(əvvəli burada)

 

Stalin Qalaktiondan 13 yaş böyük idi. Soselo poetik səhnəyə ilk və sonuncu dəfə 1895-ci ildə İlya Çavçavadze tərəfindən təqdim edilmişdi. O, 1924-cü ildən 1953-cü ilə qədər Sovet İttifaqının qanlı tiranı idi.

 

Qalaktion 1925-1953-cü illər arasında yazdığı 5 şeir və 35 bənddə Stalini “müsbət” şəkildə xatırlayır və bir neçəsini birbaşa tirana həsr edir.

 

1923-1958-ci illər arasında gündəliklərində, şeir qaralamalarında və digər qeydlərində Stalinin adını 200 dəfə çəkir.

 

Stalin-Beriya sistemi Qalaktionu mənəvi cəhətdən məhv etdi. 1937-ci ildə onun ilk həyat yoldaşı və üç qaynı güllələndi. Elə həmin il əmisi oğlu, şair Titsian Tabidze, nasir Mixeil Cavaxişvili güllələndi və şair Paolo İaşvili intihar etdi.

 

Güllələnmək qorxusundan dəhşətə gələn Qalaktion ömrünün sonuna qədər Sovet tiranlarını tərifləməyə davam etdi. Yalnız 1924-cü ildə onları pisləyən bir şeir dərc etdirdi və bu şeir bolşeviklərə qarşı gürcü üsyanının yatırılması ilə bağlıdır. Şairə 1935-ci ildə Tbilisidə mənzil verildi. 1936-cı ildə Lenin ordeni ilə təltif edildi. Onun Tskneti və Suxumidə bağ evi, avtomobili və şəxsi sürücüsü var idi. Qanlı sistem böyük şairi rahat saxlayırdı, lakin şair onlara nifrət edirdi və ehtiyatlı davranırdı, 1925-ci ildən intiharına qədər konyunktural şeirlərlə onları yad edirdi. Düşünürəm ki, intihar meyillərinin və ya həmkarları tərəfindən görməzdən gəlinməsinin pis nəticəsindən daha çox, dahi insanda özünə qarşı yığılmış qəzəbin partlayışıdır.

                                                                            T. C.

                                                                         (2024)

 

***

Tbilisidən Suxumiyə gələn bir şair anlaşılmazlıq üzündən qonorarını almaqda bir neçə gün gecikdi. Bir səhər pulu olmayan bir şair bir dükana baş çəkdi. Onun pulu yox idi, amma əvvəlki gün yaxşıca kef çəkən şair bir stəkan araq vurmaq üçün inanılmaz dərəcədə həvəsli idi.

 

Dükançıya araq süzməsini işarə etdi. O, tərəddüd etmədən stəkan dolu arağı ona verdi.

 

“Sağ olunl!” – dedi şair, əlini yellədi və getdi.

 

Dükançı tanış olmayan kişiyə təəccüblə baxdı, amma iri gövdəli, boy-buxunlu bu kişiyə nəsə deməyi özünə rəva görmədi.

 

O biri gün Qalaktion yenidən boş ciblə dükana yaxınlaşdı və eyni şey təkrarlandı. O, araq istədi, ona süzdülər, o da içdi və bir söz demədən getdi.

 

Həmin gün qonorarını götürdü, sevindi və üçüncü gün yenidən dükana yollandı. O vaxt mən və iki tələbə orada oturmuşduq, hər birimizin masamızda bir bakal pivə var idi. Qalaktionu salamladıq, masamıza dəvət etdik, amma o, tələsdiyini deyərək imtina etdi. Sonra dükançıya əli ilə işarə edərək “Mənə araq süz”, – dedi.

 

Ayaq üstə içdi, sonra məni və dostlarımı işarə edərək – “Onlara da süz”, – dedi.

