Cəmiyyətimizi dərindən yaralayan, cəmiyyəti yıxıb yox edən və diqqətə alınması çox əhəmiyyət daşıyan bir şəxsiyyət problemi vardır. Bu problem cəmiyyətdəki əxlaqi çöküntünün səbəbidir. Əxlaqi sarsıntının ən sürətli yayıldığı zaman isə günümüzdə müşahidə edilməkdədir. İçki, qumar, fahişəlik, narkotik, yalan, iftira, adam aldatma faktorları artdıqca cəmiyyətdə mənəvi bir çöküntü başlayır. Əxlaqsızlığın gətirdiyi mənəvi hüzursuzluq insanlığı təhdid edir və bütün toplumu hüzursuz edir.
Cəmiyyəti bürüyən bu əxlaqi çöküntünün əsas səbəbi insanların dindən uzaq, heç bir əxlaqi dəyəri olmayan, heç bir şeyə inanmayan, heç bir şeyi və heç kəsi düşünməyən, yalnız özünü düşünən insan halına gəlmələridir.
Dürüstlük, sayğı, sevgi, yardımsevərlik, şəfqət, mərhəmət, təvazökarlıq kimi əxlaqi terminlər mənasını və dəyərlərini itirmişdir. Əxlaq çöküntüsünün təməlindəki əsas səbəb insanların mənəvi dəyərlərini itirmələri və dini dəyərlərdən uzaqlaşmalarıdır. Mənəvi dəyərlərini itirən insanlar dünyanı yaşana biləcək tək yer olaraq zənn edərlər və dünyada özləri üçün arzu və istəklərini təmin etməyə, mümkün olduqca mülk və məqam sahibi olmağa çalışarlar. Beləliklə, qısa ömürlərini qafil bir şəkildə keçirərlər. Bu qafillikləri də tək özlərinə deyil, ətraflarındakı insanlara da sirayət edər.
Əxlaqi dəyərlərin onlara heç bir fayda verməyəcəyini düşünən və yalnız öz faydaları üçün yaşamağa çalışan bu insanlar əxlaqlı insanları “saf” insanlar olaraq dəyərləndirərlər. Bu növ insanların yaşayış fəlsəfələrinin təməlini isə dünyadakı mənfəətləri prinsipi halına gəlir. Bu cür insanlar axirət gününə inanmadıqları üçün də haqsızlıq və zülm etməkdə heç bir hədd tanımazlar. Bununla da qalmayıb etdikləri əxlaqsızlıqları doğruymuş kimi göstərməyə səy göstərirlər ki, kimsə onları günahlandırmasın.
Dindən uzaq olmağın ən böyük təsirlərindən biri də bu tərz insanların sevgi, mərhəmət və hörmət kimi ali duyğulardan uzaq qalmalarıdır. Bu duyğuyla yaşayan insanlarda bir-birinə qarşı sevgi və mərhəmət olmadığı kimi yardımlaşma duyğuları da itkin düşmüş olur.
Xülasə, dini dəyərlərini itirmiş olan bir cəmiyyətdə hər cür əxlaqsızlıq, etibarsızlıq duyğuları ön plana gələr. Ailə dəyərləri öz aliliyini itirər, mərhəmət və insansevərlik yox olar. Zülm və fəlakətlərin sayı artar. Quran əxlaqıyla yaşanan cəmiyyətlərdə isə sadaladığımız mənfi xüsusiyyətlər müsbətə dönüşər və hüzur və sevgi dolu bir cəmiyyət meydana çıxmış olar.
Burada bir də onu vurğulamaq yerində olar ki, ailənin sağlam olması və övladlara verilən tərbiyənin valideynlər tərəfindən diqqətə alınması böyük əhəmiyyət daşıyır. Çünki təmiz bir şəkildə dünyaya gələn uşağı valideynlər tərbiyə edərək yaxşı və ya pis insan olmalarını təyin edirlər. Əgər ailədən gələn tərbiyə Quranı doğruldursa, təbii ki, bu insan müsbət xüsusiyyətlərə sahib olaraq Allahın insanı yaratma qayəsinə xidmət edərək onun razılığını qazanacaq. Yox, əgər tərbiyəsində şəxsi mənfəətlərini qorumaq, insanlara qarşı kin və nifrət duyğuları aşılanıbsa, o zaman bu insandan pislikdən başqa bir şey gözləmək bihudədir.
Müəllif: Hacı Bəkiroğlu