Son illər ölkəmizdə sahibsiz küçə itləri problemi daha çox müzakirə olunmağa başlayıb. Küçədə yaşayan heyvanların çoxluğu bir çox insanların, xüsusilə də uşaqların təhlükəsizliyi, həm də şəhərin ümumi görünüşü ilə bağlı narahatlıq yaradır. Bu mövzuda müxtəlif mövqelər var. Kimisi onları insan həyatı üçün ciddi təhlükə sayır, kimisi isə qorunmalı canlılar kimi dəyərləndirir. “Yeni Yol” qəzetinin yazarlarından olan Esmira Ələkbərlinin yazısında da bu məsələyə elə bu bucaqdan baxılır. Lakin müəllifin yanaşması emosiyaların təsiri altında olduğundan həqiqətdən uzaq düşür. Və problemin əsl səbəblərini diqqətdən kənarda qoyur.
Məqalədə diqqəti çəkən əsas məqam odur ki, müəllif heyvansevərləri sərt şəkildə günahlandırır. O, küçə itlərinin varlığını cəmiyyət üçün faciə hesab edir və bu vəziyyətin məsuliyyətini birbaşa heyvansevərlərin üzərinə atır. Amma məsələ daha dərin və mürəkkəbdir. İtlərin küçələrdə çoxalmasının səbəbi yalnız “heyvansevərlərin” onları müdafiə etməsi deyil. Həm də bələdiyyələrin, həmçinin vətəndaşların məsuliyyətsizliyidir. Evində it saxlayan bir çox insan müəyyən müddət sonra ona qulluq edə bilmədiyi üçün küçəyə buraxır. Nəticədə bu heyvanlar nəzarətsiz şəkildə artır. İnsanlara təhlükə törədir. Deməli, günahı təkcə heyvansevərlərdə axtarmaq həll yolu deyil. Problemin kökü şəxsi məsuliyyətin zəifliyində və dövlət səviyyəsində sistemli tədbirlərin görülməməsindədir...
Esmira xanım Avropadan gətirdiyi müqayisə ilə arqumentini gücləndirməyə çalışır, qeyd edir: “Avropadan hər gələndən soruşuram ki, küçədə itlər var idimi”. Amma burada əsas sual yaranır. Avropa ölkələri bu nəticəyə necə gəliblər? Onlar heyvanları küçələrdən kütləvi şəkildə məhv etməklə, yoxsa humanist yanaşmaqla bu problemi aradan qaldırıblar? Məlumdur ki, bir çox Avropa ölkəsində heyvan sığınacaqları geniş şəkildə fəaliyyət göstərir. Heyvanların zərərsizləşdirilməsi üçün tədbirlər aparılır, məsuliyyətsiz heyvan sahiblərinə qarşı cərimələr tətbiq olunur. Yəni problemin həlli yalnız sərtlikdə deyil, həm də sistemli və düzgün yanaşmadadır.
Yazıda müəllif uşaqların təhlükəsizliyi məsələsinə toxunur və valideynlərin övladlarını küçədə sərbəst buraxmaqda tərəddüd etdiyini vurğulayır. Bu narahatlıq tamamilə haqlıdır. Küçədə azğınlaşmış, ac və nəzarətsiz heyvanların təhlükə yaratması real faktdır. Amma yenə də çıxış yolu “ityığan maşınları” xatırlatmaq, itləri toplayıb kənara atmaq deyil. Əks halda problem müvəqqəti görünməz hala düşsə də, yenə köklü şəkildə həll olunmayacaq. Əksinə, bu, insanlarda heyvanlara qarşı daha çox aqressiya və nifrət yarada bilər. Burada əsas məsələ balansı qorumaqdır. Həm insanların təhlükəsizliyini təmin etmək, eyni zamanda heyvanların da yaşamaq haqlarını da qorumaq lazımdır. Çünki hər bir canlı müəyyən bir funksiyanı yerinə yetirir.
Esmira xanım yazısında maraqlı bir məqama da toxunur. O, öz həyətində Bulud adlı bir iti saxladığını, uşaqlarının onunla oynadığını və təhlükəsiz olduğunu qeyd edir. Bu isə müəllifin fikrində ziddiyyət yaradır. Əgər it evdə, həyət çərçivəsində sevimli dost, qoruyucu hesab olunursa, niyə küçədəki itlər eyni canlı olaraq qəbul edilmir? Əslində, bu fakt bir daha göstərir ki, problem itlərdə deyil, onların nəzarətsiz vəziyyətdə küçələrdə qalmasındadır. Yəni müəllif öz təcrübəsi ilə yazısında əks arqumenti özü də etiraf etmiş olur.
Digər tərəfdən Esmira xanımın məqaləsində emosional yanaşma üstünlük təşkil edir. “İnsanları itdən ucuz tutmaq”, “sırğalı itlərin əhatəsində məktəbə tək yola salmaq” kimi ifadələr problemin elmi və sosial tərəfini kölgədə qoyur. Bu cür kəskin ifadələr oxucuya müəyyən təsir bağışlasa da, real həll yolları təqdim etmir. Cəmiyyətin gözlədiyi çıxış yolu konkret təkliflərdir. Məsələn, sığınacaqların artırılması, məsuliyyətsiz heyvan sahiblərinə qarşı müəyyən tədbirlər, maarifləndirici kampaniyalar və s. Təəssüf ki, məqalədə bu kimi istiqamətlərə toxunulmur.
Üstəlik, müəllifin yanaşması bir qədər birtərəfli görünür. Problemin həllində yalnız heyvansevərlərin günahlandırılması doğru deyil. Əslində, heyvansevərlər bu sahədə müəyyən müsbət işlər də görürlər. Məsələn, yaralı heyvanlara yardım edirlər, könüllü şəkildə sığınacaq fəaliyyəti qururlar, diqqəti məsələyə yönəldirlər... Onların mövcudluğunu inkar etmək və ya onları günahkar elan etmək ədalətli yanaşma sayıla bilməz. Əksinə, dövlət qurumları ilə heyvansevərlər arasında əməkdaşlıq olarsa nəticə daha müsbət ola bilər.
Nəticədə Esmira xanımın məqaləsi əhəmiyyətli bir problemə diqqət çəkir. Amma problemin dərinliyini və səbəblərini tam şəkildə ortaya qoymur. Yazıda daha çox emosiyalara söykənən arqumentlər var. Lakin ümumi yanaşma və həll təklifləri çatışmır. Bu cür mövzulara isə sadəcə hisslərlə deyil, praktiki təkliflərlə yanaşmaq vacibdir. Əgər biz doğrudan da Avropadakı kimi küçələrdə sahibsiz heyvanlara rast gəlmək istəmiriksə, onda Avropanın tətbiq etdiyi humanist və sistemli üsullardan faydalanmalıyıq.
Validə FƏTULLAYEVA