Artıq 2026-cı il üzrə vahid milli imtahanların nəticələri açıqlanıb və minlərlə gənc aylarla davam edən hazırlıq prosesindən sonra tələbə adını qazanıb. Baxmayaraq ki, hələlik universitetlər üzrə yekun yerləşdirmə nəticələri və ümumi qəbul statistikası elan olunmayıb, abituriyentlərin topladıqları ballar əsasında onların böyük əksəriyyətinin hansı ali təhsil müəssisələrində təhsil alacağını təxmin etmək mümkündür. Artıq bir neçə həftə sonra onlar üçün tamamilə yeni bir mərhələ – auditoriyalar, ilk mühazirələr, yeni dostluqlar, imtahan sessiyaları və həyatlarının gələcək istiqamətini müəyyən edəcək universitet illəri başlayacaq. Bu münasibətlə mən də öz növbəmdə tələbə adını qazanan hər bir gənci ürəkdən təbrik etmək istəyirəm. Qarşıdakı illərin onlar üçün yalnız diplom əldə etmək dövrü deyil, həm də düşünməyi, araşdırmağı, səhv etməyi, səhvlərindən dərs çıxararaq inkişaf etməyi öyrənəcəkləri bir məktəb olmasını arzulayıram. Universitet yalnız peşə qazandıran məkan deyil, insanın dünyagörüşünü formalaşdıran məkandır. Ümid edirəm ki, bugünkü uğur gələcək nailiyyətlərin yalnız başlanğıcı olacaq və onlar bu yolu əzmlə, məsuliyyətlə və daim öyrənmək həvəsi ilə davam etdirəcəklər.
Lakin universitet həyatı təkcə qəbul sevinci ilə məhdudlaşmır. Yeni mərhələ ilə yanaşı tələbələri həm akademik, həm də psixoloji baxımdan fərqli çağırışlar gözləyir. Yeni mühitə uyğunlaşmaq, yüksək akademik tələblər və artan məsuliyyət artıq onların gündəlik həyatının bir hissəsinə çevriləcək. Bütün bunlara bir də təhsil haqqı məsələsi əlavə olunur ki, bu da əksər ailələr üçün ən vacib mövzulardan biridir. Xüsusilə də 2026-2027-ci tədris ilində universitetə qəbul olanlar üçün bu dövr əvvəlki illərdən fərqli olacaq. Bir müddət əvvəl ali təhsil sistemində aparılan islahatlar, qəbul kvotalarının dəyişdirilməsi, “Bir şəhər – bir fakültə” prinsipi və universitetlərin strukturunda nəzərdə tutulan yeniliklər barədə yazmış, həmin qərarların mümkün müsbət və mənfi tərəflərini təhlil etməyə çalışmışdım. Bu dəfə isə diqqət universitetlərin təşkilati quruluşuna deyil, tələbələrin və onların ailələrinin birbaşa hiss edəcəyi başqa bir yenilik olan ali təhsilin maliyyələşdirilməsi üzrə yeni modelə yönlənir.
Gürcüstan hökumətinin 30 iyul 2026-cı il tarixli, №359 qərarı ilə dövlət tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinin maliyyələşdirilməsinin yeni qaydaları təsdiq edilib. Qərar yalnız 2026-2027-ci tədris ilindən etibarən dövlət universitetlərinə qəbul olunacaq tələbələrə şamil edilir. Dövlət universitetlərində təhsil tam şəkildə dövlət tərəfindən maliyyələşdirilməsi ilk baxışdan kifayət qədər cəlbedici görünür. Lakin qərarın detalları göstərir ki, bu maliyyələşmə müəyyən akademik şərtlərin yerinə yetirilməsindən asılı olacaq.
Yeni modelə əsasən, dövlət maliyyələşdirməsi iki hissəyə bölünür. Təhsil haqqının 50 faizi zəmanətli baza maliyyələşməsi hesab olunur və bu hissə bütün uyğun tələbələr üçün avtomatik şəkildə dövlət tərəfindən ödənilir. Qalan 50 faiz isə “nailiyyətə əsaslanan maliyyələşmə” kimi müəyyən edilir və tələbənin akademik göstəricilərindən asılı olur.
Birinci və ikinci semestr ərzində tələbələr hər iki hissədən, yəni təhsil haqqının tam maliyyələşdirməsindən heç bir əlavə şərt olmadan yararlana biləcəklər. Lakin üçüncü semestrdən etibarən bu dəstəyin tam şəkildə davam etməsi üçün tələbə əvvəlki semestr üzrə müəyyən edilmiş minimum akademik göstəriciləri yerinə yetirməlidir.
