Mən paxılam!

Ətrafımdakı tanıdığım və tanımadığım bütün insanların üstünlüyünə, xoşbəxtliyinə, rifahına, müvəffəqiyyətinə, qabağa getməsinə, vəzifəyə təyin olunmasına, karyera qurmasına, uğur qazanmasına, ailə qurmasına, uşaq dünyaya gətirməsinə, ev almasına, maşın almasına, diplom almasına, sertifikat almasına, mükafat almasına, təltif olunmasına, təriflənməsinə dözmürəm, bundan dilxor oluram, gözüm götürmür, ürəyim partlayır, hirsimdən dişlərim bağırsağımı kəsir, əlim-ayağım əsir.

 

Mən paxılam!

Sevinən, gülən adam görəndə az qala dəli oluram. Sevincini burnundan gətirmək istəyirəm, gülüşünü göz yaşına döndərmək istəyirəm. İstəyirəm, insanlar hey problemlərdən danışsınlar, dərddən üz-gözlərindən zəhrimar yağsın. “Necəsən” sualına kimsə “yaxşıyam” deyə cavab verəndə özümü pis hiss edirəm. Məndən hal-əhvalımı soruşan olanda isə “pisəm” deyə cavab verərək başlayıram yaşamağın çətinliyindən, problemlərin çoxluğundan, xəstəliklərdən danışmağa ki, qarşımdakını neqativ enerji ilə yükləyərək pessimizmə kökləyib elə yola salım.

 

Mən paxılam!

Xoşbəxt ailələr, xoşbəxt cütlüklər görəndə paxıllanıram. İstəyirəm hamı bədbəxt olsun. Ailələrdə hər gün dedi-qodu, dava-dalaş olsun. Yeni evlənənlərin tez ayrılmalarına, boşanmalarına sevinirəm. Bunun üçün əlimdən gələni edirəm: qeybət edirəm, birinin üstünə beşini qoyaraq söz aparıb, söz gətirirəm... Burnumu hər yerə soxuram, hamını güdürəm: kimin evindən kim çıxdı, kim kiminlə görüşdü, kim kimin maşınına mindi... Qohum-əqrəbanın, qonum-qonşunun aylığını, pensiyasını hesablayıram. İnsanlar boş və mənasız şeylərin üstündə dalaşanda, bir-birinin ətini yeyəndə kənardan komediya seyr edən tamaşaçı kimi içimdə gülürəm.

 

Mən paxılam!

Dostlar, tanışlar, onların uşaqları uğur qazananda gözüm götürmür. Kimsə sərgi açır, dəvət edir, qəsdən getmirəm. Kimsə təqdimat edir, dəvət edir, qəsdən getmirəm. Kimsə tamaşa göstərir, dəvət edir, qəsdən getmirəm. Kimsə toyuna dəvət edir, qəsdən getmirəm. Kiminsə uşağı olur, qonaqlıq verir, dəvət edir, qəsdən getmirəm... Və sərgiləri, təqdimatları, tamaşaları, toyları, qonaqlıqları “boykot” etmək üçün min cür bəhanə uydururam. Rəsm çəkən, şeir yazan, hekayə yazan, aktyorluq edən, müsiqi ilə məşğul olan adam görəndə ruhdan salmaq üçün, motivasiyasını öldürmək üçün başlayıram rəsmin, şeirin, teatrın, musiqinin vaxt itkisi olduğunu, maddi gəlir gətirmədiyini; rəssamların, şairlərin, yazıçıların, aktyorların, müsiqiçilərin, ümumiyyətlə, bütün incəsənət adamlarının acından öldüyünü deməyə. Özüm isə uşaqlarımı incəsənətə aid bütün kurslara, dərnəklərə yazdırıram.

 

Mən paxılam!

Məndən iş təklifi üçün kimisə xəbər alanda və ya ailə qurmaq məqsədi ilə kimisə soruşanda “heç qardaşıma da cavabdeh” olmuram. Amma bütün pis tərəflərini tapıb ortaya qoyuram, eyiblərinin üstünü açıram. “Öz aramızda qalsın” andı ilə həmin adama elə bir “CV” çıxarıram ki, soruşan, maraqlanan da “bu məsələnin bir daş altına, bir daş üstünə” and-amanı ilə qulaqlarını tutaraq kor-peşman aralanır. Axı ideal adam yoxdur. Heç kim mələk deyil. Hər igidin, hər gözəlin mütləq bir eybi var – qurdalasan mütləq taparsan.

 

Mən paxılam!

Zavodda, fabrikdə, ofisdə, məktəbdə, xəstəxanada, redaksiyada, dövlət idarələrində – hər yerdə iş yoldaşlarıma həsədlə yanaşıram. Əməkhaqqı artırılan, pul mükafatı alan, direktorun, rəhbərin təriflədiyi iş yoldaşlarımı qısqanıram. O qədər qısqanıram ki, bunu onlardan gizlədə bilmirəm: salam vermirəm, danışdırmıram, heç bir əyləncələrinə qatılmıram, sadəcə nifrət edirəm... Kiminsə işdən çıxarılmasını, ixtisara düşməsini, əməkhaqqının kəsilməsini səbirsizliklə gözləyirəm. İş yoldaşlarım işini düz görməyəndə, rəhbərlik tərəfindən tənbeh olunanda çox sevinirəm. Onları “yoldan çıxarmaq”, işdən ayırmaq üçün dəridən-qabıqdan çıxıram. Donos yazıram.

