Mən bu yazını ustad şairlərdən üzr istəyərək yazıram. Çünki şair deyiləm. Sadəcə kənardan baxan bir insan kimi, bir mədəniyyət işçisi kimi, icmanın bir nümayəndəsi kimi düşünürəm ki, bu mövzuda kiminsə səsini çıxarması lazımdır. Elə buna görə də bu yazını yazmağa qərar verdim.
“Şeir yazmaq asan deyil, gəzmə burda veyil-veyil” – bu sözlər mərhum Azərbaycan Xalq artisti Yaşar Nuriyə aiddir. Allah rəhmət eləsin! Uşaq vaxtı onun bir televiziya tamaşasına baxmışdım. Tamaşanın adı, təəssüf ki, yadımda qalmayıb. Neçə gündür axtarıram, amma həmin teletamaşanı tapa bilmirəm. Yaşar Nuri özünəməxsus yumoru və iti satirası ilə özünü şair hesab edən, hər qafiyə düzüb şeir yazdığını düşünən insanları çox gözəl tənqid etmişdi. Doğrudan da, şeir yazmaq asan deyil. Dörd sözü qafiyələndirməklə insan özünə şair deyə bilməz. Şairlik təkcə qafiyə qurmaq deyil, düşüncə, hiss, həyat təcrübəsi, bir sözlə, məsuliyyət tələb edir. Əsl şeir oxucunun qəlbinə toxunmalı, onu düşündürməli, illər keçsə də yaddaşda qalmalıdır. Təəssüf ki, bu gün bəziləri elə bilir ki, bir neçə qafiyəli cümlə yazmaq şair olmaq deməkdir. O ada layiq olmaq üçün təkcə yazmaq yox, həm də sözün yükünü daşıya bilmək lazımdır.
Elə adamlar tanıyıram ki, dünya ədəbiyyatı bir yana, heç Azərbaycan ədəbiyyatının böyük simalarını da tanımır, heç əsərlərini belə oxumayıblar. Əsl şair əvvəl yaxşı oxucu olur, sonra qələmi əlinə alır (Bunu şairlər yaxşı bilirlər). Yoxsa bunlar olmadan sizin yazdığınız “fıttı fıtış, fıttı fıtış”dan başqa bir şey olmayacaq.
Məncə, bu gün Gürcüstanda dəyərli qələm adamları, ədəbiyyatşünaslar və təcrübəli şairlər bir araya gəlməlidirlər. Özünü şair kimi təqdim edən hər kəsin yazılarına peşəkar yanaşmalı, onların yazdıqları gözdən keçirilməlidir. Məqsəd kimisə alçaltmaq və ya həvəsdən salmaq yox, istedadı düzgün istiqamətləndirmək olmalıdır. Düzgün istiqamət göstərilməli, çatışmazlıqlar izah edilməli, oxunmalı olan müəlliflər və inkişaf yolları tövsiyə olunmalıdır. Belə bir ədəbi mühit həm yeni qələm sahiblərinin inkişafına kömək edər, həm də şair adının nüfuzunu qoruyar. Yoxsa “Mən şairəm, toyda şeir oxuyuram və ya qəbir daşına “zakaza” şeir yazıram” şairlik adına böyük ləkədir. Bu ada layiq olmaq üçün təkcə yazmaq kifayət etmir, daim oxumaq, öyrənmək və öz üzərində işləmək lazımdır. Yenə deyirəm, mən şair deyiləm, mənə kiminsə yaradıcılığı haqqında fikir bildirmək yaraşmaz. Amma bir sənət adamı kimi istəyirəm ki, burada – Gürcüstanda da güclü qələm adamlarımız, istedadlı şair və yazıçılarımız çoxalsın. Say yox, keyfiyyət artsın. Tənqiddən inciməsinlər, əksinə, onu inkişaf üçün bir fürsət kimi qəbul etsinlər. Çünki sağlam tənqid insanı zəiflətmir, onu gücləndirir. Əgər istəyiriksə ki, gələcəkdə adları hörmətlə çəkilən şair və yazıçılar yetişsin, onda həm oxumağa, həm öyrənməyə, həm də peşəkar yanaşmaya daha çox önəm verməliyik.
Bu gün “BEEZ” Uşaq Teatrı olaraq uşaq ədəbiyyatında müəyyən boşluq hiss edirik. Təəssüf ki, yazarlarımızın əksəriyyəti uşaqlar üçün əsərlər yazmağa maraq göstərmir. Halbuki bu gün uşaqlara çatdırılacaq o qədər aktual və maraqlı mövzular var ki... Son tamaşamızda səhnələşdirdiyimiz Azər Musaoğlunun “Keçmişdən gələn oğlan” pyesi bunun gözəl nümunəsi idi. Əsərin mövzusu çox uğurlu, aktual idi. Arzu edərdik ki, Gürcüstanda yaşayan dəyərli ağsaqqal qələm adamlarımız, yazıçılarımız da uşaqlar üçün bu cür əsərlər qələmə alsınlar. İstər milli dəyərlərimizi, istərsə də günümüzün problemlərini uşaqların anlayacağı dildə təqdim edən pyeslərə və hekayələrə böyük ehtiyac var. Yazmaq sizdən, səhnələşdirmək isə bizdən. Gəlin birlikdə uşaqlarımız üçün daha zəngin və daha dəyərli bir ədəbiyyat yaradaq.
Nə isə, gələk özünə şair deyən “şair”lərə. Bu gün Gürcüstanda həqiqətən dəyərli qələm sahibləri var. Sizlərin onlar tərəfindən təsdiqlənmədiyi mütdətcə özünüzə şair deməyiniz doğru deyil.
Yəni şairlik ad deyil, məsuliyyətdir, çalışmaqdır, oxumaqdır və bu ad siz təsdiqləndikdən sonra verilir. Yazımı Mikayıl Müşviqin bu şeiri ilə bitirirəm:
Anasız uşağa dayə gərəkdir,
Şairə ilhamdan maya gərəkdir.
Şairəm söyləyir yerindən duran
Adamın üzündə həya gərəkdir.
Binəli İslamoğlu
“BEEZ” Uşaq Teatrının rəhbəri, rejissor