Burun təyinatı üzrə istifadə olunmayanda, yəni burnu sifətin ortasında yalnız iy bilmək və nəfəs almaq üçün gəzdirməyəndə başın Everest zirvəsi olan bu xımırçəkli elastik orqan əsl soyuq silaha çevrilir: burun dava salır, ailə dağıdır, qonşunu qonşuyla, qohumu qohumla qanlı düşmən edir; qlobal baxanda, hətta ölkələri də bir-birinə qırdırır – etirazlar yaradır, həbslər edir, qətllər törədir, çevrilişlər həyata keçirir və sair.

 

İnsan burnu ilə ilk növbədə nəfəs almalı, iy, qoxu bilməlidir. Burnu bu iki əsas təyinat üzrə istifadə edəndə insanın bədənində də, ətrafında da harmoniya yaranır. Bu gün dünyada bir çox insanlar bu harmoniyanı yaratmaq üçün gündəlik olaraq yoqa və müxtəlif nəfəsalma məşqləri edirlər, təmiz havada piyada gəzirlər, burunları ilə gözəl qoxulardan, ətirlərdən zövq almağa çalışırlar və sair.

 

Biz isə burundan ölçü vahidindən tutmuş sosial status göstərən şkalaya kimi istifadə edirik. Məsələn, işi bacara bilib-bilməyəcəyimizi müəyyən etmək üçün, “ölçmək” üçün burnumuzdan istifadə edirik – burnumuz girməyən yerə başımızı soxmuruq. Yaxud da, heç kəslə hesablaşmayan, dikbaş, təkəbbürlü, lovğa adamı burnunun göylə getməsindən, burnu dik gəzməsindən tanıyırıq.

 

İnsan bədənində burun yeganə əzadır ki, onu örtmək, qapamaq, gizlətmək mümkün deyil. Hətta əllərə əlcək geyinmək olur, burnu isə gizlətmək olmur. Bəlkə də elə buna görə burnumuzu hara gəldi soxuruq. Araşdırsaq bəlkə də qohum-əqrəbanın, qonum-qonşunun, tanış-bilişin işinə-gücünə, aldığı maaşa, geyiminə-keciminə, inancına, ailə məsələsinə, qapı-bacasına, mətbəxinə, yataq otağına ən çox burnunu soxan da elə biz olarıq. Buna görə də burnumuz başımıza bəladır. Dəfələrlə burnumuz ovulsa da burnuna barıt iyi dəyməyənimizdən tutmuş burnu yerə dəyənimizə kimi burnu uzunluq eləsək də burnumuzdan uzağı görə bilmirik. Bir burnumuzdan vuranımız da yoxdur ki, ay həzərat, yetər artıq, öz işinizlə-gücünüzlə məşğul olun, onun-bunun işinə-gücünə, aldığı maaşa, geyiminə-keciminə, inancına, ailə məsələsinə, qapı-bacasına, mətbəxinə, yataq otağına yekə, uzun burnunuzu soxmayın, dünyada bundan əxlaqsız zad yoxdur, “icazə” verin hərə öz həyatını yaşasın, analarından əmdiyi südü burunlarından gətirməyin, yeyib-içdiklərini burunlarından tökməyin.

 

Biz burnumuzu başqalarının işinə soxmasaq və ya burnunu başqalarının işinə soxanların burunlarına duzlu su qoysaq bu uzunburunlar da burunlarını bayıra çıxara bilməyəcəklər, qanqaraçılıq da olmayacaq, bir adamın da burnu qanamayacaq. Əgər istəyiriksə bunun qarşısı alınsın ilk növbədə öz burnumuzdan başlamalıyıq, burnumuzu başqalarının işinə-gücünə, aldığı maaşa, geyiminə-keciminə, inancına, ailə məsələsinə, qapı-bacasına, mətbəxinə, yataq otağına soxmamalıyıq. İstər qohum, istər yad – kim olur olsun, burnunu sallasa da, bunu yanımızda edənlərin sözlərini-gaplarını ağızlarında-burunlarında qoymalıyıq, bu cür dedi-qodulara qulaq şəriki olmamalıyıq. Köhnə hava burnunda qalanların yolları ilə getməməliyik, onlara oxşamamalıyıq, fırt eləyib onların burunlarından düşməməliyik. Hər şeyə göz yumub, susub burnumuzun suyunu axıtmamalıyıq. Mazaratı əvvəlcə öz burnumuzun altında axtarmalıyıq, tapmalıyıq, burnuna vurmalıyıq, belədə burnumuz gödək, dilimiz uzun olacaq, burnumuzu onun-bunun işinə soxa bilməyəcəyik.

 

Burun demişkən, Qoqolun “Burun” adlı məşhur povesti var. Əsərin baş qəhrəmanı bir səhər yuxudan oyanıb görür ki, burnu üzündə yoxdur. Burnunun boş yerini dəsmalla tutub şəhəri ələk-vələk edərək burnunu axtarır, tapa bilmir. Nəhayət polis burnu tapıb sahibinə qaytarır. Povestin bu yazıyla əlaqəsi olmasa da, ona görə xatırladım ki, hər dəfə bu əsəri oxuyanda və ya bu əsərin adını eşidəndə, haqqında danışılanda başqasının işinə dürtülən burunlarımız yadıma düşür və ürəyimdə arzulayıram: kaş qohum-əqrəbanın, qonum-qonşunun, tanış-bilişin işinə-gücünə, aldığı maaşa, geyiminə-keciminə, inancına, ailə məsələsinə, qapı-bacasına, mətbəxinə, yataq otağına girən milli burunlarımız da bir səhər beləcə yoxa çıxalar...

 

Azər Musaoğlu