Qərara əsasən, standart semestr yükü 30 ECTS kredit olduğu halda tələbə növbəti semestrdə əlavə 50 faizlik maliyyələşməni saxlamaq üçün həmin kreditlərin ən azı 80 faizini, yəni minimum 24 ECTS kreditini toplamalıdır. Başqa sözlə, semestr ərzində götürdüyü fənlərin böyük əksəriyyətini müsbət qiymətlərlə başa vurmalıdır. Bu tələbin yerinə yetirilməməsi isə maliyyələşmənin tamamilə dayandırılması demək deyil. Əgər tələbə minimum 24 krediti toplaya bilməzsə, dövlət onun zəmanətli 50 faizlik maliyyələşməsini davam etdirəcək, lakin nailiyyətə əsaslanan digər 50 faizlik maliyyə dəstəyi dayandırılacaq. Məsələn, illik təhsil haqqı 4000 lari olan proqram üzrə təhsil alan tələbə tələb olunan akademik göstəricini yerinə yetirə bilmədiyi halda, dövlət yenə də 2000 larini ödəyəcək, qalan 2000 larini isə tələbə özü qarşılamalı olacaq.
Burada vacib məqamlardan biri də odur ki, bir fəndən kəsilmək avtomatik olaraq maliyyələşmənin itirilməsi anlamına gəlmir. Məsələn, tələbə 30 kreditlik semestrdə 5 kreditlik bir fəndən uğursuz nəticə göstərsə, lakin digər fənləri uğurla başa vuraraq ümumilikdə 25 kredit toplasa, o, tələb olunan minimum həddi keçdiyi üçün maliyyələşməni saxlayacaq. Lakin ümumi nəticə 24 kreditdən aşağı olarsa, əlavə 50 faizlik dövlət maliyyələşdirməsi dayandırılacaq.
Qərar eyni zamanda maliyyələşmənin bərpası imkanını da nəzərdə tutur. Belə ki, tələbə hər hansı semestrdə bu hüququnu itirərsə, növbəti semestrdə bütün nəzərdə tutulan kreditləri, yəni 30 ECTS kreditinin hamısını topladığı təqdirdə həmin maliyyələşməni yenidən əldə edə biləcək.
Yeni qaydalar bəzi sosial qruplar üçün istisnalar da müəyyən edir. Autizm spektr pozuntusu olan şəxslər, Təhsil Nazirliyinin inklüziv təhsil proqramlarının benefisiarları, eləcə də müxtəlif dərəcəli əlilliyi olan tələbələr üçün 80 faizlik akademik göstərici tələbi tətbiq edilməyəcək. Dövlət maliyyələşdirməsi isə təhsil proqramının standart müddəti ərzində qüvvədə olacaq: dördillik bakalavr proqramlarında maksimum səkkiz semestr, üçillik bakalavr proqramlarında altı semestr, tibb ixtisaslarında on iki semestr, magistratura pilləsində isə proqramın nəzərdə tutduğu müddət ərzində (Mənbə: mshoblebi.ge).
Qərarın mahiyyətinə nəzər saldıqda isə istər-istəməz belə bir sual yaranır ki, dövlət niyə məhz bu modeli seçdi? Rəsmi açıqlamalarda bunun əsas məqsədi tələbələrin akademik məsuliyyətini artırmaq kimi təqdim olunur. Doğrudan da, müəyyən mənada bu yanaşmanın məntiqini anlamaq mümkündür. Lakin məsələ yalnız bundan ibarət deyil. Hesab edirəm ki, bu qərarın arxasında həm maliyyə, həm də idarəetmə baxımından daha geniş məntiq dayanır. Başqa sözlə desək, hökumət təkcə “pulsuz təhsil” vəd etmir, eyni zamanda həmin maliyyənin hansı prinsiplərlə xərclənəcəyini də yenidən müəyyənləşdirərək dövlət vəsaitindən daha səmərəli şəkildə istifadə etməyə çalışır, çünki hər kəsə məlum olduğu kimi, ali təhsil dövlət büdcəsinin əhəmiyyətli istiqamətlərindən biridir. Hər il universitetlərin maliyyələşdirilməsi üçün milyonlarla lari ayrılır ki, bu il yeni maliyyələşdirmə modelinin tətbiqinin ilk mərhələsi üçün dövlət büdcəsindən əlavə 42 milyon lari ayrılıb və bununla da 2027-ci ildə ali təhsilin maliyyələşdirilməsinin ümumi həcmi 170 milyon lariyə çatdırılacaq. Bu rəqəmlər göstərir ki, dövlət ali təhsil sahəsinə əvvəlkindən daha çox investisiya qoymağa hazırdır və təbii olaraq, bu vəsaitin nə dərəcədə səmərəli istifadə olunduğunu görmək istəyir. Əgər ayrılan maliyyə tələbənin akademik fəaliyyəti ilə heç