Elə insanlar vardır ki, ölüm xəbərini alsanız belə öldüyünə inanmazsınız. Özünüz özünüzə “yox, ölməmişdir”, “səhv başa düşmüsən”, “yaralı olar, xəstaxanadadır indi” deyə cavablar verərsiniz.
Mayanın – itirilmiş bir gənc qızın, övladın, tələbənin, dostun arxasından yazı yazmaq... Kəlmələrimin kifayətsiz qaldığı, cümlələrimin bir-birinə bağlana bilmədiyi, boğazımda bir şeyin düyünlənib qaldığı andayam...
Nəfəs ala bilmədən hıçqıra-hıçqıra ağlayaraq onu soyuq məzəra yola saldıq. Ölüm onu bizdən aldı – insanoğlunun var olduğu gündən bəri çarəsini tapa bilmədiyi, boyun əydiyi ölüm...
19-20 yaş hamının xəyyalar qurduğu, özünə hədəflər seçdiyi, nələrisə arzuladığı yaşdır. Universiteti bitirib işləmək, təhsili davam etdirmək, hətta lap bekar gəzmək istədiyi yaşdır. Ömrünün çiçəklənən dövründə olan bir həmyaşıdımız, gələcəyi parlaq olan, hədəfləri, xəyalları olan biri bu gün aramızda yoxdur artıq. Xəyallarını yarımçıq qoyub getdi bu dünyadan. Kim bilir, səhər evdən çıxarkən hansı ümidlərlə çıxmışdı, axşam evə qayıdarkən etməli olduqlarını düşünərək, bir ay, beş ay, hətta illər sonra olacaqları planlaşdırırdı. Haradan biləydi çıxdığı qapıdan bir daha içəri girməyəcək... Valideyni, dostları, sevdikləri ona son dəfə sarıldığını bilsəydilər daha bərk qucaqlayardılar. Bilsəydik sonuncu dəfə görüşürük, hələ vaxt yoxdur, başqa gün görüşərik deməzdik. Budur, vaxt var indi, amma görüşmək istədiyimiz burada yoxdur, əbədiyyən yoxdur...
Bu dünyada hər birimizin xəyalları var. Hansı birimiz ilk öncə məktəbi bitirməyi, sonra ali məktəbə qəbul olmağı, işləməyi, ailə qurmağı, qocalmağı xəyal etməmişik ki?.. Onun da çox gözəl xəyalları var idi. Həmişə bütün dünya məni tanısın deyərdi. Hər kəs mənim haqqımda danışsın, etdiklərimlə, nail olduqlarımla tanısın deyərdi. Amma bu gün o xəyalların gerçəkləşməyəcəyini bilmək çox ağırdır. Yaşamağı onun qədər sevən, həyata dolu-dolu gözlərlə baxan birini tanımırdım mən. Ancaq ölmək, bu dünyanı tərk etmək, xəyallarını yarıda qoymaq onun əlində olmadı...
Yol-nəqliyyat hadisələri nəticəsində hər il dünyada 1,3 milyon insan həyatını itirir, 50 milyona qədəri isə xəsarət alır. Yol-nəqliyyat qəzaları dünyada 10-25 yaşlı insanların əsas ölüm səbəblərindən biridir. Hər il 25 yaşadək 400 min gənc yol-nəqliyyat qəzaları zamanı həlak olur. Bu da gündə təxminən 1000 nəfər deməkdir.
Yol qəzalarında həlak olanların demək olar ki, yarısı piyadalardır. Bütün qəzaların 37 faizi məhz sürət həddinin aşılması səbəbindən baş verir. Sürətin aşılması, sərxoş halda nəqliyyat vasitəsinin idarə edilməsi, təhlükəsizlik kəmərlərindən istifadə edilməməsi kimi faktorlar yol-nəqliyyat hadisələrində insanların zərər görməsinə, ölümünə səbəb olur.
Düşünürəm ki, əksər hallarda dəhşətli sonluqlarla nəticələnən qəzaların səbəbi asılılıqdır. Avtomobili yüksək sürətlə idarə etmək əvvəlcə həvəs, sonradan isə asılılıq olur. Necə ki insanlar zərərli olduğunu bilərək tütün məmulatlarına, alkoqollu içkilərə, narkotik maddələrə əvvəlcə həvəs göstərib, sonradan asılı hala düşürlər. Zənnimcə, avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozanlar, sürət həddini aşanlar da bu asılılıqdan əziyyət çəkirlər.
Əsasən də gənc oğlanlar bir-birləri ilə kimin daha güclü maşın sürdüyü barədə mübahisələr, zarafatlar edib “yarışarlar”, nəticədə ya canlarına, ya da mallarına ziyan dəyər. Maşından çıxan tüstü-duman sanki onlara ləzzət edir, xoşbəxtlik hissi verir. Bunu nəticəsini düşünmədən edirlər, öz həvəsləri üçün başqasının həyatını qurban edirlər. Bir anlıq bir həvəs üçün evdən nə ümidlərlə küçəyə çıxan, sabah üçün planları olan, xəyallarla yaşayan, həyata sevinc dolu gözlərlə baxanların həyata gözlərini əbədi bağlamaqlarına səbəb olurlar.
Yol qəzalarında həlak olanlar əksər hallarda kor təsadüf və insan səhvi nəticəsində vaxtından əvvəl həyatla vidalaşırlar. Bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Həlak olanlar da bu gün yaxın və doğmaları ilə birgə olardılar. Hər birimiz – istər sürücü, istər piyada, istərsə də sərnişin olaraq məsuliyyətimizi dərk etməliyik. Ancaq bizlər dərk etmək istəmirik, daha doğrusu özmüzü dərk etməyə məcbur etmirik. Həyatı özümüz, sevdiklərimiz üçün, arzularımız, xəyallarımız üçün yaşayırıq, ancaq bunu da unutmamalıyıq: hər kəs bu dünyanı kiməsə görə, nəyəsə görə yaşayır, insan bu dünyada yalnız özünü düşünməməlidir.
Unutmayaq, hər birimiz bu dünyada faniyik. Bizim etdiymiz hər hansı kiçik bir səhv bir gəncin, bir uşağın, bir azyaşlının, yaxud da hər hansı bir canlının ölümünə səbəb ola bilər. Çalışaq diqqətli olaq, çünki gedənlər bir daha geri gəlmirlər, sadəcə göz yaşları və gözəl xatirələr qalır.
Səni heç bir zaman unutmayacağıq, Mayam! – Gülərkən batan qəmzəni, o gözəl gözlərindəki işığı... Hər zaman xatirələrimizdə, yaddaşımızda ən gözəl şəkildə qalacaqsan. Kaş yanımızda olaydın, xatirələrimizdə deyil... Bir gün görüşmək ümidi ilə, cənnət mələyimiz, göy üzünün ən gözəl ulduzu, daima qəlbimizdə qalacaqsan...
Müəllif: Aytən Fətullayeva