Sən kimsən, qadın? Qədərin kədər doludur, sevincin bir ümmandır. Hər çətinliyə qatlanansan, qadın!

 

Keçmişimə boylanıram. Dinimizin müqəddəs elçisi Məhəmməd peyğəmbərin mənəvi dostu, dərddaşı, ilk anlayanı da sən oldun, qadın.

 

Dastanlara yaraşıq oldun, qəhrəmanlara dayaq oldun. O igidlərə də canından can verən sən olubsan, qadın! Nə Nüşabələrdən yazıram, nə Nigarlardan, elə Sara Xatun bəsdir qadın adıyla qürurlansın türk oğlu. Şeyx Şamili Şimal Qartalı kimi ucalara ucaldan, qadın, sənin müdrikliyin əvəzsizdır!

 

Ərin qazancı sel olsa da sənin bəndin onu sərhəddində saxladı. Bax, beləcə bütün ağıllı kişilərin arxasında mütləq bir ağıllı qadın var dedilər. Axı belə gördülər. Bəli, bu sənsən, qadın.

 

Dünya qadınları bir yana, sən bir yanasan, türk qadını. Atalar oğulla qürurlanarkən heç qırılmadın, sən də qoşuldun onlara, belə olmalı kimi... Süfrənin əziz tikəsi oğula verilərkən heç boynunu bükmədin, yemişkən varam dedin. Oğul toyunda doğmaların qol açdılar, sevindilər, qız toyuna ayıb deyəndə kövrəldin ayrıldığına. Bir yükdən keçib, bir yükə qatlanmağa getdin. Yox, heç yükünü qoyub getmədin ha. O sənin əbədi qayğı yükündür. Nə ata bildin, nə tuta bildin. Gəlməsən də gözünün şöləsiylə cığır açdın ata yurduna.

 

Oğul ata ocağında çıra yandıranda o çırayla öyündün, iti hürsün, işığı gəlsin dedin; nə ummadın, nə küsmədin. Sən busan, türk qadını.

 

Mənəm deyən oğulları da sən yetirdin, bəzən unudulsan da, təki sağ olsunlar bəsimdir dedin. Sən busan, türk qadını.

 

Elə özün kimi də qızlar yetirdin. Ona da eyni örnəkdən don geydirdin. Belə olmalısan. Belə öyrət dedin. Belə olmuşuq dedin. Belə görmüşük dedin. Doğulandan ölənəcən belə oldun, türk qadını!

 

Cəngavərlikdən örpəyə keçdin, öz hünərini oğullara verdin. Örpəyinlə ismətləndin, abırlandın. Ər çöldən, mən içdən qoruyaq dedin ocağımızı. Bax, beləcə yuvanı dişi quş qurur – gördülər. Şərəfləndi türk qadını.

 

Bəzən oğullarla, ərlərlə birgə silahlandın. Bəzən də silahın qələm oldu, təhsil verdin, loğman oldun. Oğullarla yan-yana addımladın. Zəif cins desələr də, bax, sən busan, türk qadını!

 

Bütün günü işləsən də evinə gəlib yenə işinə davam etdin, uşaqların qayğısı, mətbəxin sahmanı, qadın əlinin ruzisi, bərəkəti süfrəyə gəldi. Nə yoruldum deyər, nə bezdim deyərsən. Sən busan, qadın, bu!

 

Mən sənə dəyiş demərəm, çünki sən bu əziyyətlərdən zövq alansan, qadın! Mən sənə etmə demərəm, onsuz da edəcəksən. Mən bilirəm dəyişməyəcəksən, edəcəksən. Sadəcə özünü qiymətləndir deyəcəm. Özünə qiymət ver deyəcəm. Sən borcumdur dedikcə, hamı səni borclu bildi. Yox, sən kimsəyə borclu deyilsən, qadın!

 

Bütün bəşəriyyət sənə borcludur – başlanğıc üçün. Sən də hamıdan birisən. Hər dərdə dözə-dözə qızlarına dözüm öyrətdin, sıramız pozulmasın deyə...

 

Sən dəyişməzsən, türk qadını! Sən busan, bu! Dözmüşüm, dözənim! Varlığınla həyatı var edirsən. Qarşında baş əyirəm. Varlığın mübarək, QADIN!

 

Esmira ƏLƏKBƏRLİ