 

Mən paxılam!

Mənim paxıllığım ultramüasirdir. Bəli, paxıllığımı gizlətmək istəsəm də internet dövründə bu, mümkün olmayacaq. Paxıl olduğumu ilk olaraq sosial şəbəkələrdən biləcək hamı. Feysbukun doğum günləri ilə bağlı bildirişlərinə məhəl qoymadan heç kəsi təbrik etmirəm. Paxıllıqdan dostluğumda olanların paylaşdıqları şəkilləri ürəkləmirəm. Paxıllıqdan dostluğumda olanların paylaşdıqları statusları, şeirləri, hekayələri layk eləmirəm. Və bütün bunları hamı görür, hamı bilir. Hamıya virtual paxıllığım tutur. Sağ əlimi paxıl ürəyimin üstünə qoyub etiraf edirəm: yutubda bütün videoların altındakı bəyənməmək işarəsinə tıklayan  o adam mənəm.

 

Mən paxılam!

Paxıllığımla tayfabazlığım və yerlibazlığım üst-üstə düşəndə paxıllığımın əhatə dairəsi daha da genişlənir, paxıllığım bütün sərhədləri aşır. Maddi və mənəvi nemətlərlə irəlidə olan, üstün olan bütün tayfalara, nəsillərə paxıllanıram. Öz geridə qalmış tayfama haqq qazandırmaq üçün irəlidə olan, uğur qazanan tayfaların uğurunun bünövrəsində oğurluq qum-sement, dələduzluq, haram axtararaq qarayaxmaya başlayıram. Yaşadığım bölgəni, şəhəri, kəndi bütün bölgələrdən, şəhərlərdən, kəndlərdən üstün tuturam. Hətta digər bölgələrdə, şəhərlərdə, kəndlərdə tikilən məktəbə, təmir olunan uşaq bağçasına, istirahət parkına, fəaliyyət göstərən teatra, dərnəyə, nəşr olunan qəzetə, jurnala, təşkil olunan şənliyə da paxıllanıram, gözüm götürmür. Nə olsun ki, eyni millətik, eyni bölgəli, şəhərli, kəndli ha deyilik.

 

Mən paxılam!

Paxılın erkəyi, dişisi olmaz. Başqalarının universitetə qəbul olmasına, diplom almasına, xaricə getməsinə, çimərlikdə istirahət etməsinə, sərgisinin keçirilməsinə, kitabının çap olunmasına, filminin festivalda qalib gəlməsinə, tamaşasının premyerasının baş tutmasına, müsabiqədə birincilik qazanmasına sevinə bilmirəm. İstəyirəm təkcə mən qəzet nəşr edim, təkcə mən jurnal nəşr edim, təkcə mən sayt açım və bu qəzetdə, jurnalda, saytda özümün, uşaqlarımın istedadsız yazılarını, şeirlərini, hekayələrini yayımlayım. İstedadlı adam görəndə paxıllığımdan ölürəm. Mən ürəkdən gülə bilmirəm. Yalnız və yalnız paxıllığını çəkdiyim insanların uğursuzluğuna, bədbəxtliyinə ürəkdən gülə bilirəm, sevinə bilirəm. Mən xoşbəxt ola bilmirəm. Qəlbimdə bəslədiyim bu qədim hiss qoymur xoşbəxt olum, qəmdən, kədərdən, qüssədən gecələri yata bilmirəm.

 

Mən paxılam!

Qardaşım Habili paxıllıqdan öldürdüm. Qardaşım Yusifi paxıllıqdan quyuya atdım. İnsan yaranandan var-dövlət, ruzi-bərəkət, ağıl-istedad, övlad-uşaq, vəzifə əldə edənlərə həmişə paxıllandım. Paxıllığım nifrətə çevrildi – hiylə qurdu, nifaq yaratdı, ara vurdu, qan tökdü... Yenə də paxıl qəlbim sakitləşmədi, aram tapmadı. Məndə olmayan var-dövlətin başqalarında da olmamasını istədim. Məndə olmayan savadın, biliyin, istedadın, bacarığın başqalarında da olmamasını istədim, məndə olmayan sağlamlığın başqalarında da olmamasını istədim. Mənə olmayan hörmətin, diqqətin başqalarına da olmamasını arzuladım. Yaraşıqlı, gözəl, boyu-buxunu, qaşı-gözü, saçı-saqqalı yerində olanlara paxıllığımdan güzgüyə belə baxmıram. Çünki mən paxılam.

 

Paxıllıq xərçəngdən də betər bir xəstəlikdir, xərçəngi çox hallarda müalicə etmək olub, amma paxıllığı müalicə etmək mümkün deyil. Ona görə də, min cür bəhanə gətirməkdənsə, qəm-qüssədən ilan kimi qıvrılmaqdansa bir dəfə insan kimi paxıl olduğunuzu etiraf edin, paxıllandığınızı açıq-aşkar bəyan edin. Qoy hamı paxılları tanısın. Onsuz da paxıllığınız metastaz verərək qəlbinizdən digər bədən üzvlərinə, əzalarına yayılaraq mütləq özünü büruzə verəcək. Onsuz da paxılın taxılı bitməyəcək. Onsuz da paxılın bağı göyərməyəcək. Onsuz da paxıla Tanrı verməyəcək. Sadəcə etiraf edin: Mən paxılam!

 

Və bütün ölkələrin paxılları, birləşin!

 

Azər MUSAOĞLU