Sözün üzərində bir sirr pərdəsi var. O pərdəni azca qaldırsan sözün dərinliyi səni heyrətləndirəcək. Sözün sehri qarşında qat-qat açılacaq. Hər sözün müəyyən informasiya qaynağı olmasını deməyimizə bəlkə də gərək yoxdur. Hər bir söz çox zaman birdən çox məna daşıyıcısı rolunu üzərinə götürür. Sözün çoxmənalılığını üzə çıxarmaq istəyimiz bu dəfə sözün aid olduğu rənglər dünyası ilə bağlıdır.

 

Sözün rəng çalarları rəngarəngdir, göy qurşağını xatırladır. Sözün ağlıq, qaralıq, qırmızılıq dərəcəsini elə sözün öz enerjisi vasitəsilə ifadə etmək istəyimizin mahiyyətinin yazının sonuna doğru daha aydın anlaşılacağı gümanındayıq. Bir az səbrinizi bassanız bu fikri özünüz də təsdiq edəcəksiniz.

 

Göylük dirilikdir, yaşıllıqdır. Əskidən əcdadlarımız Şərq səmtini, Gündoğar tərəfləri göy, boz rənglə tanıdırmışlar. Bu səmtin atlarının rəngi bozdur, göydür, göydəmirdir. Koroğlunun Qıratı, Bamsı Beyrəyin Boz ayğırı da onların sırasındadır. Başlanğıcdır, ilkinlikdir, bəşərin çağalıq çağıdır. İrəlidir.

 

Bozluq sərtlikdir. Ruhunda savaşçılıq, döyüşçülük var. Əgər qarşındakı adamın rəngi bozarıbsa, deməli, onunla zarafat etmək olmaz. Onu yasalamaq, sakitləşdirmək lazımdır ki, iş dava-dalaşa çevrilib, qanla bitməsin.

 

Özündən çıxana, yerli-yersiz cırtqozluq edən adama “göyərmə, niyə göyərirsən?” deyərlər. Sözü göyərtməzlər. Göyün ölümlə ilgisinin olduğu buradan görünür. Boğulmuş adam gömgöy göyərir. Sözü göyərdəndə də onu öldürmüş oluruq. Söz öldüsə, meydanda silahlar danışır. Ölüm-itim qaçılmaz olur.

 

Göy yetişməmişlikdir. Acgözlər əllərinə keçəni vaxtından əvvəl, göy-göy, yetişməmiş yeyərlər. Belələrinə göyəzə deməkləri də burdan gəlməlidir. Deməzlər ki, bizdən başqa da yemək istəyən olar.

 

Sözün qırmızılığını yaxşıya da yoza bilərik, yamana da. Sözün qırmızısı al sözdür, yəni alqışdır. Yaxşılıq arzuladığımız gənclərə qırmızı günün olsun alqışını ünvanlayırıq. Qırmızı günəşin bəlgəsidir, günəşin rəngidir. Toylarımızın bəzəyidir. Başlanğıcından sonuna qədər qırmızı toyun atributlarından biridir. Qırmızı sağ tərəfin işarəsidir. Can sağlığının göstəricisidir. Sağlam biri haqqında danışarkən “elə bil yanağından qan damır” deyirlər.

 

Qırmızı Cənubun, Güney tərəflərin simvoludur. Qırmızı bəridir, yaxındır, yaxınlıqdır, doğmalıqdır. Qoşun başçıları qırmızı atlıları həmişə ordunun Cənub cinahında yerləşdirirdilər. Doru atlar qırmızı atlardır. Koroğlunun Düratı, deyəsən, Güneyi təmsil edirmiş. Qırmızı qızğınlıqdır, çılğınlıqdır, gənclikdir. Qırmızı dava-dalaşın, müharibənin rəmzlərindən biridir. Mars planeti qırmızı rəngdədir. Qırmızı baharın sonu, yayın başlanğıcıdır. Qan qırmızısı lalənin rəngidir. Eşqdir, sevgidir qırmızı.

 

Qırmızının bir həya çaları da var. Utancaqlığın simvolu kimi çıxış edir bəzən qırmızı. Utanan adamın rəngi qızarır, allanır.

 

Bəzən etdiyi hərəkətin yersiz olduğunu anlayan adamın da pərtlikdən rəngi qıpqırmızı olub, pazıya dönür.

 

Qırmızı bir qədər tündləşəndə, doymuş, tox qırmızıya çevriləndə hiylə çaları da qazanır, həyasızlıq simvoluna da çevrilir. Al diliylə insanı yoldan çıxarırlar. “Al” klassik ədəbiyyatda, “Kitabi-Dədə Qorqud” dastanlarında, yaxınlara qədər Nəzərli-Kosalı camaatının dilində hiylə əvəzinə işlədilən bir söz olmuşdur. Həyasız adama qırmızı ayaması yaraşdırırlar. Qırmızı adamlar sözü qarşısındakının üzünə həya eləmədən, qırmızı-qırmızı deyirlər. Qırmızılıq etmək həyasızlığın özüdür. Qırmızı adamdan qaç, qurtar, beləsinə yaxanı tanıtmasan yaxşıdır. Belələrinə el arasında “qırmızısühsün” deyilməsini də unutmamaq gərəkdir.

 

Sözün ağlığına keçək. Ağ saflıq, paklıq, arılıq-duruluq rəmzidir.