 

Dükançı onun dediyini yerinə yetirdi. Bundan sonra cibindən pul kisəsini çıxardı, on dənə yüzlük sayıb dükançıya uzatdı:

 

– Sizə minnətdaram, yaxşı insansınız. Bu yüz manatlıq ilk stəkan üçün, ikincisi ikinci stəkan üçün, üçüncüsü üçüncü üçün, dördüncüsü isə həmin gənclər üçün, fəqət beşinci yüz manatlıq isə gəlib içib pul ödəməyəcək olanlar üçün.

 

Böyük şairə heyrətlə baxırdıq. O isə bizə dedi:

 

– Sağ olun, əzizlərim!

 

Və sonra yavaş-yavaş yoluna davam etdi. Üzündə sevinc və məmnunluq ifadəsi vardı.

                                                    (Otar Çurğulianın xatirələrindən)

 

***

Həmin gün Niyaz Diasamidzenin ad günü idi. Beləliklə, məlum olur ki, bizim Niyaz Rustaveliyə gəlir, ad günündə ucadan söyüşlər söyür və lənətlər yağdırır: “Niyaz Diasamidze, sənin...”

 

Gələnlərdən biri onu eşidib, görünür, onu üzündən tanımayıb və... “Ay bala, sən kimi söyürsən?” deyə onu yaxşıca əzişdiriblər, asfalta atıb, çıxıb gediblər.

 

Yazıq oğlan çətinliklə ayağa qalxıb elə oradakı yeməkxanaya girir. Orada Qalaktion Tabidze, bir rus, iki-üç kişi və biz idik. Rus pivəsini yerə qoyub təəccüblə Niyaza yaxınlaşdı və soruşdu:

 

– Səni kimlər bu hala saldı, səni kimlər belə əzişdirdi?

 

– Heç kim. Küçədən gəlirdim, birdən asfalt qalxdı, əvvəlcə mənə dəydi, sonra məni oxşadı...

 

(Söhbət, əlbəttə ki, rus dilində gedir).

 

Qalaktion gülümsədi:

 

– Səni, əzizim, asfalt hələ də oxşayır, – deyib araq içdi, Niyaza yaxınlaşıb başından öpdü.

 

Elə bu anda yeni gələnlərdən biri soruşdu:

 

– Cənab Qalaktion, necəsiniz?

 

Cavab olaraq Qalaktion əllərini açıb Olyanın sürgününə həsr olunmuş sətirləri oxudu:

 

Və pəncərədən əyilən şüa,

evdən çıxdı və bir daha geri qayıtmadı.

 

Sonra bizə tərəf döndü:

 

– İçin, deyin-gülün, amma şorunu çıxratmayın!

                  (Dima Batiaşvilinin xatirələri, “Qalaktionologiya” toplusundan, II, 2004)

 

***

Küçə ilə gedirəm. Terenti Qranelinin gəldiyini görürəm. Mənə yaxınlaşanda sağ əlini qaldırıb qışqırdı:

 

– Mən Qalaktiondan daha böyük şairəm.

 

Düşünürdüm ki, o, özünü Qalaktiondan daha üstün tutur.

 

Mən belə hesab etmirdim, amma düşündüm ki, onu sevindirərəm və ona dedim:

 

– Siz, cənab Terenti.

 

– Uf, səni, mən sənin dürüst insan olduğunu düşünürdüm! – Ucadan mənə dedi və getdi.

                                (Saşa Mikeladzenin xatirələrindən)

 

***

Belə bir Qalaktionu tanıyırsınızmı? Məhz elə bu zaman ilk sevgi, ikinci gəldi...

 

Qalaktionun ilk sevgisi atası erməni, anası isə rus olan 17 yaşlı Maro adlı bir qız idi. Şair qızı sevdiyinə əmin olsa da, qarşılıqlı hissin olub-olmadığına şübhə edirdi.

 

– Ah! Ürəyim parçalanır! Maro bəlkə də mənim sevgimi hiss etməyə bilər... Xeyr, o, mənim istedadımın pərəstişkarıdır... Aman Allah, bu işgəncə nə qədər davam edəcək?!

