Keçənlərdə Tofiq əmi (ad şərtidir) mənə deyir ki...

 

Gəlin ilk öncə Tofiq əmini sizə tanıdım. Tofiq əminin heç bir təhsili yoxdur, heç teatrdan da anlamır. Amma Tofiq əminin çoxlu pulu, maşınları, obyektləri var. Məhlədə hamı ona müəllim deyir, məndən başqa (Biz onsuz da heç bir təhsili olmayan, pulu olan adama müəllim deməyə öyrəşmişik). Nə isə. Tofiq əmi deyir ki:

 

– “Nəyinə lazımdır teatr? Sənin yaşındakıların biznes obyektləri, altında ən bahalı maşınları var, gərək vaxtında başqa işlərlə məşğul olaydın”.

 

– “İncəsənət qurban tələb edir, deyə bir söz var, Tofiq əmi. Amma bu, səhnədə yıxılmaq, qaçmaq, ən riskli hərəkətləri etmək deyil. İncəsənət həyatını bu sənətə həsr etmək, ona qurban verməkdir”, – deyə cavab verirəm. Gərçi Tofiq əmi mənim bu sözlərimi o qədər də başa düşmür.

 

Teatr Tofiq əminin dediyi firma, bahalı maşınlar və çoxlu pul qazanmaq yolu deyil, məhz sənətə ömrünü sərf etməkdir. Özüm də bilirdim ki, ümumiyyətlə, teatr sahəsində böyük qazanc yoxdur. Mən bu peşəni sevərək seçmişəm. Yadımdadır, teatra ilk gəldiyimdə Emin müəllim, biz ona uzun plaş geyindiyinə görə “matrisa” deyirdik, bizə deyirdi: “Ay bala, əgər bu sənətə pul qazanmağa görə gəlmisinizsə, burada pul yoxdur, gedin başqa işlə məşğul olun”.

 

Bu da müəllimin bizə verdiyi “motivasiya” idi. Bəlkə də bir çoxunuz düşünəcəksiniz ki, düz deyib. Amma qurbanlar olmasa cəmiyyətimiz üçün sağlam düşüncəli tələbələr yetişməyəcək. Biz qurban olmağı seçdik. Bu gün teatr fədailəri məhz bu qurbanlar olmasa mədəniyyət sahəmiz məhv olacaq. İnsanlar hələ də teatr mədəniyyətinin cəmiyyətimiz üçün nə qədər vacib olduğunu dərk edə bilmirlər.

 

Stanislavskinin dediyi kimi: “Teatr – həyatın güzgüsüdür”. Biz nə qədər baxırıq bu güzgüyə, baxa bilirikmi? Nə isə, gələk əsas məsələyə.

 

Keçən tamaşalardan birində uşaqlar səhnəyə çıxanda musiqinin səsini yavaş-yavaş artırmağa başladım. Birdən qulağıma səhnədən başqa, tamam fərqli bir musiqi səsi gəldi. Sən demə, Tofiq əminin həyat yoldaşı evdə izləyə bilmədiyi serialı mədəniyyət evinin zalında, özü də tamaşa zamanı səsini yüksəldərək izləyirmiş. Gərçi çox acıqlandım, amma səhnədən çıxa da bilmirdim ki, gedib deyəm: “Söndürün telefonu!” (Halbuki tamaşa başlamamışdan qabaq telefonların səssiz edilməsini dörd dəfə xahiş etdim). Axırda məcbur qalıb musiqinin səsini yüksəltdim. Amma nə xeyiri? Guya heç nə olmamış kimi sonra da telefonla öz şəklini çəkməyə başladı. Onun üçün nə teatr, nə də uşaqlar maraqlı idi, elə Tofiq əmi üçün də.

 

Yaxşı, biz teatra niyə gedirik?

 

Bu gün cəmiyyətdə mövcud olan bir çox problemi biz məhz teatr vasitəsilə canlı səhnədə nümayiş etdiririk. Əziz Nesinin də dediyi kimi: “Teatr cəmiyyətin aynasıdır”. Yaxşı, biz tamaşaya baxanda düşünürükmü, hiss edirikmi ki, yazar, rejissor, aktyor bizə səhnədən nə deməyə çalışır? Yoxsa siz də bəziləri kimi teatra getdiyinizi göstərmək üçün sadəcə selfi çəkdirib statusunuzda paylaşmaq üçünmü teatra gedirsiniz? Yaxşı, bəs tamaşadan nə anladınız? Nə hiss etdiniz?..

 

Çox təəssüf ki, bu gün bir çox insan teatr və kinoya sadəcə selfi çəkdirmək üçün gedir. Halbuki teatr canlı bir orqanizmdir və onun etik qaydalarına riayət etmək vacibdir. Tamaşa zamanı səhnədən canlı yayım açmaq, yanındakılarla danışmaq, telefonla məşğul olmaq, istədiyi vaxt ayağa qalxıb zalda gəzmək – bütün bunlar teatrın ruhuna zidd olan hərəkətlərdir. Bu cür davranışlar tamaşaya və digər tamaşaçılara qarşı birbaşa hörmətsizlikdir. Teatr səhnəsi diqqət və hörmət tələb edir, çünki orada canla-başla çalışan sənətkarlar tamaşaçılara öz mesajlarını çatdırmağa çalışırlar. Tamaşanı bəyənməyə bilərsən, zövqlər müzakirə olunmur deyiblər. Zalı sakitcə tərk edə bilərsən, amma əgər hər dəfə zala girib-çıxırsansa, bu, artıq teatr sənətinə qarşı hörmətsizliyini və bu sənətə zərrə qədər də marağının olmadığını göstərir.

 

Çox təəssüf ki, həm cəmiyyətimiz, həm də bəzi qurumlar teatr mədəniyyətinə lazımi dəstəyi vermirlər. Biz hələ də mədəniyyətimizin inkişafı üçün deyil, lazımsız yerlərə və tədbirlərə pul xərcləməyi daha üstün bilirik. Yazımı Meyerxoldun bu gözəl sözü ilə bitirirəm: “Teatr insanın ruhunu formalaşdıran ən güclü sənətdir”.

 

Bəli, ruhumuzun formalaşması üçün bizə teatr lazımdır!

 

 Binəli İSLAMOĞLU

“BEEZ” Uşaq Teatrının bədii rəhbəri