Bu gün Gürcüstanda kriminal ərazi kimi daha çox Kvemo Kartlinin adı hallanır. Bəli, haradasa həqiqət var, yox, əgər desəm ki, bu fikri daha çox mediamız yaradır, inanarsınızmı? Təəssüf...
Necə ki, adamı geyiminə görə qarşılayırlar, necə ki, danışdıqca kim olduğunu bilirlər, necə ki, uşaq evin güzgüsüdür... Həə, bax, məsələ budur. Bu gün cəmiyyətimizin güzgüsü – özümüzü təqdim edən uşağımız – mediamızdır.
Mediamız dedikdə, Kvemo Kartliyə məxsus xəbər saytlarını, xüsusilə sosial şəbəkədə, həmçinin artıq dördüncü hakimiyyətin sıralarına sürətlə inteqrasiya edən bloqerləri də nəzərdə tuturam.
Bu mövzuda olan bir məqalədə qeyd etmişdim, təkrar yazıram: İkinci Dünya müharibəsində Hitlerin qoşunları sürətlə irəliləyirdi. Ordu güclü tələfat verirdi. Müharibənin ilk aylarında Stalinə xəbər çatır ki, əhalidə ruh düşkünlüyü var. “Dahi rəhbər” tapşırıq verir ki, qətiyyən pis xəbərləri əhaliyə çatdırmayın, radioda yüngül döyüş məlumatları yayılsın, qələbə əhval-ruhiyyəli mövzulara geniş yer verilsin, yaxın fasilələrlə xalq musiqiləri səslənsin ki, əhali kövrək hislərə köklənsin. Uduzmaq təhlükəsi 1943-cü ilin Stalinqrad döyüşünə qədər real idi. İnformasiyanın təsiri ilə əhalidə yaranan böyük inam sovet vətəndaşlarını elə havaya köklədi ki, nişan üzüyündən nənə yadigarı samovara qədər müdafiə fonduna verdilər, özü də məcburiyyətlə yox, könüllü. Beləcə, Hitlerin “Barbarossa” planını məhz Sovet xalqının tam və qəti qələbə inamı pozdu.
Niyə qıraqdan baxan insanların fikirlərindən narazı olaq, məgər bu fikri özümüz formalaşdırmırıq ki?!
Zuqdididən bir tanışla səmimi ailə söhbəti edərkən qız demişdi ki, qardaşım heyvansevər adamdır, amma bir təsadüf nəticəsində iti tapança ilə vurmuşdu; onu iki il müddətinə məsuliyyətə cəlb etdilər. Bu xəbər məlumat kimi xəbərlərdə deyildi, getdi, amma Kvemo Kartlidə bir nəfərin toyuğunu yeyən iti döyməsi necə gündəm oldu, yadınızdamı? Az qaldı yazsınlar ki: “Sənin uşağın ac qalsa da olar, təki itlər ac qalmasın”. Hətta günlərlə mövzu nəinki media, hətta geniş auditoriyası olan sosial profillərdə gündəm oldu. Hətta mənim “Siz it döyəni yox, milləti təhqir edirsiniz” şərhimə görə onlarla cavab yazaraq məni qəddarlıqda suçladılar. O adamın məhkəməsindən ailə həyatına qədər müzakirə olundu. Bəs bu təqdimat deyilmi?
Unutmayaq ki, texnologiya bizə müxtəlif ölkələrlə, dillərlə əlaqədə heç bir çətinlik yaratmır. Ermənistandan Mozambikə qədər bütün internet məlumatlarını oxumaq mümkündür. Ana dilimizdə ailə münaqişəsindən sosial problemlərə qədər mövzular elə şəkildə çatdırılır ki, oxucunun, dinləyicinin, tamaşaçının diqqəti hadisənin mahiyyətindən çox hadisədəki şəxsiyyətə yönəlir. Nəticədə, dəfələrlə təkrar olan münasibət imic yaradır. Həyatda təkrarı olan heç nə yoxdur. Əkiz övladların belə barmaq izləri fərqlənirsə, görün həyatda nə qədər fərqli düşüncəli insanlar var. Təbiət yaşamaq uğrunda mübarizənin rəqabəti ilə davam edir.
Dünyanın hər yerində hər gün müxtəlif hadisələr baş verir, o hadisələrin təqdimatına görə o ölkələr, dövlətlər və insanlar haqqında fikirlər formalaşır. Son zamanlar elə gün olmur ki, Kvemo Kartli xəbərlərində üzücü xəbər olmasın. Unutmayaq ki, ahəngin, nidanın, vurğunun nataraz işlənməsi cümlənin mahiyyətində dəyişiklik yaradır. Sözün sakiti də eynidir, hündürü də, sadəcə, hündürü qorxudur. Xoş olmayan xəbərlər əsəbləri pozur, yeniyetmələrin həyatına qorxu filmi kimi gəlir, bəzən maraq yeni cinayətlərə yol açır. Bəli, bu mənim yox, psixoloqların yekdil rəyidir. Bəzən gün ərzində bir dənə də olsa ürəkaçan, xoş xəbər paylaşılmır. Bugünkü reallıq elədir ki, daha televizor qarşısında xəbər proqramı izləmirik, radio dinləmirik. Yuxudan ayılanda da, işdən yorulanda da, nəqliyyatda gedəndə də, qonaq olduğumuz ortamda da əlimiz telefona gedərkən ilk qarşımıza çıxan yeniliklər olur. O xəbərlə də günümüzə enerji yüklənir. Məgər həyatımızda daim pis xəbərlər olur?!
Marneulinin adını kriminal ərazi kimi hallandıranlar gənclərin uğurlarını xəbər kimi paylaşa bilməzmi? Məktəblilərin məktəb uğurunu, gənclərin tələbə uğurunu, məzunların fəaliyyət uğurunu paylaşmaq olmazmı? Mənim Gürcüstanda Azərbaycandilli Məktəblər Birliyinin profil və səhifəsində paylaşdığım uğurları təbliğ etməklə Kvemo Kartli imici yaratmaq olmazmı?
Saz, söz yurdu olan Borçalı ellərinin elə kəndi yoxdur ki, orada ya şair, ya şeirsevər olmaya... Hər dəfə bir kəndin bir tamadasından bir bənd şeir verməklə, bir ağsaqqaldan bir nəsihət verməklə, kəndbəkənd fərqlənən milli yerli adətlərdən, mətbəxdən fraqmentlər verməklə həm boşluqlar dolar, həm də auditoriya yorulmaz, usanmaz. Ən əsası paylaşdığımız post Mozambikdə belə kiminsə qarşısına çıxarsa, anlayar ki, bu profilin, saytın, qrupun sahibinin məxsus olduğu ərazinin – ölkənin mədəniyyəti, incəsənəti, təhsili heç də geri deyil.
Bax, buna deyirəm yaratdığımız nəzər imici.
Esmira Ələkbərli