimul olsun. Düşünməsinlər ki, bu coğrafiyada yenilikçi sənətkarlar olmayıb.


Bu dəfə Azərbaycan və Gürcüstan teatr tarixində özünəməxsus yeri olan iki rejissordan bəhs etmək istəyirəm: Vaqif İbrahimoğlu və Mixeil Tumanişvili.


Azərbaycan teatrında yenilikçi rejissorlardan danışarkən ilk yada düşən adlardan biri Vaqif İbrahimoğludur. O, 1989-cu ildə Yuğ teatrını yaratdı. Sonralar isə özünün psixosof teatr poetikası adlandırdığı estetik yanaşmasını formalaşdırdı. Bu yanaşmada simvollar, mifoloji düşüncə, fəlsəfi mətnlər və aktyorun daxili aləmi əsas yer tuturdu.


Vaqif İbrahimoğlunun yetirməsi, hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Gümrah Ömər müəllimi haqqında belə yazır: “Vaqif İbrahimoğlu da qədim türk mərasimi olan “Yuğlama”dan yola çıxaraq Yuğ teatrını yaratdı. Və sonra onun psixosof teatr poetikasını formalaşdırdı. Hansı ki psixosof açılımına görə “Ruhun hikməti” anlamına gəlir”.


Gürcüstan teatrında isə bu sahədən danışarkən Mixeil Tumanişvilinin adını çəkməmək mümkün deyil. O, uzun illər Rustaveli Teatrında çalışdıqdan sonra 1978-ci ildə Tbilisidə Kino Aktyorları Teatrını yaratdı. Tumanişvili hesab edirdi ki, aktyor sadəcə rejissorun tapşırıqlarını yerinə yetirən ifaçı deyil, yaradıcı prosesin əsas iştirakçılarından biridir. Bu səbəbdən məşqlərində improvizasiyaya və aktyorun daxili axtarışlarına xüsusi yer verirdi.


Tumanişvili təkcə tamaşaları ilə deyil, yaratdığı teatr məktəbi ilə də Gürcüstan teatrında dərin iz qoydu. Dünya şöhrətli gürcü rejissor Robert Sturua və görkəmli teatr xadimi Temur Çxeidze onun ən tanınmış yetirmələri sırasındadırlar. Bu fakt Tumanişvilinin yalnız böyük rejissor deyil, həm də güclü pedaqoq və teatr müəllimi olduğunu göstərir.


Əslində bu yazının məqsədi Vaqif İbrahimoğlu və Mixeil Tumanişvilinin bütün yaradıcılığına nəzər salmaq deyildi. Onsuz da geniş yazmağa çalışsam, buna səhifələr yetməz. Sadəcə, bəzən düşünürük ki, yenilik mütləq uzaqlarda yaranır. Halbuki həmin yeniliklərin bir hissəsi illər əvvəl Bakıda da, Tbilisidə də yaranmışdı. Bu gün dünyanın müxtəlif ölkələrində Arto, Qrotovski və Bruk haqqında necə danışılırsa, elə biri də mənəm ki, onlar haqqında araşdırmalar aparıram. Buna görə də düşünürəm ki, biz də Vaqif İbrahimoğlu və Mixeil Tumanişvili haqqında daha çox danışmalıyıq. Əvvəlcə özümüz onları tanımalı və tanıtmalıyıq ki, sabah başqa ölkələr də, başqa xalqlar da onları tanısın.

 

Anar Rafiqoğlu

“Era Teatrı”nın bədii rəhbəri, rejissor