Qalaktionun Mesxet-Cavaxetiyə səfərini haqlı çıxarmaq üçün bir bəhanə ortaya çıxdı. Bizdə arxiv sənədi var:
Mədəniyyət Nazirliyinin Mərkəzi Mühazirə Bürosuna 25 iyul 1955-ci il tarixli 152 nömrəli əmr: Gürcüstan Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin iyun plenumunun qərarı ilə əlaqədar olaraq, 27 iyul - 5 avqust 1955-ci il tarixlərində şair-akademik Q.Tabidze, dosent Q.Kiquradze və büronun direktoru V.Qurgenidze çobanlarla mühazirələr və söhbətlər aparmaq üçün Axalkalaki, Boqdanovka, Bakuriani, Aspindza və Adigeninin yay otlaqlarına ezam edildilər (Mədəniyyət Nazirliyinin Mərkəzi Mühazirə Bürosunun Arxivi, Fond №133, Fayl №1, İş №20, səh. 149).
Biz Gürcüstan kinostudiyasından ən azı bir operator göndərməsini istədik, amma qəti şəkildə rədd cavabı və töhmət aldıq: “Vaniyə səfəriniz zamanı Qalaktion Tabidzeni çəkdiyiniz üçün aldığımız cəzanı da qəbul edəcəyik”. Mən də bu “partiya əleyhinə hərəkət”ə görə cəzalandırıldım. Məni işdən çıxarmaq istədilər, amma sərt töhmətlə kifayətləndilər. Qalaktionun qeydini sitat gətirim: “Vaxtanq mədəniyyət naziri Quniya tərəfindən töhmət aldı! Niyə Vani filmi çəkdiniz? Bir sözlə, o, bir çox şeyə qarşıdır. İyirminci əsr mədəniyyət, güclü bir əsr olduğu halda, Quniya nəyi başa düşəcək, ətrafda hansı kolibrlər var...” (Qalaktionun 12-ci cib dəftərcəsindən).
Burada adı çəkilən Quniya o vaxtkı mədəniyyət naziri, parlaq bir insan (indi akademik) cənab Avtandildir. O, bunu etməyə məcbur oldu.
Qeyd etmək lazımdır ki, hətta sonradan doğulanlar da bunu başa düşməyəcəklər və təəssüf ki, əzabkeş ölkəmizin yaxın tarixi, bədbəxtliyimiz haqqında tam təsəvvürə malik deyillər...
Vardziyanı görməli idik... Və budur, o da göründü – qayada həkk olunmuş qala-şəhər, onun tikintisinə “Onun sevimlisi Giorgi” başlamış və tamamlamamış, çar Giorginin qızı – çarlar çarı Tamar tərəfindən yerinə yetirilmişdir.
Vardziyaya çatmamışdan əvvəl sağ sahilin ortasına daha yaxından baxdıq. Kür çayının kənarında, qayalıqda, hasar divarları ilə əhatə olunmuş, kilsə olan bir yerdə. Təhlükəli yanaşma səbəbindən Qalaktionu yuxarı çıxara bilmədik.
Vardziyaya yaxınlaşdıq, Kürün digər sahilinə getdik və cığırlarla dağa qalxdıq... Bir az fasilədən sonra gürcülərin əlləri ilə qayaya həkk olunmuş dünyanın möcüzəsini demək olar ki, tamamilə araşdırdıq.
Qalaktion dedi ki, əgər gürcü milləti üçün başqa heç nə qalmasaydı, Vardziya bizə onun qəhrəmanlıq keçmişini xatırladan yeganə yer olardı. Vardziya çəkiclə həkk olunmuş möhtəşəm bir şeirdir. Onu oxuduqdan sonra, yəqin ki, bütün millətlərin nümayəndələri diz çöküb Amiranta qala – yaşayış yeri olan qayaya həkk edəni göylərə qaldırardılar.
Vardziyanı araşdırdıqdan sonra Kürün sahilinə endik, dincəldik, Axalkalakidən götürdüyümüz arabaya yükləndik və Aspindza rayonundakı doğma kəndim Sarosaya getdik.
(Vaxtanq Qurgenidze, 1993)
***
“Küçədə bir dəfə Qalaktionla qarşılaşdım, sərxoş idi. Gedək, bir sağlıq deyək. Kafeyə girdik. Hər birimiz bir stəkan içdikdən sonra o, məndən soruşdu ki, oğruların başçısını tanıyırsan? Mən də yalandan “bəli” dedim. Beləliklə, əgər kişisənsə, mənə kömək et, mən gəncliyimdə İoseb Qrişaşviliyə şeirlər həsr etmişəm, bütün nüsxələri tapıb cırmışam. İoseb özü bir nüsxə saxlayıb, oğrular onu oğurlaya bilərlər”.
***
“Yazıçılar Birliyində Qoqolun yubiley gecəsi keçirildi. Qalaktion Tabidze içəri girib İrakli Abaşidzeyə dedi: “Mən Qoqol-moqol tanımıram, axı deyin kitabımı nə vaxt nəşr etdirəcəksiniz?!
Onu Mərkəzi Komitəyə çağırdılar, “Nə iş görübsünüz, böyük rus yazıçısını təhqir edibsiniz”, – dedilər.
Qalaktion təəccüblənib dedi: “Nə təhqir, elə-belə dedim, necə ki bizdə deyirlər: Akakiya-Bakakiya”.
***
Qalaktion haradasa həyəcanlanmışdı. İndi, sənin yanına gəlməzdən əvvəl bir gənc məndən soruşdu: “Aydan ölüm” şeirinin mənası nədir? Guya da ki, bunu bilirdim!
