Qadın və kişi bərabər hüquqludur. Bu gün böyükdən kiçiyə bu ifadəni eşitməyən qalmayıb, amma təəssüf ki, dərk edən çox az insan var. Bu mövzuda yüzlərlə məqalə yazılıb, televiziya proqramları efirə verilib, sosial kampaniyalar təşkil olunub, filmlər, sənədli lentlər çəkilib. Lakin bütün bu səylərə baxmayaraq, bu mübarizə hələ də davam edir. Səbəb isə sadədir: düşüncələr dəyişmir, çünki bəziləri hələ də qadını oxumayan, danışmayan, itaət edən biri kimi görmək istəyir. Hər dəfə bir qadın uğur qazandıqda, bir qız universitetə qəbul olduqda bu köhnəlmiş fikirlər silkələnir. Və bu silkələnmə bir çoxlarını narahat edir.

 

İlk növbədə bütün imtahan verən abituriyenlərə uğurlar arzulayıram! (Bəziləri kimi, oğlan, qız ayrı-seçkiliyi etmədən).

 

Deməli, bir nəfər vahid milli imtahanlara qatılan bütün oğlan abituriyentlərə uğurlar arzulayır – “Allah müvəffəq eləsin, inşallah hamısı qəbul olsun. İmtahan verən qızlar üçün isə dua eləmirəm, onların tezliklə evlənmələri üçün dua edirəm”, – deyir.

 

Bu söhbət cəmiyyətin qadına olan münasibətini yenidən müzakirəyə çıxardı. Bəziləri “güclü qadın” obrazının guya kapitalizmin və feminizmin “uydurması” olduğunu, qadının zəif və zərif yaradıldığını, təhsil almağın və karyera qurmağın qadın üçün yersiz olduğunu iddia etdi. Hətta belə bir fikir də səsləndirildi: “Oxuyan qız almaram”.

 

Məni isə ən çox bu rəy narahat etdi: “[Qızlar] oxuyarkən həm də işləyib əsəbləri pozulur, sağlamlıqlarını itirirlər. Əsəb və stres çəkməkdən vaxtında ailə və uşaq sahibi ola bilmirlər”.

 

Bəli, təhsil alarkən işləmək çətindir. Amma bu, güclü xarakterin və iradənin göstəricisidir, nəsə pis və doğru olmayan bir şey deyil. Hər kəsin həyat imkanları eyni deyil və çox insan oxuyaraq, işləyərək öz həyatına yön verir. Sağlamlığa gəldikdə isə, sağlamlıq təkcə oxuyan insana deyil, ümumiyyətlə, hər kəsə qayğı ilə yanaşmağı tələb edir. Qadınların təhsil alması onların sağlamlığına və ya ailə həyatına zərər vurmur, əksinə, bu, onların daha sağlam, daha savadlı və daha özünə güvənən fərdlər kimi formalaşmasına səbəb olur. Təhsil alan qadın nəinki daha yaxşı ana və həyat yoldaşı olur, həm də cəmiyyət üçün güclü təməldir. Savadlı qadın – savadlı nəsil deməkdir. Qızlar da təhsil alanda da, işləyəndə də sağlam qala bilərlər, məsələ düzgün həyat tərzindədir, təhsildə yox.

 

O ki qaldı ailə həyatı qurmağa, qadın həm təhsil ala, həm karyera qura, həm də istədiyi vaxt ailə sahibi ola bilər. “Vaxtında” anlayışı nisbi və hər kəs üçün fərqlidir: 20 yaşda da olar, 30-da da, 35-də də. Əsas odur ki, bu seçim qadının öz qərarı ilə olsun, cəmiyyətin “vaxt keçir” təzyiqi ilə və ya hansısa bir qadın düşməninin fikirləri ilə yox. Təhsil alan, öz karyerasını quran, dünyagörüşünü formalaşdıran bir qadın niyə tələsik, hazırlıqsız ailə qurmalıdır? Yalnız cəmiyyətin “25 yaş sindromu”na görəmi? Bəzi qadınlar 23 yaşında həm ailə sahibi, həm də uğurlu mütəxəssis olurlar. Bəziləri 35 yaşında ana olur və çox gözəl həyat yaşayır. Hər kəsin həyat yolu fərqlidir. Heç kimə bu yolu “gec” və ya “tez” adlandırmaq hüququ verilmir.

 

“Vaxtında” evlənmək qadını xoşbəxt etmir. Doğru insanla, doğru zamanda evlənmək qadını xoşbəxt edir. Təhsil almaq, özünü inkişaf etdirmək, güclü və azad fərd olmaq – bunlar qadını heç nəyə gecikdirmir, əksinə, onu zənginləşdirir. Qadının təhsildən və ictimai həyatdan uzaq tutulması təkcə onun yox, bütöv bir cəmiyyətin gələcəyini qaranlıqda qoyur. Necə ki, Hacı Zeynəlabdin Tağıyev demişdir: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”.

 

Kənd məktəbində şaxtada dərsə gedən müəllim, pandemiyada gecə-gündüz işləyən tibb bacısı, ailəsini təkbaşına dolandıran ana – bu cəmiyyətin görünməyən qəhrəmanlarıdır. Onların varlığı göstərir ki, qadın zəif deyil, gözlə görünməyəcək qədər güclüdür. Onların zəhməti danılmazdır. Onlar bu xalqın öz bağrından çıxan, çətinliklərlə ayaqda duran qəhrəmanlardır.

 

 

Aytən FƏTULLAYEVA