 

Ağ əski türk dünyagörüşündə Qərbin, günbatanın işarəsidir. Hərbi birliklərdə ağ atlı döyüşçülər qoşunun qərb tərəfində yerləşdirilirdi.

 

Ağ rəng nağıllarımızda “Ağ atlı oğlan”nın – darda qalanların xilaskarının simvoludur. Xalqın alqışlarında ağ bəxtin təmsilçisidir. Gənclərə ağ bəxt arzulanır.

 

Ağın xəstəliklə, ölümlə bağlılığı da bəllidir. Rəngin ağlığı solğunluqdur, xəstəliyin əlamətidir. Rəngi solğun olana, ağarana ünvanlanan: “Elə bil rəngi ölü rəngidir” – deyilməsi də fikrimizi təsdiqləmək üçün yetərlidir. İnsanın sifəti qorxudan da ağara bilər. Onun mənbəyi də ağciyərdir. Qorxaq adamı da elə buna görə ağciyər adlandırırlar.

 

Ağın bir şitlik, yalan semantikası da var. Ağ yalan demirikmi? Yəni açıq-aşkar, gizlədilməsi mümkün olmayan yalan. Ağını çıxarmaq deyimi də, yalanın, şitliyin, qanunsuzluğun, həyasızlığın açıq-aşkarlığına işarədir.

 

Ağın fəsli payızdır. Ömrün ixtiyar çağıdır. Saçın-saqqalın ağarmışlığı, bəyazlaşması bu fəslin əl işidir. Ağ geridir, arxadır, geriləmədir.

 

Sözün qaralıq xüsusiyyətləri də dilimizdə qabarıq şəkildə özünü göstərir. Qara şəxs adı da ola bilir, böyüklüyü də ifadə etmək xüsusiyyəti var. Qaradüz, Qarayazı kimi yer adlarında qaranın böyüklük anlayışı ifadə etməsi əlbəhəl hiss olunur.

 

Qara dünyaların sərhədidir. Birinin təhdidlərindən, həyasızlığından təngə gələn, boğaza yığılan şəxsin “qaradan artıq rəng yoxdur” – deyərək, sərhədi keçməsi azmı olub?

 

Qara hirsdir, hikkədir. Hirslə, hikkəylə dolan bədən qaralıb, qara tuluğa dönür, yaralı çiban kimi deşilməyə məqam gözləyir.

 

Qaş-qabağını tökmüş adamın rəngi qaralır, buludlu havaya dönür, bir himə bənddir, qurdaladın yağacaq.

 

Qara əziyyətin, pis günün rəmzidir. Qaragün, qaragünlü kimi deyimlər buna işarədir. Qara camaat kütləni, çoxluğu ifadə edir. Yuxarıların yuxarıdan aşağı baxdıqları, özlərindən saymadıqları kütlənin, çoxluğun başqa cür adlandırılmasıdır.

 

Qara Şimaldır, uzaqdır, iraqdır, anrıdır. Bir az da naməlumluqdur, bilinməzlikdir, məchulluqdur. Qoşunun Şimal bölümündə yerləşən süvarilərin atları qaradır, siyahdır.

 

Qara – qara sözdür, qarğışdır. Qara ölümlə, itimlə ilgili qara xəbərdir. Qara kağızdır. Qara rəng ölümün, yasın simvoludur. Dövrənin qapanmasıdır, qışdır, sondur.

 

Qara kişi adıdır, canım sənə desin, qaraşınların, qarabuğdayıların hazırca ayamasıdır.

 

Sözün sarı çaları eşqə işarədir. Sarıda bir həsrət var. Hicran var. Sarı saralmaqdır, solmaqdır. Saraltma gətirməkdir sarı. Xəstəlikdir. Könül xəstəliyidir sarınınkı. Gözləməkdən adamın gözünün kökünü saraldar.

 

Sarı könlümüzün məhrəm yeridir. Bir saz havası, bir şən nəğmə, bir qəmli türkü könlümüzün sarı simini dilləndirər, bir anın içində haldan hala düşərik.

 

Sarı şəxs adına da çevrilə bilir. Sarıyağız (sarıyanız), sarışın xas bir oğlana Sarı adının verilməsi adi bir haldır. Sarışın adamın adı nə olursa olsun el arasında Sarı ayamasıyla tanınar. Sarışın qızların bir az çirkinlərinə, saçları dağınıq-pırpız olanlarına “sarı meçən” demirlərmi? “Bir meçənini gözüyün üstündən anrı elə”, – deyib, ağbirçəklər belələrinə təpinər, gözağartması verərdilər.

 

Sarı qızılın, hərdən də Günəşin simvolu olduğu kimi, xalq inamlarımızda bizdən yeylərin rəngidir. Mifolojimizdə şər qüvvələrin gözləri göy, saçları sarıdır. Atların yalını, yalmanını hörən, gecələr səhərə qədər onları minib səyirdənlər də sarı saçlı həmin personajlardır.

 

Rənglər başlanğıcda predmetləri bir-birindən fərqləndirmək üçün düşünülsə də, əski əcdadlarımız zaman axarında onlara yeni mənalar yükləməklə rənglərin çoxmənalılığına nail olmuşlar. Rənglər təkcə əşyaların əlamətini deyil, qədim insanın dünyagörüşünün müxtəlif qatlarının da ifadəçisinə çevrilərək, daha geniş məna çalarları kəsb etmişdir.

 

 

Afiq MUXTAROĞLU