Möhtəşəm tamaşa ola bilər, möhtəşəm film ola bilər, möhtəşəm konsert ola bilər, amma möhtəşəm dağılmış ferma olmur. Ötən günlərdə feysbukda qarşıma bir reklam çıxdı: “Möhtəşəm ferma”. Aparıcının hər dəfəsində “möhtəşəm” deyə qışqırması o qədər yorucu idi ki, fermanı almaq istəyən olsa belə yəqin ki, o hay-küyə qulaq asandan sonra fikrindən daşınacaq. Hələ “kısan” buynuzlu heyvanları demirəm. Yox bir, möhtəşəm tualet. Nə isə...
Mən sizə bu gün İran rejissoru Məcid Məcidinin möhtəşəm “Cənnətin uşaqları” filmi haqqında danışacağam. Filmi izlədiyim an uşaqlığım məktəbimizin kirli pərdələrindən süzülüb gözlərimin önünə gəldi. Niyə məktəbimizin? İrəlidə yazacağam. Filmin personajlarından Əli və Zəhranın saf, kövrək obrazları insanın qəlbinə toxunur, sözün əsl mənasında sarsıdır. Xüsusən də Əli obrazını canlandıran balaca aktyorumuzun ustalığı sanki ekrandan çıxıb həyatın içində nəfəs alır. Hələ dəniz dolu göz yaşlarını demirəm.
Hekayə Tehranda yaşayan kasıb bir ailənin iki övladı Əli və Zəhranın ətrafında cərəyan edir. Əli bacısının yeganə ayaqqabısını pinəçidən götürüb gətirərkən yolda təsadüfən itirir. Ailənin ağır maddi vəziyyəti səbəbindən yeni ayaqqabı almağa imkanları olmadığından çarəsiz qalan qardaş və bacı qərara gəlirlər ki, bir cüt ayaqqabını növbə ilə geyinərək məktəbə getsinlər.
Rejissor burada bacı ilə qardaş arasındakı münasibəti o qədər səmimi, o qədər dürüst təsvir edib ki, tamaşaçı həmin məsumiyyətə şahid olur. Onların bir-birinə olan sevgisi, anlayışı və fədakarlığı adi bir ayaqqabı əhvalatında belə böyük mənalar qazanır. Və bu, mənə öz uşaqlığımı xatırlatdı. O qısa xatirələrə toxunub yenidən filmə qayıdaq.
Bizim vaxtımızda məktəbdə fond pulu yığılırdı. Bu hal yalnız bizim məktəbdə idi, digər məktəblərdə belə bir şey yox idi. Həm də həmin vaxt ağır bir keçid dövrü olduğuna görə insanların əksəriyyəti çox kasıb yaşayırdı, 1998-ci illərdən danışıram, o zamanlar 6-cı sinfə gedirdim. Bir cüt ayaqqabını yazda, yayda, payızda, qışda isə içinə karton və ya sellofan qoyub geyinirdik. Ayın sonunda “zauç” sinif-sinif gəzib soruşurdu:
“– Fond pulunu yığmısınızmı?”
Bizim müəllim isə hər dəfə 3 larini verməyənləri ayağa qaldırıb deyirdi:
“– Baxın, bunlar verməyənlərdir “hörmətli” zauç”.
İnanın, o anı heç kəsə arzulamazdım, bütün uşaqların gözü qarşısında ayağa qalxırsan... mən də o ayağa qalxanlar sırasında. Ayaqqabısının altı yarılmış uşaq necə verə bilərdi 3 larini. O hiss, o travma hələ də məndə qalıb. Evə gələndə anama yalvarırdım ki, ana, məni boş verin, heç olmasa bacımın pulunu verin ki, o qalxanlar sırasında olmasın.
Bu, insana çox ağır təsir edirdi. Ayağa qalxıb, parta arxasında səkkiz yerə əyilərək, bükülərək durmaq – o alçaldıcı hiss heç vaxt unudulmur. Sanki Məcid Məcidi bu filmdə bir az da bizdən danışırdı, bir az yox, elə bizdən danışırdı. Qayıdaq filmə.
Filmdə Zəhra dərsdən tez çıxır, Əli ilə küçədə ayaqqabılarını dəyişirlər. Qaçmasına baxmayaraq Əli həmişə dərsə gecikir və müəllim onu danlayır. Bir gün elan olunur ki, qaçış üzrə yarış təşkil ediləcək və müsabiqədə üçüncü yerin sahibi mükafat olaraq bir cüt ayaqqabı qazanacaq. Əli siyahıda olmadığını görür və yarışda iştirak etmək üçün müəlliminə yalvarır. Nəhayət yarışda iştirak etməyə nail olur. O, yarışa qatılır və böyük səylə qaçır, amma üçüncü yox, birinci yerin qalibi olur. Və Əli yenə də kədərlənir, çünki arzuladığı o ayaqqabını ala bilmir.
Rejissor finalı o qədər təsirli bağlayır ki, orasını deməyəcəyəm, özünüz baxın. Yalnız bir məqama diqqət edin, finalda atasının sürdüyü velosipedin arxa oturacağına.
Bəzi tənqidçilər filmi italyan rejissoru Vittorio de Sikanın “Velosiped oğruları” filmi ilə müqayisə ediblər. Məncə, heç bir əlaqəsi yoxdur. Hə, möhtəşəm demişdik. Baxın, bu film möhtəşəmdir.
Binəli İSLAMOĞLU