Biz dərin köklərə bağlı tarixi keçmişi, özünəməxsus milli-mənəvi dəyərləri, mədəniyyəti olan şanlı bir millət – türk, Azərbaycan millətiyik. Min illərdən bəridir ki, adət-ənənəmizi, mədəniyyətimizi, dəyərlərimizi qoruyaraq bu günlərə gəlib çıxmışıq. Tarix boyu çox sayda müharibələr, dağıntılar, tufanlar, qasırğalar görsək də öz kimliyimizi qorumaqdan yorulmamışıq, usanmamışıq. Ancaq gəl gör ki, bu gün biz kimliyimizdən uzaq düşməyə doğru yol almışıq. Elə bu əsnada bir cəmiyyət olaraq özümüzdən soruşmalı olduğumuz bir sual meydana gəlir: Biz kimə bənzəmək istəyirik? Düşünürəm ki, bu sualın cavabı gələcəyimizi, övladlarımızın kimliyini və milli-mənəvi dəyərlərimizin taleyini müəyyən edəcək.

 

Artıq bir neçə ildir ki, açıq-aydın müşahidə edilə bilən bir həqiqətlə üz-üzəyik: biz tədricən özümüz olmaqdan uzaqlaşırıq. Adət-ənənələrimiz, ailə dəyərlərimiz, əxlaq və ədəb anlayışımız yad təsirlərin kölgəsində qalır. Təəssüflər olsun ki, bu dəyişiklik çox vaxt “müasirlik” adı altında bizə təqdim olunur. Müasir olmaq kökündən, kimliyindən uzaqlaşmaq deyil, əksinə, bu kök üzərində qol-budaq ataraq yüksəlməkdir. Ancaq biz bəzən yüksəlmək adı ilə köklərimizi baltalayırıq. Düşünürük ki, keçmişdən utanmaq inkişafdır. Nənə-babalarımızın bizə abır-həya deyə öyrətdikləri örtünməyi gerilik bilərək bədənimizin çox hissəsini açaraq gəzməyi müasirlik zənn edirik. Halbuki keçmişini tanımayan gələcəyini də tanıya bilməz.

 

Bu uzaqlaşmanın ən bariz nümunələrindən biri uşaqlarımıza qoyduğumuz adlardır. Min illərin süzgəcindən keçərək gəlmiş, əcdadlarımızın qürurla daşıdıqları adlarımız varkən, bu gün bir çox valideyn mənasını belə bilmədiyi, sadəcə xarici seriallarda eşitdiyi və ya “trend” olduğu üçün qəribə, ruhsuz adlara üstünlük verir. Halbuki ad sadəcə səslənmə deyil, kimlikdir, taleyə yazılan ilk cümlədir.

 

Digər bir təhlükəli meyil isə əxlaqdan, ədəbdən və ailə dəyərlərindən uzaq olan, elə yayımlanma məqsədi də insanları lazımsız şeylərə meyil etdirmək olan seriallara kor-koranə bağlanmaqdır. Bu ekran məhsulları təkcə vaxtımızı almır, düşüncəmizi, davranışımızı, hətta arzularımızı formalaşdırır. Gənclər oradakı süni həyatlara, qeyri-real münasibətlərə, məsuliyyətsiz “qəhrəmanlara” bənzəməyə çalışırlar. Nəticədə zəhmət, səbir, ailə, hörmət kimi anlayışlar köhnəlmiş kimi qəbul olunur. Bundan əlavə, bəzi gənclər bu seriallardakı həyatları real həyatda uyğulamağa çalışırlar, bunun nəticəsi isə çox ağır olur. Çünki onlar da zəhmət çəkmədən varlanmağa çalışırlar, başqalarının namusuna göz qoyurlar. Və bunun nəticəsində də ailələr dağılır, övladlar psixoloji travmalar alır və sair və ilaxır. Ən acısı isə budur ki, bütün bunlar evimizin içində, uşaqlarımızın gözü qarşısında baş verir. Biz bəzən onların kimə baxdığını, kimi örnək aldığını soruşmuruq. Halbuki uşaqlar danışdığımızdan çox yaşadığımıza baxırlar.

 

Bu yazıda keçmişə qapanıb yenilikdən uzaq olaraq müasirliyə düşmən olmağa çağırmıram. Yazının əvvəlində verilən sadə suala cavab tapmağa çalışıram.

 

Bu arada gəlin bir daha özümüzə sual verək: biz niyə yenilənərkən, müasir olmağı düşünərkən özümüzdən, kökümüzdən uzaqlaşmağa çalışırıq? Başqasına bənzəməyə çalışarkən kimliyimizi niyə qurban veririk?

 

Əgər bu gün öz dəyərlərimizi qorumasaq sabah övladlarımıza ötürəcək bir mirasımız qalmayacaq. Bəlkə də artıq düşünməyin vaxtıdır: biz kimə bənzəmək istəyirik – başqalarınamı, yoxsa öz əcdadımızamı?

 

Hacı Bəkiroğlu