Sağlam xarakterə malik şəxsiyyətin formalaşdırılması ailənin, məktəbin və cəmiyyətin əsas hədəflərindən biridir. Məktəb ailədən sonra uşaqların ən çox vaxt keçirdikləri ikinci mühitdir. Məktəb müxtəlif xarakterdə və yaşda olan insanların hər gün təmasda olduğu, onların inkişafında birinci və əsas rol oynayan sosial həyat modelidir. Məktəb sosial institut olmaqla hər bir uşağın ilk və mühüm sosiallaşma prosesi keçdiyi mühitdir. Bu baxımdan məktəb dövrü çox önəmlidir. Uşağın həyatında təhsil mühüm yer tutur.
Məktəb divarları arasında təhsilin bünövrəsi qoyulmaqla yanaşı hər bir uşağın təfəkkürünün və intellektual inkişafının formalaşması baş verir. Məktəb şagirdə akademik biliklər verməklə yanaşı insana xas digər özəlliklərin də yaranmasına və aşılanmasına xidmət edir. Şəxsiyyətin formalaşması müəllim tərəfindən təşkil edilir və istiqamətləndirilir. Təhsil prosesi çoxşaxəli hadisədir. Məktəbin müstəsna rolu müəyyən bilik və bacarıqların formalaşdırılması, fundamental insan keyfiyyətlərinin tərbiyə olunması və sosial davranışın əsaslarının öyrədilməsində mühümdür.
Ailədə başlayan inkişaf prosesi məktəbdə davam edir. Bu baxımdan məktəb dövrü çox önəmlidir. Məktəbdə təhsil prosesi zamanı müxtəlif dəyərlərin ötürülməsi baş verir və nəticədə bu, fərdlərin müəyyən davranış qazanmasına gətirib çıxarır. Biliklərin mənimsənilməsi prosesində hər bir şagird öz marağını və prioritetlərini inkişaf etdirir. Məktəbin uşağın inkişafına təsiri əsasən müəllimlərin təhsil prosesinə yanaşması ilə müəyyən edilir. Məktəblilər zamanla öz imkanlarını, gələcək fəaliyyətlərini dərk etməyə başlayırlar. Məhz burada müəllimin rolunun vacibliyi önə çıxır. Şagirdin dərslərə marağı birbaşa tədrisin keyfiyyəti ilə bağlıdır. Müəllim şagirddə öyrənmək üçün motivasiya yaratmaqla yanaşı onun bacarıqlarının inkişaf etdirilməsində də mühüm rol oynayır. Müəllim şagirdi dəstəkləməklə, ona idealları doğru və düzgün aşılamaqla ona məqsədə çatmaqda kömək etmiş olur.
Məktəbdə biliklərlə yanaşı davranış formaları da müəllimlər tərəfindən şagirdlərə ötürülür. Bu səbəbdən müəllimlərin şagirdlərin xarakterinin formalaşmasında rolu əvəzsizdir. Şagirdlər təlim-tədris prosesində aid olduqları cəmiyyətin dəyər və normalarını mənimsəyirlər. Şəxsiyyətin formalaşması məhz müəllim tərəfindən təşkil edilir və istiqamətləndirilir. Şəxsiyyətin özünüdərketmə prosesində tərbiyə böyük yer tutur. Sosial keyfiyyətlər isə cəmiyyətdən kənarda ictimai münasibətlər olmadan mövcud ola bilməz. Uşaq şəxsiyyətlərarası ünsiyyət mədəniyyətini dərk etməklə insanlara hörmətlə, tolerant yanaşmağı öyrənir, əməkdaşlığın əhəmiyyətini dərk edir. O, əxlaqi keyfiyyətləri düzgün şəkildə mənimsəyir və bu, onu əhatə edən məktəb mühitində baş verir. Məktəbdə hər gün iştirakçısı olduğu münasibətlər şagirddə qayğı, həmdərdlik, qarşılıqlı yardım kimi keyfiyyətlər aşılayır. Bütün bunlarla yanaşı şagird müsbət keyfiyyətlərlə birgə mənfi keyfiyyətləri də mənimsəmiş olur. Məhz bu zaman məktəb mühitinin rolunun vacibliyi önə çıxır.
Məktəblərlə yanaşı alternativ təhsil mərkəzləri, uşaqların inkişafına xidmət edən təhsil infrastrukturları gənclərin şəxsiyyət kimi yetişməsində öz töhfələrini verir. Cəmiyyətə dəyərli vətəndaş yetişdirməkdə onların rolu əvəzsizdir.
Dəyərli müəllimlərimizə çətin və şərəfli işlərində uğurlar arzulayıram!
Leyla YUSİFOVA