Ay başınıza dönüm, bu ictimai xadim kimdir, nəçidir, nə iş görür, nə yeyir, nə içir, nə çəkir?.. Bizim buralarda daş atırsan mütləq gedib ictimai xadimə dəyir. Küçədə, bazarda, marketdə, supermarketdə, hipermarketdə, nəqliyyatda, parkda, teatrda, kinoteatrda, toyda, yas yerində, çayxanada, meyxanada, bir sözlə, hər yerdə ictimai xadimlə toqquşursan. Hətta ictimai olmayan yerlərdə də qarşına ictimai xadim çıxır.
Tələbəsindən müəlliminə, tineycerindən pensionerinə, fiziki şəxsindən hüquqi şəxsinə – hamı ictimai xadimdir. Soruşan, xəbər alan da yoxdur ki, bəs bu qədər ictimai xadimin ictimai fəaliyyəti nədən ibarətdir, nə iş görür, nə yeyir, nə içir, nə çəkir? Bu qədər ictimai xadimin niyə hələ də normal bir ictimai birliyi yoxdur? Niyə bu qədər ictimai xadimdən heç olmasa bir-ikisi hələ də ictimai rəyə təsir edə bilmir? Bu qədər ictimai xadim varsa, niyə ortada ictimai iş yoxdur? Niyə bu qədər ictimai xadimi olan ictimaiyyət hələ də icma ola bilmir?
Mən ictimai birlikdən, ictimai rəydən dəm vururam, amma bu qədər ictimai xadimin heç normal ictimai nəqliyyatı yoxdur. Bu qədər ictimai xadimin yığışdığı çayxanalarda, parklarda və digər ictimai yerlərdə heç normal ictimai tualeti belə yoxdur...
Amma danışanda özünü ictimai xadim elan etmişlərin ağızlarına çullu dovşan sığmır, ictimaiyyətin adından çıxış edirlər, ictimai əhəmiyyətdən danışırlar, iki sözlərindən biri “ictimai” olur. İş görməyə gələndə isə ictima ola bilmirlər. Məsələ pul olanda, qazanc olanda hər şey dönüb fərdi olur. Bu ictimai xadimlər üçün bir işdə mənfəət yoxdursa ictimai, varsa xüsusi olur.
Bizim bu ictimai xadimlərin əlindən ictimai yerlərə – tədbirlərə, sərgilərə, tamaşalara, konsertlərə, görüşlərə, konfranslara, təqdimatlara və s. çıxmaq olmur. Tədbirdən, sərgidən, tamaşadan, konsertdən, görüşdən, konfransdan, təqdimatdan və sairdən istifadə edərək başlayırlar jestlər və mimikalarla pafosla ictimaiyyətin dərdinə ağlamağa, özlərindən başqa hamını qınamağa, günahkar axtarmağa.
Özlərinin ictimai xadim statuslarını qoruyub saxlamaq üçün bu ictimai xadimlər yuxarıda sadaladığım ictimai yerlərdə mütləq iştirak etməyə, görsənməyə, şəkil çəkdirib feysbukda paylaşmağa çalışırlar. Yəni mövzusundan, məzmunundan, formatından, başlama və bitmə saatından və sairindən asılı olmayaraq bütün tədbirlərin mütləq iştirakçısına çevrilirlər. Sən ictimai xadimi tanımaya bilərsən, amma bu ictimai xadim mütləq hamını tanıyır, hamı ilə salam-kalamı var.
Görünür, indi ictimai xadim statusu qazanmaq üçün ictimai fəaliyyətlə cəmiyyətdə tanınmağa, müəyyən nüfuz sahibi olmağa, təhsilə, çıxış və davranışlarla ictimai rəyə təsir edə bilməyə ehtiyac yoxdur. İndi ictimai xadim olmaq üçün eynək taxıb, klassik kostyum-şalvar və qara ayaqqabı geyinib bütün tədbirlərdə, sərgilərdə, tamaşalarda, konsertlərdə, görüşlərdə, konfranslarda, təqdimatlarda və sair yerlərdə iştirak etmək bəs edir, fərqi yoxdur, bu, kişiyə də, qadına da aiddir. İctimai xadimin erkəyi, dişisi olmaz yəni...
İndi siz deyin, ictimai fəaliyyəti olmayan, cəmiyyətə heç bir fayda verməyən; tədbirlərdə, sərgilərdə, tamaşalarda, konsertlərdə, görüşlərdə, konfranslarda, təqdimatlarda və sair yerlərdə iştirak etməyinin heç bir nəticəsi olmayan ictimai xadimdir, yoxsa ictimai xədim?..
Azər MUSAOĞLU