Bu kartof-soğan məsələsi bəzi insanların mədə-niyyətinə çevrilib, canlarına hopub. Axı biz nə vaxta qədər mənliyimizi, kimliyimizi, mədəniyyətimizi, gələcəyimizi mədəmizin qurbanına çevirəcəyik? Kimsə sizə yeməyin, içməyin, ac qalın demir. Amma hər dəfə hər sözün önündə və arxasında mədəniz dayanırsa bu, bizi uçuruma aparır. Sokratın da dediyi kimi, yaşamaq üçün yemək lazımdır, yemək üçün yaşamaq yox.
Biz ömür boyu uşağın gələcəyi üçün təhsilə pul yatırmaqdan qorxmuşuq. Elə bilirik ki, uşaq hansısa dərnəyə, teatra, təhsil mərkəzinə getsə, ora pul xərcləsək, aylıq ödəniş etsək acından öləcəyik. Mən burada həqiqətən imkanı olmayan insanlardan yox, imkanı olub, amma yenə də kartof-soğanı misal gətirən valideynlərdən bəhs edirəm. Çünki imkanı olmayan valideyn boğazından kəsib övladını oxudur. Əgər biz uşağa yatırım qoymasaq gələcəkdə istədiyimiz nəticəni əldə edə bilməyəcəyik.
Bunu niyə yazıram? Gələk əsas məsələyə. Bölgələrin birində teatr tamaşası göstərirdik. Bir xanım övladı üçün bilet alır, digər xanım isə ona belə deyir: “Boş ver, bambılı-bambılı şeylərə 5 lari verəcəyinə, gedib kartof-soğan alarsan”...
Burada Çarli Çaplinin qısa, amma mənalı hekayəsi yadıma düşdü. Əgər həmin xanım başqa bir şey desəydi, bu yazını heç yazmazdım da. Məsələ 5 lariyə evinə çörək, uşağına dəftər-qələm, kitab almaq olsaydı, bəlkə də anlaşılardı və ya Çaplinin atasının etdiyi jesti etsəydi yenə başa düşülən olardı. Amma kartof-soğan misalı absurddur. Axı nə vaxta qədər sizlər hər şeyə kartof-soğanı misal gətirəcəksiniz? Qınamıram yox ey, qınayıram sizi, bu kartof-soğan sizə seçkilərdən qalma bir adətdir. Niyə insanlar sizi həmişə bununla xatırlamalıdır? Nə vaxta qədər teatrda çalışan, teatra gedən insanlara bambılı kimi baxacaqsınız? Nə zamandan əsərə səhnədən canlı baxmaq bambılılıq olub? Siz uşaqları maarifləndirici dərnəklərə, muzeylərə, tədbirlərə yox, zooparka aparmağa üstünlük verirsiniz. Mən özüm şahidi olmuşam. Bir ana uşağını zooparka aparır və orada meymunu göstərərək deyir: “Bax, bu sənin atandır”.
Bu gülməli deyil, əksinə, ağlamalı bir vəziyyətdir. Nə vaxta qədər biz uşaqlarımıza şit hərəkətlər, gülməli olsun deyə arqo ifadələr öyrədəcəyik? Uşaq nəyi görürsə onu mənimsəyir. Əgər biz ona tərbiyəli və mədəni danışıq tərzi aşılamırıqsa, onda gələcəkdə ondan mədəni nələrsə gözləmək çətin olacaq.
Bu gün teatra getmək üçün 5 lari vermək istəməyən həmin xanım 5 lariyə “bir ələm kartof-soğan alarsan” deyir. Lakin elə həmin valideyn zooparka getməyi daha üstün tutur. Halbuki zooparka getmək daha baha başa oturur – yol xərci, bilet pulu, yemək pulu, attraksion pulu... Axı bu qədər pula bir çuval kartof-soğan almaq olar. Uşaqlar bizim gələcəyimizdir və onların formalaşması bilavasitə bizim tərbiyəmizdən asılıdır. Gəlin uşaqlarımıza şit zarafatlar və lazımsız ifadələr yox, savad, mədəniyyət və hörmət öyrədək!
Yazımı Çarli Çaplinin başına gəlmiş bir hadisəni qeyd etməklə bitirirəm:
“Uşaq vaxtı atamla sirkə getmişdik. Bilet satılan kassanın qarşısında uzun bir növbə var idi. Bizdən öndə ata, ana və 6 uşaqdan ibarət bir ailə dayanmışdı. Kasıb olduqları çox bilinirdi. Paltarları köhnə olsa da çox təmiz idi. Uşaqlar sevincdən atılıb-düşürdülər. Sirkə gələ bildiklərinə görə çox xoşbəxt idilər.
Bir azdan onlara da növbə çatdı. Ata kassaya yaxınlaşdı və biletin qiymətini soruşdu. Kassir ona qiyməti deyəndə, kəkələməyə başladı. Dönüb həyat yoldaşının qulağına nələrsə pıçıldadı. Üzündən pis vəziyyətə düşdüyü açıq-aşkar bilinirdi.
Atam cibindən 20 dollar çıxardı və yerə atdı. Sonra əyilib yerdən qaldırdı və kişinin çiyninə toxunaraq:
– Pulunuz yerə düşdü, cənab, – dedi.
Kişi atama baxdı və gözləri dolaraq:
– Təşəkkür edirəm, cənab, – dedi.
Onlar bilet alıb içəri girdikdən sonra atam mənim əlimdən tutub növbədən çıxdı. Çünki atamın o kişiyə verdiyi 20 dollardan başqa pulu yox idi.
O gündən sonra atamla fəxr etdim. O iki dəqiqədə izlədiyim anlar mənim həyatımda ən gözəl tamaşa idi – o gün izləyə bilmədiyim sirkdən daha gözəl bir tamaşa”.
Binəli İSLAMOĞLU