Milli məsələlər və cəmiyyətin dərdləri haqqında danışanda oxucuların fikirlərimizi irqçilik kimi qəbul etdiklərini görürük. “İrqçilik” termini ilə “milliyyətçilik” termini etimologiya cəhətdən oxşar olsa da, məzmun nöqteyi-nəzərdən fərqlidir. Millət qavramı orta əsrlərdə ancaq bir soya mənsub olanları nəzərdə tutmurdu. Məsələn, müsəlmanlara “millət-i İbrahim” deyilirdi. “Millət-i Osmanlı” deyildikdə tək türklər nəzərdə tutulmurdu.

 

Bu gün yaxın şərq xalqları bir-birindən təcrid olunduğuna görə hamımız öz xalqımızın dərdinə yanırıq. Milliyyətçilik ideyası altında öz soydaşlarımızın başqa xalqlardan üstün olduğunu və ya başqa xalqların bizdən əskik tərəfləri olduğunu müdafiə etmirik. Soydaşlarımız müdafiəmizi yanlış başa düşməsin. Milli məsələlərin üzərində çox durulması bizim milli tərəqqimiz üçün olduqca vacibdir. Milli kimlik uğrunda mübarizəmiz də, ana dilimizin qorunması uğrunda mübarizəmiz də milli tərəqqi naminədir.

 

Əsrimiz tərəqqi ərsidir. Bizim mütərəqqi olmağımız üçün isə bir qayə ətrafında birləşməyimiz şərtdir. Bu qayə isə şübhəsiz, milli ideologiyadır. İngilislər sənaye inqilabını ingilis xalqının rifahı və inkişafı naminə başlatdılar. Almanlar alman xalqı uğrunda mütərəqqi oldular. Bizim də milli birlik uğrunda mücadiləmiz türk millətinin əsrimizə ayaq uydurması, birliyi və diriliyi uğrundadır.

 

Milli birlik deyəndə Azərbaycanın tamhüquqlu vətəndaşı olan talışlar, ləzgilər, avarlar, tatlar və ya Türkiyə vətəndaşı olan çərkəzlər, lazlar cəmiyyətimizdən kənarlaşdırılmır. Vahid bir ideologiya ətrafında tarix boyu çiyin-çiyinə vuruşan xalqların toplanması niyə bizim hədəfimiz olmasın? Niyə parçalanaq? Niyə Türkiyənin öz yolu, Azərbaycanın öz yolu, Özbəkistanın öz yolu olsun? Bu gün siyasi birlikdən çox söz edilsə də bu, kifayət deyil. Bütün türk milləti elmi, texniki, hərbi, siyasi cəbhələr ilə bir nüvənin ətrafına toplanmalıdır ki, inkişafdan geri qalmayaq. Avropa Birliyinin yaranması Avropa xalqlarının ziyanına oldu? Əlbəttə, xeyr! Bir nəfərin qabiliyyəti tək başına aciz qala bilir, amma cəmiyyət yaranıb, fərqli qabiliyyətlər birləşsə, o zaman mütərəqqiliyin ilk addımı atılır. Parçalanaraq mütərəqqi ola bilmərik. Özbəyi, qazağı, qırğızı niyə ayrı bir millət olaraq görüm? Soyumuz eyni, kimliyimiz eyni, tariximiz ortaq, dilimiz eyni, bəs hədəfimiz, qayəmiz niyə bir olmasın?

 

Ənvər Paşa kimi böyük siyasi şəxsiyyətlər, Bəxtiyar Vahabzadə kimi böyük şairlər Turanizm ideologiyası altında irqçiliyə xidmət etmirdilər. Sağlam düşüncəli bir insan millətinin dərdini özündə hiss etməli, millətinin qayğısını çəkməlidir. Millətimiz yoxdursa biz də yoxuq. Turan dedikdə təkcə Çindən Yunanıstana bir ərazi bölgüsü və ya dövlət nəzərdə tutmayın. Turan dedikdə vahid qayə, vahid hədəf, vahid mədəniyyət və ortaq tərəqqi nəzərdə tutun və bu yola xidmət etməkdən geri durmayın.

 

Milliyyətçilik və irqçilik terminlərinə qısa da olsa aydınlıq gətirdik. Fikirlərimizin irqçilik, başqasını aşağı görmək kimi qeyri-insani fikirlərlə qətiyyən əlaqəsi yoxdur. Dərdimiz millətimizin sağalması, özünü tanıması, bir olması, çağa ayaq uydurmasıdır. Gəncləri bu yola səsləyir, millətin dərdinin təbibi olmalarını təmənni edirik.

 

 

Cəlal YADİGARLI