 

Gözlənildiyi kimi, işgəncə uzun sürmədi. 19 yaşlı şairin ehtirası keçici oldu.

 

Marodan xatirə olaraq ona olan hisslərlə isinmiş “Çiçəyin ürəyindəki şeh necə də gözəl idi” şeiri qaldı.

 

Tezliklə üfüqdə “qeyri-adi dərəcədə gözəl” Raisa peyda oldu – Qalaktionun gürcü dili müəllimi Rafiel Çixladzenin qızı.

 

Pərəstişkarları tərəfindən əzizlənən qız Qalaktionun şeirlərinə vurulmuşdu və gənc şairə bu təsiri göstərmişdi:

 

– Deyilənə görə, Qalaktion çox istedadlı bir şairdir, cəhd et, cavan oğlan, mənə bir şeir yaz.

 

Sevgidən coşmuş şair Kutaisi gözəlinə bir şeir əvəzinə yeddi şeir həsr etmişdi.

 

Münasibətlər ciddiləşdiyi bir vaxtlar Raisa təhsilini davam etdirmək üçün Kiyevə yollandı.  Qalaktion ümidsizliyə qapıldı.

 

O, hisslərini yalnız ən yaxın dostu – özü də cavabsız sevgidən əziyyət çəkən və gözdən-könüldən uzaq Fartsxnaliyə müəllim təyin olunmuş şairin hansı ağrıları hiss etdiyini ən yaxşı başa düşməli olan Mixeil Boçorişvili ilə bölüşürdü...

                           (“Adi və qeyri-adi Qalaktion” kitabından)

 

***

Artıq bu vaxtlar jurnallar və qəzetlər onun əsərlərini məmnuniyyətlə dərc edirdi. Qalaktion Tabidze artıq məşhur şair idi. Ədəbi gecələrin daimi iştirakçısı idi, orada tez-tez bol güllərlə və tamaşaçıların gurultulu alqışları ilə qarşılanırdı.

 

Alqış səsləri kəsiləndə, gecədə iştirak edən şairlər hansısa kafedə və ya mağazada gecənin uğurunu qeyd edirlər... Qalaktion Tabidze Kutaisinin qaranlıq küçələri ilə təkbaşına daha qaranlıq, soyuq, kasıb mənzilinə doğru gedir və heç vaxt əmin deyil: Sabah səhər yeməyi üçün pul tapacaqmı, yoxsa tapmayacaqmı. Nə isə, sabah hər şey qaydasına düşəcək.

 

Ən pisi odur ki, evdə masada anasından namə gözləyir:

 

“Həmişə düşüncələrimdə olan sevimli oğlum Qalaktion! Sizə ən yaxşı günləri arzulayıram... Mərhəmətli uca Tanrıdan sizə işlərində yol göstərməsini diləyirəm... Təkcə öz ağlınıza güvənməyin, bizim ağlımıza da inanın. Oxumuş insan, gününüzü və vaxtınızı faydasız şeylərə sərf etməyin. Nə özünüz üçün, nə də ailəniz üçün yaxşı deyilsiniz, əgər hər hansı bir işiniz varsa, onlara görə məsuliyyət daşımırsınız.

 

Özünüzə və ailənizə faydasız olmayın...”

(Revaz Tvaradze, “Qalaktion həyatının əfsanəsi”, 2001)

 

***

Qalaktionun ikinci həyat yoldaşı Olqa Dariusdur. Onlar bir neçə il birlikdə yaşayıblar. Hər şey belə başladı:

 

1938-ci ilin may ayında Olqa xəstəxanaya gedərkən Qalaktionla qarşılaşdı, onu xəstəxanaya getməkdən çəkindirdi: “Mən sənə baxacağam”.

 

O, onu evə qədər izlədi, həqiqətən də ona baxdı, ağırlaşmış qripdən sağalmasına kömək etdi. Və sonra qaldı və qaldı. Münasibətlər tezliklə gərginləşdi: Bu barədə Qalaktionun gündəliklərindən öyrənirik... (“Qalaktion, 200 hekayə” kitabından. “Artanuc”, 2019).

