Hər şey axarında gedəndə gözəldir. Bax, elə onda özümüzü Xoş Bəxt hesab edirik. Həyatımızın qəfləti dəyişiklikləri ana xətti gah azaldır, gah da çoxaldır, heç fərqində deyilik, amma bütün faciələrimiz elə o xətdən keçir.

 

Həyatda sifətin dərəcələri rəngləri gözümdən salır. Solğun rəngə yazığım gəlirdi, axı istəyinə çata bilmir – ifrat rəng isə sanki bəla gətirir. Rənglərin çalarlarını insan həyatına şamil edəndə necə də uyğunluq alınır.

 

Bilirsiniz, niyə uşaqlığımızı sevirik ona görə ki, orada hələ rənglənməyə can atırdıq, ümidlə, arzuyla, gedən yola doğru addımlayırdıq. Qarşıda böyük QIRMIZI var idi, hədəf idi. Uşaqlıqdan gedən yol isə QIRMIZIMTIL idi, ora çatmaq həyatımızın zirvə nöqtəsi olacaqdı. Bütün arzularımızın açarını orada  bilirdik. Kiminə az, kiminə çox görünən o yolla, nəhayət, çatırsan. O elə bir zirvədir ki, orada yalnız MÜVAZİNƏTİNİ qoruya bilənlər dayana bilər. Bəziləri QIRMIZI həyatıyla çox az qalır o zirvədə. Və yenidən QIRMIZIMTIL kimi geri dönür, hətta bozarır, rəngsiz şəkildə həyatını sona çatdırır. Bəziləri güclü müvazinəti ilə xeyli dayanır və o mətanəti, gücü, şüuru ilə hətta qırmızını da keçir, “yaxşının yaxşısı” kimi olur: QIPQIRMIZI.

 

Burda hər adam qalib olmur, əksəriyyəti üfürülən baloncuqlar kimi düşüncəsiz düşüncələrinin qurbanı olur, nə geri – qırmızıya, nə də qırmızımtıla dönür, xırdalanıb məhv olur. Qırmızı xətti qalib bilib kifayətlənən ağıllılar isə yalnız müvazinətini qorumaqla qırmızı kimi həyatını başa vurur və öz nəslini qırmızıdan başlamaqla nəslinə yenilik gətirir. Bundan sonrakı nəsil ya daha da ucalacaq, ya da ucadan eniş edib bozaracaq...

 

Doğrudan da necə də uyğun müqayisə olur insan həyatıyla. Ətrafımız necə doludur qırmızımtıl, boz adamlarla. Bəli, məhz qırmızımtıl, boz... Yaxın, uzaq keçmişdə qırmızı xəttdə qərarlı adamlara zadəganlar deyərdilər, Sovetlər dönəmində onlar ziyalı, mədəni təbəqəni təşkil edirdilər. Onlar qıpqırmızı olmağa nəinki cəhd edirdilər, heç maraqlanmırdılar da. Müasir dövrdə isə əksəriyyət sürətlə qırmızıya çatır və heç nə düşünmədən qıpqırmızı olur, tezliklə məhv olurlar...

 

Beləliklə, cəmiyyətimizdə sanki böyük əksəriyyət dünyaya bozarmış gəlir. İki təbəqə formalaşır – bozarmışlar və sonu baloncuqlara parçalanacaq zəif qırmızımtıllar. Onlar arasında qalan çox az bir qisim  ziyalılar, mənəvi zadəganlar olan qırmızılar var. Hər iki təbəqə: qırmızılar və qırmızımtıllar illərdir öz mənəvi kimliyi, dəyərləri, savadı, dünyagörüşü ilə sahib çıxan bu insanlara – QIRMIZI XƏTTƏ MÜVAZİNƏTİ İLƏ QAÇAN insanlara istehza edirlər.

 

Ədalət eynəyini taxarkən onların cılız görkəmi o qədər yazıq görünür ki, çox təəssüf ki, onlar cismini əhatə edən qabıqdan çıxa bilmir və özlərini daha mükəmməl hesab edirlər.

 

Tanrı bəndəsinə deyir ki əgər mən sənə şüur vermişəmsə, bəs nə verməmişəm, yox əgər şüur verməmişəmsə, ay bədbəxt, bəs mən sənə nə vermişəm?!

 

Bəli, cəmiyyətimiz müxtəlif rəng çalarlı insanlarla dolu ikən, yerini tapa bilməyən o adamlara çox yazığım gəlir. Çoxa nail olum deyərkən azdan da kənarda qalan bunlar özlərindən başqa kimsəni nə başa düşürlər, nə dinləyirlər, nə də bəyənirlər.

 

Mən hesab edirəm ki, indi çox az faiz insan savadsız ola bilər. Hərfləri tanımaq kifayətdir ki, elə telefonda “Kəşf et”lə informasiya yığa bilsin.

 

Ağ kağız kimi dünyaya gələn insanın cəmiyyətin mürəkkəbi ilə yazılan həyat tərzi məni çox qırır. Öyrənməyə, öyrətməyə, xoş təbliğata ayırdığım zamanı ailəmdən, doğmalarımdan kəsərkən QIRMIZI xəttimdə aldığı zərbələrdən təskinlik tapdığım bir səbəb var. Tanrıma minnətdaram ki, mən görərək dərk edə bilirəm, bozarıb itməyəcəm, TANRIM mənə “Ay yazıq, bəs mən sənə nə verməmişəm?!” deməyəcək!!!

 

Esmira Ələkbərli