Dünya Mehribanlıq Günü hər il 13 noyabrda qeyd olunur. 1998-ci ildən etibarən keçirilən bu günün məqsədi insanları bir araya gətirmək və başqalarına qayğı göstərməyi aşılamaqdır. İnsanların qarşılıqlı hörmətini artırmaq və sosial problemləri həll etmək üçün bu gün xüsusi əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrində insanlar bu günü müxtəlif xeyriyyə tədbirləri, könüllü fəaliyyətlər və fərdi xeyirxah işlərlə qeyd edirlər.

 

Mehribanlıq sadəcə başqalarına qarşı xoş davranmaq deyil, həm də içdən gələn səmimi bir sevgidir. Əsl mehribanlıq heç bir qarşılıq gözləmədən yardım etmək, dəstək olmaq və başqalarının sevincini paylaşmaqdır. Mehribanlıq göstərən insan qarşılığında sevgi, hörmət və xoş münasibət görür. İnsanlar arasında mehribanlıq soyuqluğu və incikliyi yox edir, yerinə sevgi və anlayış gətirir. Bu da hər kəsin həyatını daha mənalı və xoşbəxt edir.

 

Mehribanlığın insanlara psixoloji təsiri də böyükdür. Mehriban davranmaqla insanlar özlərini daha rahat və xoşbəxt hiss edirlər. Mehribanlıq sadəcə sözlərlə deyil, səmimi hərəkətlərlə, diqqətlə və başqalarına hörmətlə olur. Bu da insanlara bir çox mənada müsbət təsir göstərir. Məsələn, birinə “bu gün nə qəşəng olmusan” demək sadə bir ifadə olsa da insanda müsbət əhvali-ruhiyyəyə səbəb olur. İnsan mehriban, gülərüz olduqca onu sevənlər də çox olar. Sevməsələr belə ona hörmət etmək məcburiyyətində qalarlar.

 

Mehribanlıq görən insanın üzündə bir təbəssüm yaranır, özünü dəyərli hiss edir. Bununla da həm mehribanlıq göstərən, həm də mehribanlıq görən insanlar arasında xoş münasibətlər möhkəmlənir və qarşılıqlı sevgi yaranır.

 

Ürəkdəki mehribanlıq sevgi yaradır. Sözdəki mehribanlıq güvən yaradır. Fikirdəki mehribanlıq hörmət yaradır. Mehribanlıq birləşdirmək, xoşbəxt etmək və dünyamızı daha yaşanılası hala gətirmək üçün bizə verilən bir hədiyyədir.

 

Ailə daxilində mehriban münasibətlər qurulduqda uşaqlar sevgi dolu və sağlam bir mühitdə böyüyür, böyüklər isə güvən dolu və dinc bir həyat sürürlər. Cəmiyyət də mehriban insanlar sayəsində daha dinc və təhlükəsiz olur.

 

Mehribanlıq sayəsində insan öz xoşbəxtliyini başqalarının xoşbəxtliyində tapır və başqalarına sevgi göstərməklə səadət hissini yaşayır. Bu səbəbdən, mehribanlıq səadət yoludur və hər kəsin həyatına əvəzolunmaz bir dəyər qatır.

 

Sevimli müəllimim bir gün Albert Eynşteyn haqqında maraqlı bir hadisə danışmışdı. Deməli, bir gün məşhur alim Albert Eynşteyn bir yığıncağa qatılmaq üçün bir taksi ilə yol gedirmiş. Tələsdiyi üçün qanı qaralıbmış. Taksiyə mindikdən sonra sürücü ona gülər üzlə xoş gəldin deyib və çox nəzakətli davranıb. Eynşteyn yol boyu sürücünün səmimi davranışından təsirlənib. Sürücü ona şəhər haqqında maraqlı məlumatlar verib, yol boyunca xoş söhbət ediblər. Beləliklə, bu söhbət Eynşteynin üzündə təbəssüm yaradıb. Sürücü onun kim olduğunu bilmirmiş və Eynşteyn də sadəcə bir sərnişin olaraq diqqət çəkib, tanınmaq istəməyib. Söhbətin sonunda sürücü ona səmimi bir şəkildə – “Sizinlə tanış olmaq mənim üçün çox xoş oldu. Belə müdrik bir insanla ünsiyyətdə olmaq böyük bir şərəfdir”, – deyib. Eynşteyn ona təşəkkür edib və sonda onun kim olduğunu açıqlayıb. Bu, sürücünü heyrətə salsa da o, gülər üzlə cavab verib: “Demək ki, siz məşhur alim Eynşteynsiniz! Mən sizinlə vaxt keçirməkdən çox məmnun oldum və bu, həyatımın ən xoş xatirələrindən biri olacaq”.

 

Baxın, sadə bir insanın səmimi və mehriban davranışı onun o gününü necə dəyişdirmişdir. Hər kəsə xoş rəftar göstərmək, insanları dəyərli və xüsusi hiss etdirmək onların gündəlik həyatına pozitiv təsir edir. Bu kiçik, amma səmimi rəftarın gücü, bəzən böyük dəyişikliklər yarada bilir.

 

Bu hadisə bizə xoş rəftar və gülər üzün insanların həyatına necə gözəl təsir etdiyini və hətta məşhur insanlarda belə dərin izlər buraxa biləcəyini öyrətmişdir.

 

Mehribanlıq sadəcə bir davranış deyil, həm də xoşbəxtlik mənbəyidir. Bu keyfiyyət insanlar arasında bağları gücləndirir, cəmiyyəti birləşdirir və hər kəsin özünü yaxşı hiss etməsinə səbəb olur. İnsanlar mehriban olduqca, həyat daha parlaq, sülh dolu və mənalı olur. Çünki mehribanlıq həqiqətən də səadətdir.

 

Aytən FƏTULLAYEVA