 

Sonra? – Sonra üçüncü həyat yoldaşı Nino Kvirikadze olub.

 

Bəli, Qalaktionun üç arvadı var idi və... Onun heç vaxt arvadı olmayıb.

 

O, üç dəfə evli adlandırılıb və... heç vaxt evli olmayıb.

 

Mən subayam, – Olya Okucava ilə yeddi ilin kəbin kəsdirdiyini nə vaxt təstiq edirdi? 

 

Əgər onu məhşər ayağına çəksəydilər, yəqin ki, orada da çarəsizcə çiyinlərini çəkərdi: “Arvadlarım var idi, yox idi, onlar var idi, yox idi”.

(Rostom Çxeidze)

 

***

1925-ci ildə Qalaktionun  “Yüz şeir”i “Mnatobi” jurnalının bir sayında dərc olunanda jurnalın məsul katibi Mose Qoqiberidze şairə dedi:

 

– Bunu niyə edirsən, Qalaktion! Sən yüz şeir nəşr edirsən və bir şeir üçün qonorar alacaqsan. – Almaniyada təhsil almış gənc fəlsəfə doktoru ona quruli ləhcəsində dedi.

 

Başqa vaxt Qalaktion ödənişinin gecikməsindən əsəbiləşib və cib dəftərinə yazıb: “Bu Qoqiberidze mənim əlimdə öləcək”.

 

Pulsuz şairin yumoristik bir şeirində şikayət etdiyi şey məhz qonorarların şübhəli şəkildə buxarlanmasıdır:

 

Aha, Mose, mənim Mosem,

Özünə bax, canına bax.

Səni kimi bir filosof

Öz vaxtında yeməlidir.

 

İçməsə və yeməsə,

Keşiş daha da çox lənətləyəcək

Əgər o, öyrənə bilməsə

Hegeli və Dəsturlamanı.

 

Əgər pul qazanmasa,

“Mnatobi”ni bağlamasın,

Eynşteyni hədələsin ki,

Görüləsi işi o etsin.

 

Tarixçi deyəcək Posse,

Belə daha yaxşıdır.

Qoy Qalaktion şeirlər yazsın

Və qonorarı yesin Mose.

 

Qalaktion Mosenin kim olduğunu çox yaxşı bilirdi, o, həmçinin onun əsərləri ilə də tanış idi – şeirdə Hegel və Eynşteyni xatırlatması boş yerə deyilmi?!

 

Qonorara gəldikdə isə – hər ikisi kasıb, yoxsul idilər.

                       (“Senzurasız Qalaktion” kitabından, “Artanuc” nəşriyyatı, 2022)

 

***

Bir dəfə gənc yazıçılar ondan soruşdular:

 

– Cənab Qalaktion, doğrudur, Yazıçılar Birliyinin lövhəsinə baxanda deyirdiniz ki, Gürcüstanda yalnız bir yazıçı var və niyə bir yazıçının birliyə ehtiyacı var?

 

Qalaktion ucadan güldü.

 

Deyəsən, ona dedikləri xoşuna gəlmişdi, amma inkar edərək başını yellədi:

 

– Bu hekayə uydurmadır, düşmənlərimi artırmaq istəyirlər... Bizim bir neçə yazıçımız var. – Gülərək dedi...

 

Gənclərin sualı, yəqin ki, ona “Bağışlayın, mən təkəm!” sətrini xatırlatdı...

 

Və düşündü:

 

– Xeyr, sən bunu möhtəşəm şəkildə uydurursan – bir yazıçının birliyi, doğrudan da, bu barədə haradan eşitmisən?!

                                    (“Adi və qeyri-adi Qalaktion” kitabından)

 

(davamı var)

 

Topladı və gürcü dilindən tərcümə etdi:

Mirzə Məmmədoğlu