Bir neçə il öncə Türkiyədə ət anbarında işləyən fəhlələrdən ikisi qapının qəfil bağlanması nəticəsində soyuducu otaqda qalırlar. Səhəri gün onları tapanda hər ikisinin donaraq öldüyünü görürlər. Hətta meyitlərin üz və əllərinin dərisində donvurma əlamətləri də olur. Bu hadisənin maraqlı tərəfi ondan ibarətdir ki, fəhlələr soyuducuda qalan gün soyuducu işləməmişdi, yəni otaqda temperatur normal imiş...

 

Elmdə buna plasebo effekti deyilir. Yəni psixoloji təsir nəticəsində fizioloji dəyişmə. Tibbdə plasebo effektindən daha çox müsbət müalicəvi nəticələr əldə etmək üçün istifadə olunsa da, onun nosebo effekti deyilən əks, mənfi nəticələr verən təsiri də mövcuddur. Heç bir tibbi, kimyəvi tərkibi olmayan, çox vaxt sadəcə şəkərdən ibarət olan plasebo – yalançı həblər vasitəsilə müxtəlif xəstəliklərin sağaldığını, xəstələrdə müsbət nəticə əldə edildiyini göstərən xeyli statistika mövcuddur. Özünüz internetdən axtarıb tapa bilərsiniz. Plaseboya təlqin həbləri də demək olar. Yəni insan özünütəlqin ilə, beynin imkanlarına fikirlə, şüurla, düşüncə ilə psixoloji təsir etməklə ağır xəstəliyini də müalicə edə bilər, uğura da nail ola bilər və s. Qısa olaraq belə deyək, düşüncənizlə taleyinizi redaktə edə bilərsiniz.

 

İndi gəlin təsəvvür edək ki, Gürcüstan ət anbarıdır, biz də bu anbarda işləyən fəhlələr. Və bir gün qapının qəfil bağlanması nəticəsində hamımız qalırıq soyuducu otaqda...

 

Anbarın qapısı bağlansa, soyuducunun işləməməsinə baxmayaraq yenə də sakitcə donub öləsiyik. Nə qapını sındırmağa, nə də qışqırmağa cəhd belə etməyəcəyik. Çünki gözümüz görüb, qulağımız eşidən vaxtdan ailədən, məktəbdən, cəmiyyətdən bizə təlqin olunub ki, bizim səsimiz, sözümüz onsuz da eşidilməyəcək, dinlənilməyəcək, heç vaxt tamhüquqlu vətəndaş ola bilməyəcəyik, burada uğur qazana bilməyəcəyik, yaşadığımız şəhərin meri ola bilməyəcəyik, ölkənin naziri ola bilməyəcəyik, prezidenti ola bilməyəcəyik və sair və ilaxır. Bilirəm, indi bu cümlələri oxuyub gülənlər də az olmayacaq. Nə vaxta kimi ki bunlara inamımız olmayacaq, məqsədimiz, hədəfimiz olmayacaq, güləcəyik, elə olduğumuz yerdəcə fırlanacağıq.

 

Bizimçün ən böyük məqsəd, amal, uğur uşaqlarımızı evləndirmək, nəvə-nəticə sahibi olmaq, yaxşı cehiz vermək, yaxşı toy etmək, qonşunun evindən hündür ev tikdirməkdən ibarətdir. Biz uşaqlarımızı mer, nazir, prezident kimi görməmişik heç vaxt, buna inanmamışıq (söhbətin marionet merlərə, deputatlara aidiyyatı yoxdur). Universitetə də başqasından dala qalmamaq üçün göndərmişik uşaqlarımızı. Təlqin eləmişik ki, pulun varsa adamsan, pulun yoxursa istəyir yeddi diplomun olsun, cudamsan. Başqalarından dala qalmasın deyə dəridən-qabıqdan çıxıb diplom almasına nail olmuşuq uşqlarımızın, amma şair, yazıçı, rəssam, aktyor, rejissor olmaqdansa alverçi olmağını istəmişik, arzulamışıq, təki əli pul tanısın, cibi pullu olsun. Heç vaxt uşağımızın şair, yazıçı, aktyor, rejissor kimi uğur qazanacağına (oxu: pul qazanacağına) inanmamışıq; mer, nazir, prezident ola biləcəyinə həmişə gülmüşük. Gözümüz həmişə anbarın qapısında (oxu: ölkənin sərhəddində) olub. Təlqin eləmişik ki, anbarın qapısı bağlandımı donub öləsiyik. Vətəndə özümüzü qürbətdəki kimi, qərib kimi hiss etmişik, aparmışıq; natamamlıq, özünü bəyənməmək kompleksi, yadlıq kompleksi, ikincidərəcəlilik kompleksi ilə böyüdülmüşük və yaşayırıq. Bunların bir səbəbi də özümüzü yaxşı tanımamağımızdandır, tariximizi bilməməyimizdəndir, mədəniyyətimizi öyrənib, öyrədib, ötürməməyimizdəndir...

 

Plasebo effektinin müsbət nəticə verməsi üçün əvvəlcə düşüncəmizi dəyişməliyik, gələcəyə münasibətdə nikbin olmalıyıq, inanmalıyıq; inanmalıyıq ki, səsimizi çıxarsaq bizim də səsimiz eşidilə, nəyisə həll edə bilər, biz də öz vətənimizin tamhüquqlu vətəndaşları ola bilərik, olmalıyıq da, biz də yaşadığımız şəhərin meri (forMAL yox!), ölkənin naziri, prezidenti ola bilərik, olmalıyıq da, özümüzü yad, ikincidərəcəli aparmamalıyıq, buna zəmin yaratmamalıyıq. Anbarın qapısı bağlanır, cəhənnəmə ki bağlansın, onsuz da soyuducu işləmir, lap işləsə belə bir-birimizə sığınaraq, bir-birimizi isidərək sağ qalacağımıza inanmalıyıq, gücümüzü bir yerə toplasaq qapının təpiyimizin zərbəsinə açılacağına inanmalıyıq, hərəkət etməliyik, kor-koranə oturub soyuğun bizi dondurub öldürəcəyini gözləməməliyik...

 

Çoxumuz dərman qəbul etməmişdən qabaq qutudan çıxan təlimatları oxuyuruq. Təlimatda dərmanın faydaları ilə yanaşı yan təsirləri də qeyd olunur. Dərmanın bizə təsiri hansına daha çox diqqət yetirməyimizdən, inanmağımızdan asılıdır: faydalarına, yoxsa yan təsirlərinə...

 

İndi gəlin yenə təsəvvür edək ki, Gürcüstan ət anbarıdır, biz də bu anbarda işləyən fəhlələrik. Və bir gün qapının qəfil bağlanması nəticəsində hamımız qalırıq soyuducu otaqda... Sizcə, soyuducu işləyir?

 

Azər MUSAOĞLU