Yaxın günlərdə Tbilisidə baş verən bir hadisə sosial şəbəkələrdə böyük səs-küyə səbəb oldu. 21 yaşlı bir universitet tələbəsinin Kür çayına atılaraq intihar etdiyi iddia edilir. Hadisənin rəsmi təsdiqi və ya dəqiq nəticəsi hələ ortaya çıxmayıb – nə cəsədi tapılıb, nə də sağ olduğu sübut edilib. Ancaq hadisənin özündən daha çox ətrafında yaranan fikirlər, münasibətlər və cəmiyyətin bu hadisəyə verdiyi reaksiya düşündürücüdür.
Bəzi insanlar onu “qaçıb getmək üçün plan qurub, guya özünü öldürmüş kimi göstərib” deyə ittiham edirlər, digərləri isə onun həqiqətən də həyat yükünü daşıya bilmədiyini düşünürlər. Ancaq sosial şəbəkələrdə ən çox diqqət çəkən məsələ bu hadisənin qadın təhsilinə qarşı yönəlmiş hücumlarla əlaqələndirilməsidir. “Qız oxumamalıdır, oxuyarsa belə olur”, “Ən yaxşısı ərə verməkdir”, “Göz açmaz, az bilsə, az istəyər” kimi fikirlər cəmiyyətin bəzi təbəqələrində hələ də yaşadığını acı şəkildə göstərdi.
Bu faciəvi hadisəni sosial şəbəkələrdə sanki bir mübahisə mövzusuna çevirdilər. Lakin burada unudulan bir şey var. Bu, bir gəncin həyatı və əgər bu hadisə həqiqətən də intihar olsa, bu, bir insanın nə qədər böyük bir psixoloji yük daşıdığının göstəricisidir.
Hadisədən sonra yayılan paylaşmalar təkcə bir gənc qızın həyatı ətrafında dolaşan sualları deyil, həm də cəmiyyətin qadınlara, xüsusilə təhsil alan qadınlara qarşı olan gizli və açıq nifrətini üzə çıxartdı. Sosial mediada yayılan “Qız nədir, oxumaq nədir?”, “Verirsən 14-15 yaşından ərə, əri çəkir dərdini”, “Qız uşağı çox bilməməlidir, gözü açılmaz” kimi ifadələr təkcə bir düşüncə tərzinin məhsulu deyil – bu, yüz illərlə formalaşmış patriarxal sistemin səsinin müasir formatda səslənməsidir.
Bu yanaşmalar təkcə bir fərdin deyil, bütöv bir nəslin həyatını qaranlığa bürüyür. Qız uşağını “ər üçün”, “ailə üçün” böyütmək anlayışı onu insan yox, bir əşya kimi dəyərləndirmək deməkdir. Təhsil isə bu cür düşüncələrə qarşı duran ən güclü silahdır. Məhz buna görə də bəzi dairələrdə təhsilli qadın qorxulu, təhlükəli və “gözüaçıq” sayılır, çünki o, artıq öz həyatının müəllifinə çevrilə bilər. Lakin bu gün belə fikirləri açıq şəkildə səsləndirənlərin sayı az deyil. Və bu cür münasibətlər təkcə bir şəxsin fikri yox, eyni zamanda bir cəmiyyətin tərbiyəsində, ailə modelində və təhsil sistemindəki boşluqların göstəricisidir.
Təhsil almaq hər bir gəncin haqqıdır – cinsindən asılı olmayaraq. Bu haqqın əlindən alınması, onun ruhunun da yavaş-yavaş susdurulması deməkdir. Təhsil insanın həyatını yaxşılaşdırmaq üçün, daha yaxşı seçimlər etməsi üçün vacibdir. Təhsil insanın həm özünü tapmasına, həm də cəmiyyətə faydalı olmasına imkan verir.