bir şəkildə əlaqələndirilmirsə, bu zaman dövlət yalnız təhsil haqqını ödəyən tərəf rolunda çıxış edir. Yeni model isə bu yanaşmanı dəyişərək maliyyəni müəyyən nəticə ilə əlaqələndirməyə çalışır. Burada verilən əsas mesaj ondan ibarətdir ki, dövlət ali təhsilə investisiya qoymağa davam edir, lakin bu investisiyanın qarşılığında tələbədən də minimum akademik məsuliyyət gözləyir. Digər tərəfdən, yeni modelin tətbiqi universitetlərdə uzun illər müşahidə olunan bəzi problemlərin qarşısını almaq cəhdi kimi də qiymətləndirilə bilər. Heç kimə sirr deyil ki, bəzi tələbələr universitetə qəbul olduqdan sonra ilk illərdə dərslərə davamiyyətə və akademik nəticələrə əvvəlki qədər ciddi yanaşmırlar. “Onsuz da təhsil haqqım ödənilir” düşüncəsi ilə dərslərə və akademik göstəricilərə önəm verilməməsi hallarının şəxsən özüm də şahidi olmuşam. Məsələn “1+4” proqramı ilə universitetə daxil olub qrantı olmayan tələbələr SOCAR-ın maliyyə dəstəyindən istifadə edə bilmək üçün hər semestr 81 və daha yüksək orta bal toplamalıdırlar ki, növbəti semestrdə də onların təhsil haqqı maliyyələşdirilsin. Məhz bu səbəbdən onlar dərslərə daha ciddi yanaşır, davamiyyətlərini qoruyur və akademik göstəricilərini yüksək səviyyədə saxlamağa çalışırlar. Halbuki təhsil haqqı ilə bağlı belə bir narahatlığı olmayan bəzi tələbələrdə zaman keçdikcə motivasiyanın azalması və akademik fəallığın zəifləməsi müşahidə olunur. Əlbəttə, bu bütün qrantlı tələbələrə aid edilə bilməz, amma doğruluq payının olduğu da danılmazdır.
Yeni maliyyələşdirmə mexanizmi məhz bu psixologiyanı dəyişməyə çalışır. Artıq tələbə bilir ki, dövlət dəstəyi davam etsə də, onun tam şəkildə qorunması müəyyən akademik göstəricilərdən asılı olacaq. Bu isə istər-istəməz semestr boyu daha planlı çalışmağı və məsuliyyət hissini gücləndirə bilər. Bundan əlavə, hökumət bu addımla semestrdən-semestrə yığılan akademik borcların və təkrar oxunan fənlərin sayını azaltmağı da hədəfləmiş ola bilər. Çünki hər uğursuz semestr təkcə tələbənin şəxsi problemi deyil, eyni zamanda universitetlərin tədris yükünə, maliyyə planlamasına və dövlətin ayırdığı vəsaitin səmərəliliyinə də təsir göstərir. Akademik göstəricinin maliyyələşmə ilə əlaqələndirilməsi tələbələri fənləri vaxtında mənimsəməyə və proqramı gecikdirmədən başa vurmağa həvəsləndirən vasitələrdən biri kimi nəzərdə tutulmuş görünür.
Bütün bunları nəzərə aldıqda qərarı tamamilə mənfi və ya tamamilə müsbət qiymətləndirmək doğru olmazdı. Əgər yeni model praktikada şəffaf və ardıcıl şəkildə tətbiq edilərsə, universitetlərdə dərslərə davamiyyətin artmasına, tələbələrin semestr ərzində daha sistemli hazırlaşmasına və ümumi akademik göstəricilərin yüksəlməsinə müsbət təsir göstərə bilər. Bundan da önəmlisi, bu model ali təhsil sistemində məsuliyyət, nəticəyə yönümlü və hesabatlılıq prinsiplərini gücləndirən bir mexanizmə çevrilə bilər. Çünki pulsuz təhsil heç vaxt məsuliyyətsiz təhsil anlamına gəlməməlidir. Dövlətin maliyyələşdirdiyi təhsil, əslində, cəmiyyətin ödədiyi vergilər hesabına formalaşan bir investisiyadır və hər bir investisiya kimi onun da qarşılığında müəyyən nəticə gözlənilməsi təbiidir. Təsadüfi deyil ki, Nelson Mandela deyirdi: “Təhsil dünyanı dəyişmək üçün istifadə edə biləcəyiniz ən güclü silahdır”. Güclü silah isə yalnız əldə olmaqla deyil, ondan düzgün istifadə etməklə dəyər qazanır. Elə buna görə də ali təhsilin maliyyələşdirilməsi məsələsində də əsas sual “Kimə pul ayrılır?” yox, “Bu investisiya necə nəticə verir?” olmalıdır.
Çiyalə Osmanova