Qardabanidə 18 yaşlı gəncin yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirməsi təkcə bir ailənin faciəsi deyil, bu hadisə cəmiyyətin təhlükəsizliyə münasibətini, dövlət nəzarətinin zəifliyini və insan həyatına verilən dəyəri açıq şəkildə göstərdi. Yenə bir evin işığı söndü, yenə bir ailənin gələcək ümidləri yarımçıq qaldı. Ən ağrılı tərəf odur ki, bu kimi hadisələr artıq bizi təəccübləndirmir və sanki faciələr gündəlik həyatın bir parçasına çevrilib.

 

Şəhər və qəsəbə yollarında saysız-hesabsız yol nişanları mövcuddur. Sürət həddi göstərilir, piyada keçidləri çəkilir. Lakin əgər sürücülər onlara əməl etmirsə, nəzarət zəifdirsə və cəza mexanizmi effektiv deyilsə bu nişanların mövcudluğu sadəcə görüntü yaratmaqdan başqa heç nə ifadə etmir. Qayda yalnız kağız üzərində qalırsa artıq o, qayda deyil, sadəcə yazılı bir sənəddir.

 

Gündüz saatlarında bəzi sürücülərin davranışı açıq-aşkar məsuliyyətsizlik nümayiş etdirir. Sanki maşın yarışlarını izləyirik. Sürət yığmaq, avtomobil səsi ilə diqqət çəkmək və ya kiməsə özünü göstərmək cəmiyyətimizdə təhlükəli vərdişə çevrilib. Bu davranışlar yalnız qayda pozuntusu deyil, birbaşa insan həyatına təhlükədir. Təəssüf ki, çox vaxt bu halların əksəriyyəti vaxtında cəzalandırılmır. Polis nəzarəti yalnız hadisə baş verdikdən sonra aktivləşir. Sanki sistem yalnız belə faciədən sonra işləyir. Əvvəlcə ölümlə nəticələnən hadisə baş verməlidir ki, polislər öz işlərini görsünlər. Əslində, hüquq-mühafizə orqanlarının funksiyası cəza vermək yox, riskin qarşısını almaqdır. Lakin sürücülərdə artıq cəzasızlıq psixologiyası formalaşıb. Onlar sürətli olsalar belə cəzalandırılmayacaqlarını düşünürlər. Necə bir vəziyyətə gəlib çıxmışıq ki, bəziləri vəzifədə oturanlar tanışdır, ona görə istədiyini edir, bəziləri puluna, daydayısına güvənir. İnsan həyatının bir önəmi qalmayıb.

 

Vəzifədə olan şəxslər və dövlət qurumları çox vaxt yalnız kağız üzərində iş görürlər. Yol təhlükəsizliyi planları hazırlanır, iclaslar keçirilir, lakin küçələrdə real nəzarət, sürət həddinə əməl olunması və piyada təhlükəsizliyi üçün effektiv tədbirlər görülmür. Sistem sənəd üzərində işləyir, amma insan həyatını qorumaq reallıqda həyata keçirilmir.

 

Cəmiyyətin rolu da mühümdür. Hadisədən sonra sosial şəbəkələrdə valideynlər və sürücülər günahlandırılır. Lakin günah yalnız bir şəxsdə deyil. Hər dəfə qayda pozanlara göz yummağımız, nəzarət etməməyimiz bizi də bu faciələrin bir hissəsinə çevirir. Media qurumlarında bunun kimi məsuliyyət ayrıca vurğulanmalıdır. Çox vaxt xəbərlər yalnız reytinq üçün hazırlanır. Qanlı başlıqlar və emosional ifadələr oxucunu cəlb etmək məqsədi daşıyır. Lakin “filankəs sürət həddini aşdığı üçün cərimələndi” kimi xəbərlər nadir hallarda paylaşılır. Belə xəbərlər sensasiya yaratmasa da cəmiyyətdə məsuliyyət hissi formalaşdırmalı idi. Media faciədən sonra ağlamağı yox, əvvəlcədən xəbərdarlıq etməyi öyrənməlidir. Ən təhlükəli hal isə insanların bu faciələrə alışmasıdır. Sosial şəbəkələrdə paylaşım edilir, gündəmdə olur, sonra mövzu gündəmdən çıxır. Halbuki həmin ailə üçün bu faciə ömürlük iz buraxır. O evdə bayramlar əvvəlki kimi olmayacaq, süfrələr səssiz qalacaq, gülüşlər xatirəyə çevriləcək...

 

Yol nişanlarına əməl etmək kağız üzərində qalırsa, polis nəzarəti formal xarakter daşıyırsa və cəmiyyət susmağa davam edirsə heç nə yaxşılığa doğru dəyişməyəcək. Dəyişiklik yalnız hər kəs üzərinə düşəni yerinə yetirdiyi zaman mümkündür. Sadəcə faciə baş verdikdən sonra qeybət edib, paylaşım edib “Başın sağ olsun, Qardabani!” demək bizim borcumuz deyil. Bizim həqiqi borcumuz insan həyatını qorumaq, real tədbirlər görmək, qaydalara riayət etmək və məsuliyyətimizi dərk etməkdir.

 

Validə Fətullayeva