Aldığımız təhsil pilləsindən asılı olaraq hər birimizin onlarla müəllimi olub. Ancaq onların arasında bizim üçün doğma olanlar, bizim üçün ürəyini qoyanlar, gözünün nurunu, qəlbinin odunu verənlər daha çox qalır yaddaşımızda, ürəyimizin bir guşəsində, xatirələrimizdə. Təhsil cəmiyyətin, vətəndaşın, təhsil alanın tələbatına və ehtiyaclarına uyğun qurulmalı, onun şəxsiyyət kimi formalaşmasını təmin etməlidir. Məhz belə halda müəllimin rolunun əvəzolunmaz və vacib olduğunu görürük. Müəllim hər birimizin həyatında çoxşaxəli və həlledici rol oynayır. O, nəinki öz fənnini tədris edir, eyni zamanda hər birimizə həyatda öz yerini tutmaqda dəstək olur. Müəllimin əsrlərdən bu yana olan əbədi vəzifəsi cəmiyyətin maarifləndirilməsi, tərəqqisi və inkişafına xidmət etmək olub.

 

Bolnisi bələdiyyəsinin Xidisquri (keçmiş Həsənxocalı) məktəbinin müəllimləri həmişə bu məqsədə xidmət ediblər. Onların hər birinin öz təhsil fəlsəfəsi olub. Xidisquri kəndində yerləşən məktəb uzun illərdir fəaliyyət göstərir. Böyük uğurları olan kiçik kənd məktəbidir Xidisquri məktəbi. Məktəb dəyərli ziyalımız Ramiz Məmmədəlizadənin rəhbərliyi altında fəaliyyət göstərir. Yaşadığı Həsənxocalı kəndinin, eləcə də bələdiyyənin digər kəndlərində xüsusi hörməti olan mərhum Ömər Məmmədəlizadənin ailə ənənəsini davam etdirir Ramiz müəllim.

 

Məktəb uzun illik fəaliyyəti dövründə yüzlərlə gəncin uğuruna imza atmışdır. Pedaqoji fəaliyyətini, iş prosesini səmərəli əməkdaşlıq, bilik mübadiləsi, qarşılıqlı hörmət və peşəkarlıq istiqamətində quran kollektiv Bolnisi bələdiyyəsinin seçilən kollektivlərindəndir. Tədris prosesini yetirmələrinin intellektual inkişafına, sosial bacarıqlarının formalaşdırılmasına yönəltmiş və bu istiqamətdə fəaliyyət göstərməkdədirlər. Məktəbin oturuşmuş ənənələrini davam etdirən pedaqoji kollektiv hər il keyfiyyətli nəticələr nümayiş etdirir.

 

Məktəbin yetirmələri təhsillərini Muxrana ümumi məktəbində tamamlayırlar. Fundamental təhsil bazası olan gənclərin böyük əksəriyyəti təhsillərini Gürcüstanın nüfuzlu universitetlərində davam etdirirlər. Məktəbin yetirməsi olan Günel Şaiq qızı Yusifova bu il orta məktəbi qızıl medalla bitirmişdir. Günel Yusifova kimi gənclərimiz çoxdur və bu bizim gələcəyə olan ümidimizi artırır. Gənclərin təhsil istiqamətində uğurları bilavasitə məktəbin adı ilə bağlıdır. Xidisquri məktəbi təlim və tədrislə yanaşı, cəmiyyətə zəngin mənəvi dəyərləri olan, milli ruhumuzun, varlığımızın daşıyıcıları olan gənc nəsil yetişdirir.

 

Zəngin keçmişi olan məktəb artıq tarixə çevrilmiş keçmişini unutmur, əksinə, onların qoyduğu ənənələrə söykənir. Adlarını fəxr və qürur hissi ilə çəkdiyim müəllimlərimiz Əminə Bəxtiyarova, Xalid İsmayılov, Vladimir Məmmədquluzadə, Sərvinaz Məmmədova, Elmira Çıraqova, Zeynəb İsayeva, Zahid Yusifov, Məhbubə Yusifova, Məhərrəm İsmayılov, Solmaz Aslanova, Zinyət Yusifova, Ömər Məmmədəlizadə, Əli İsmayılov, Çiyalə Çıraqova, Fərhad Mehdiyev, Aslan İsmayılov, Süleyman İsmayılov, Səyyad İsmayılov, Gülnar Məmmədəlizadə, Məhəmməd Mustafayev və Mərziyyə Rəhimovadır. Onların bir çoxu həyatda olmasa belə adları həmişə xatirəmizdədir. Bu kiçik bir kəndin yetişdirdiyi dəyərli ziyalılarımızın nümayəndələridir. Ümumiyyətlə, Həsənxocalı kəndi Bolnisi bələdiyyəsinin kəndləri arasında təhsilə, elmə və mədəniyyətə verdiyi dəyərə görə həmişə fərqlənmişdir. Bu düşüncənin, ənənənin yaranması məhz ziyalılarmızla bağlıdır. Onların əsas prioritetləri təhsil, tərəqqi və inkişaf olmuşdur. Bunu bütün həyatlarını gənclərin maarifləndirilməsinə, təhsilinə həsr etmiş insanlarmızın əməyinin nəticəsi kimi qiymətləndirmək istəyirəm. Onların əsasını qoyduqları dəyərlər məktəbin bu gün də davam etdirdiyi yolun ana xəttidir. Pedaqoji fəaliyyətlərində ənənələrə söykənən, eyni zamanda öz yolu olan məktəbin kollektivi müasir təhsil standartlarına cavab verən iş prosesi nümayiş etdirir. Adlarını böyük hörmət və sevgi ilə çəkmək istədiyim müəllimlərimiz Elnarə Məmmədova, Aytəkin Bilalova, Alidə Məmmədəlizadə, Mustafa Çıraqov, Mirvari Məmmədova, Həqiqət Məmmədova, Sevda Satılmışova, Dilşad İsmayılova, Medea Bimişaşvili, Rübabə İsmayılova, Zenfira İsayeva, Səyalı Məmmədəlizadə, Pikriya Bakurtaşvili, Gülnarə Mustafayeva, Elmira Süleymanova, Fəxriyyə Məmmədova, Orxan Məmmədəlizadədir.

 

Məktəbin pedaqoji kollektivi gürcü və azərbaycanlı müəllimlərdən ibarətdir. Pedaqoji kollektiv hər iki xalqa məxsus milli və mənəvi dəyərlərimizin daşıyıcılarıdırlar. Hörmətli ziyalılarımız hər iki xalqa məxsus zəngin dəyərləri şagirdlərinə aşılamaqla bərabər, hər biri onların inkişafı və cəmiyyət üçün faydalı vətəndaş olması üçün öz imzalarını atırlar.

 

Məktəbin pedaqoji kollektivinə işlərində uğurlar arzulayıram və ümidvaram ki, onların hər biri gənclərimizin inkişafı istiqamətində, eləcə də milli özünəməxsusluğmuzun, zəngin dilimizin və milli dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün daha böyük töhfələr verəcəklər.

 

Leyla YUSİFOVA