Əslində, qadınların təhsil alması yalnız onların həyatını yaxşılaşdırmaq deyil, eyni zamanda psixoloji sağlamlıqlarını qorumağa kömək edir. Təhsil bir insanın özünü tanımasına, duyğularını idarə etməsinə və həyatda qarşılaşdığı çətinliklərlə mübarizə aparmasına şərait yaradır. Təhsilli bir insan öz hüquqlarını və dəyərlərini daha yaxşı bilir və heç kim onun həyatı üzərində nəzarət qura bilmir. Bu, həm də qadınların özünə inamını artırır, çünki onlar artıq öz gələcəklərini formalaşdırmağa qadirdirlər.
Bunların hamısı qızların üzləşdiyi ailə və cəmiyyət basqılarına qarşı mübarizə etməyə kömək edir. Məsələn, təhsil almamış və ya az oxumuş bir qızın evdə və ya cəmiyyətdə qarşılaşdığı təzyiqlər onu daha həssas edir. Əgər bir gənc qız təhsilini tamamlayıb, öz həyatını qurmağa çalışırsa, bu, çox zaman ailə üzvləri tərəfindən pis qarşılanır. “Təhsil qadın üçün nə işə yarayır?” sualına cavab tapmaq əvəzinə, onlar onu ən yaxşısı evləndirmək, ailə qurmaq kimi ənənəvi rolda görmək istəyirlər.
Ancaq əslində, bu yanaşma qızları depressiyaya və stresə salan əsas səbəblərdən biridir. Təhsil insanın özünə inamını artırdığı kimi, psixoloji sağlamlığını da qoruyur. Təhsil almış bir qadın sadəcə özünü deyil, həm də ətrafındakılara təsir edə biləcək gücə sahib olur.
Bu cür situasiyalar artıq faciə olmaqla yanaşı, cəmiyyətin vicdanını da sarsıdır. İnsanlar hadisələri müzakirə edərkən empatiya ilə yanaşmağa başlamayana qədər belə faciələr daha çox olacaq. Bizim məsuliyyətimiz yalnız doğru məlumat yaymaqla bitmir. Eyni zamanda, başqalarının həyatına təsir edəcək sözləri, şərhləri və fikirləri paylaşarkən diqqətli olmalıyıq. Əgər biz heç vaxt empatiya etməsək bir gün özümüz də başqalarının şərhlərindən zərər görə bilərik. Cəmiyyət olaraq biz kimsə haqqında fikir yürütməzdən əvvəl, onların mövqeyini və yaşadıqları çətinlikləri başa düşməyə çalışmalıyıq. Çünki bu, heç də sadə bir mövzu deyil; burada bir insanın həyatı, ruh halı və gələcəyi var.
Təhsil bir insanın həyatını dəyişə bilər və bunu heç kim inkar edə bilməz. Qız uşağının təhsil alması yalnız onun gələcəyini deyil, cəmiyyətin gələcəyini də formalaşdırır. Bu yazıda nəzərə çatdırmağa çalışdığım odur ki, qadınların təhsili heç bir şəkildə ikinci dərəcəli bir məsələ olmamalıdır. Onlar da kişilər kimi öz hüquqlarına sahib olmalıdırlar, seçmək, qərar vermək və həyatlarını qurmaq haqqını tapmalıdırlar.
Bu faciə cəmiyyətin daha çox müzakirə etməli olduğu mövzulardan biridir. Biz nə vaxt qadınların hüquqlarını, onların öz həyatlarını idarə etmə azadlıqlarını, təhsil alaraq güclənmələrini ön plana çəkəcəyik? Biz nə vaxt bu cür stereotipləri aradan qaldırıb, qadınları yalnız ev işləri ilə məşğul olmağa məhkum etməyəcəyik?
Orda-burda yayılan yanlış məlumatlar və cəmiyyətdəki qərəzli düşüncələr bu kimi faciələrin qarşısını almaq üçün bizi daha çox düşünməyə vadar edir. Qadınlar yalnız həyatlarını deyil, toplumlarını da dəyişdirmək gücünə sahibdirlər. Onlara bu fürsəti verməliyik. Çünki onların təhsili bizim gələcəyimizdir. Necə ki, Hacı Zeynalabdin Tağıyev deyib: “Bir oğlana təhsil verməklə təhsilli bir adam qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”.
Aytən FƏTULLAYEVA