***
“Qalaktion evdən çıxdı və dərhal quş çiynini buladı. Özünü sahmana salmaq üçün evə qayıtdı və bir şeir yazdı:
Evdə bekarə nə edəcəksən? Dırnaqlarını kəsirsən... Qarda. Çölə çıxacaqsan və başını vuracaqsan... Gəl də belə bir ölkədə yaşa”.
(Muxran Maçavariani, “Qalaktion barədə xatirələr”)
“Bir dəfə Yazıçılar Birliyinə gələn Qalaktion Tabidze otaqlardan birinin qapısını açıb toplaşanlardan təbəssümlə soruşdu: “Əzizim, şairlərlə görüşünüz varmı?”
***
Qalaktion 1951-57-ci illərdə “Pobeda” avtomobilinə sahib idi. “Pobeda” avtomobili 1946-1958-ci illər arasında 240000 ədəd istehsal olunub, bunlardan 14000-i çadırlı olub. 1950-ci illərdə Gürcüstanda 20-yə qədər kabriolet “Pabeda” avtomobili satılıb ki, bunlardan birini Qalaktion təxminən 6000 rubla alıb.
Qalaktion 17 yanvar 1951-ci il tarixli gündəliyində yazır: “Bu gün biz “Pobeda” tipli yeni bir avtomobil aldıq. 57-51. GN”.
1950-ci illərdə o, “Saxelqam”a 19 tələb irəli sürür. Siyahıda 14-cü yerdə o yazır: “Xalq şairi Q.Tabidzeyə avtomobil hədiyyə olunsun”.
Qalaktion maşın sürməyi bilmədiyi üçün əvvəlcə Sereteli adlı birini bir il müddətinə sürücü kimi işə götürmüşdü. Tsğneti sakini Arçil Mğebrişvili (1929-2022) 1952-1957-ci illərdə Qalaktionun son sürücüsü idi. Qalaktiondan əvvəl o, Bədən Tərbiyəsi Komitəsinin direktoru Giorgi Sixarulidzeyə sürücülük etmiş, şairə isə 5 il xidmət etmişdi. Onun maaşı ayda 100 rubl idi. Daha sonra Qalaktionun tövsiyəsi ilə A.Mğebrişvili mədəniyyət naziri Otar Taktakişvilinin sürücüsü oldu.
Rəssam Korneli Sanadze yazırdı: “Qalaktion uzun illərdir Tsğnetidə kiçik bir yaylaq evi tikirdi. O özünə nə qədər əziyyət verdi, nə qədər ona əziyyət verdilər. O qədər çalışdı ki, axırda dəyirmana bənzər bir şeyi bir təhər başa gətirdi. Məni köhnə-köşkür maşını ilə apardı. Bütün günü mənimlə meşədə, kiçik təpələrdə gəzər, tikanlı kolların arasına soxular, çiçəklərin yanında, itburnu kolları yanında dayanardı. Bir çiçək belə dərməzdi, onu sığallayar, oxşayar, ordaca oturar və zümzümə edərdi. Sonra kiçik bir uşaq kimi kəpənəklərin arxasınca düşərdi. Mənə dedi: “Mənim gülünc yaylaq evim gözəldir ki? Əgər bitirsəm suyun üzərində dayanan dəyirman kimi nə qədər gözəl olacağını görəcəksən. Nə etməli, mənim Kornelim, başqalarının sarayları var, mənim isə şeirlər sarayım var, fəqət, üstümə yağış dammasın və başqa bir şey istəmirəm”.
***
2015-ci ildə qeydə alınan bir müsahibədə A.Mğebrişvili Qalaktion haqqında yazır:
“O, on aydır ki, mənə pul vermir. Sonra ona dedim: “On aydır mənə pul vermirsən, bilirsən ki, ev tikirəm və ehtiyacım var”. Arvadı da onunla dalaşdı: “Pulun var, niyə vermirsən?”. Əsəbiləşdi. Birgə min rubl ödəməli idi və ölkədə bunun üçün ona min rubl verəcək kişi yox idi. “Artıq maşını istəmirəm, sataq və pulu oradan verərəm”, – dedi. Onu Saburtaloya apardıq, trolleybus parkının arxasında yeni “talkuçka” açmışdılar. O vaxt orada avtomobil bazarı var idi. Azərbaycanlılar gəldilər, bizə 1200 manat təklif etdilər. Qalaktion razılaşdı və düşündüm ki, 200 rubl xatirinə maşını itirirəm. O tatarları çaşdırdım, orada dedim ki, bu maşın yaramır, sizi aldadırıq və biz geri qayıtdıq. Onu Tsğnetiyə evə gətirəndə orada dedim: “Mənə ki, min manat verməlisən, iki yüz üstünə artırıram və maşını mənə ver”. O, dərhal razılaşdı və arvadı ona dedi: “Sənə bu qədər müddət xidmət edib, bağışla o iki yüz manatı, ad da sənin olacaq”. Özündən çıxdı: “Bilirsənmi, iki yüz manata neçə şüşə konyak düşür? Və mənim adım heç də əskik deyil”. Konyak o vaxtlar 3 manat 80 qəpik idi. Mənə onu bağışlamadı, faizlə kredit götürdüm, 200 manatı sayıb ona verdim və maşını 1957-ci ildə evə gətirdim.
Mənə əgər inanırsınızsa, onda, Tsğnetidə maşını olan tək mən idim. Bütün toylara gedirdim”.
(Arçil Mğebrişvili; Söhbətləşdi: Levan Cavaxişvili. Kviris Xronika, Tbilisi, 2004. 3-9 may. N18, səh. 17).
Topladı və gürcü dilindən tərcümə etdi:
Mirzə Məmmədoğlu