Problem bitmir ki, bitmir. Şəhər indi də zibilləri ilə danışılır. Məişət tullantıları vaxtında daşınmır. Plastik qablar ərzaq qalıqlarına, şüşə parçaları cırılmış pal-paltara, istifadə olunmuş uşaq bezləri kartof qabıqlarına qarışıb... Qardabaninin özündə, o cümlədən kəndlərində tullantılar xeyli müddətdir ki, toplanmır. Zibil konteynerləri aşıb-daşır, küçə heyvanları da zibili eşələyib lap yolla bir ediblər. Tullantıların yaratdığı xoşəgəlməz mənzərə, dəhşətli iy zibil qutularına hələ 20 metr məsafə qalmış ürək bulandırır. 

 

Bəzi kəndlərdə vəziyyət çox pisdir, üfunət iyisindən caamat evinin pəncərəsini aça bilmir. Şikayətlərinə isə baxılmır. İşçi olmadığını, heç kəsin çalışmaq isdəmədiyini bildiriblər. Dəfələrlə lazımı qurumlara zəng vurmuşuq, vəd edib gələcəklərini bildirirlər, gəlmirlər. Sadəcə mərkəzi yolun kənarındakı zibil konteynerləri boşaldılır. Heç kəs bu yola əlində zibil torbası ilə çıxmaq istəmir. Zibillərini evlərinin yaxınlığındakı və ya küçənin başında olan konteynerlərə atırlar.

 

Doğrudur, vaxt var idi zibil atmağa heç nə yox idi, hər kəs tullantıları ya toplayıb həyətdə yandırırdı, ya torpağa basdırırdı, ya da ki, hara gəldi atırdılar. Sonra aydınlanma yaşandı ki, təbiət qorunmalıdır, torpağa basdırılan zibil illərlə orada qalır, yandırdığımız tullantıların hisi, dumanı ciyərlərimizə dolur, ekologiya çirklənir... Bundan sonra dövlət əlini daşın altına qoyub zibil konteynerlərinin sayını artırdı. İndi addım başı hər yerdə zibil atmağa konteynerlər var. Buna baxmayaraq Gürcüstanda ətraf mühitin mühafizəsi baxımından kəskin problemlərdən biri hələ də tullantıların idarə olunmamasıdır. İllər keçdikcə vəziyyətin yaxşılaşmasına baxmayaraq, Tbilisidə və regionlarda hələ də bir sıra qeyri-qanuni zibilxanalara, çirklənmiş ərazilərə rast gəlirik. Plastik qablar, polietilen paketlər, saxlama müddəti ötmüş ərzaq məhsulları suların səthində üzür.

 

Tullantıların idarə olunmasında məsuliyyəti tam olaraq dövlətin üzərinə qoya bilmərik. Bu məsələdə hər bir vətəndaşın da məsuliyyəti çox önəmlidir.

 

Biz məktəbə gedib-gəldiyimiz zamanlar bəzən məktəbin arxa qapısından çıxıb, daha yaxındır deyə, o yoldan istifadə edirdik. Həmin o yolda böyük bir çuxur var idi. Təpəyə çıxanda bütün ətraf ərazi görünürdü. Uşaqlarla həmişə danışıb-gülərdik ki, ele bil Everest zirvəsidir, çıx ki, çıxasan, bitmir. Çıxdıqdan sonra oradan başımı qaldırıb xeyli göy üzünə baxardım, buludlar elə qəşəng görsənərdi ki, başımı aşağıya salıb ətrafa baxmaq istəməzdim. Çünki ətraf zibillik idi. Orada yaşayan insanlar sanki evlərinin hasarından bu yana zibillərini atırdılar. O qədər pis vəziyyətdə idi, böyük bir ərazi boşa istifadə edilmişdi. Bu mənzərə sadəcə ürəyimi ağrıdırdı. Nəinki nəzarətsiz atılan məişət tullantıları, ölmüş heyvanların cəsədlərinə də rast gəlmək mümkün idi. Ərazinin zibillənməsi oranı sahibsiz itlərin məskəninə çevirmişdi.

 

Zibil qabları məhəlləyə yerləşdiriləndən sonra bir az da olsa ətraf mühit təmizlənmişdi. İndi isə konteynerlər vaxtında boşaldılmadığından yenə ərazi çirkləndirilməyə başlayıb.

 

Bu cür insanlara irad bildirəndə, zibili yerə atmaq olmaz deyəndə, elə davranırlar ki, sən yalançı olursan, onlar doğru. Yaxud da zibil qutularının  dolu olmasını səbəb kimi göstərirlər. Bu cür davranışlar da şəhərin küçələrində qalaq-qalaq zibillərin toplanmasına səbəb olur. İnsanlarımız başa düşmək istəmirlər ki, zibili, tullantıları müvafiq yerlərə qoymaq, ətrafı təmiz saxlamaq bir mədəniyyətdir.

 

İsveçdə zibil qıtlığıdır və hətta xaricdən zibil idxal edirlər. Çünki hökumət bununla bağlı məsələni o qədər mükəmməl şəkildə nizamlayıb ki, ölkədə zibil qıtlığı yaranıb. Əhali arasında daim maarifləndirmə işi aparılır və onlara tullantılardan düzgün istifadə yolları öyrədilir. Hər bir yaşayış binasının önündə 6 və ya 7 ədəd zibil qutusu var. Burada plastik materiallar, kağız, şüşə, karton, metal və digər materiallar ayrıca toplanır. Daha bir qutu isə təkrar emal edilə bilməyən tullantılar üçün nəzərdə tutulur. Orada hətta balaca uşaq da konfet kağızını yanlış konteynerə atmır. Uşaq bağçaları və məktəblərdə zibilin düzgün şəkildə çeşidlənməsi öyrədilir.

 

Düzdür, bizdə zibil qabları çeşid-çeşid olmasa da, ən azından zibil qablarımız var. Yaşadığımız mühiti təmiz saxlamaq bələdiyyənin borcu olduğu kimi, bir o qədər də bizim borcumuzdur. Biz təbiətin qayğısına qalaq ki, o da bizim qayğımıza qalsın. Axı təmizlik imandandır.

 

Aytən FƏTULLAYEVA