Keçən günlərdə feysbukda qarşılaşdığım bir paylaşımdan irəli gələrək bu mövzu haqqında yazmağa qərar verdim. Deməli, paylaşılmış postun məzmunu təqribən belə idi: “Gürcülər deyirlər ki, etnik azlıqlar gürcü dilini bilmirlər. Öyrətdilər, bizmi öyrənmədik? Universitetdə bir il öyrədirlər, ona da pul ödəyirik. Mən gürcü sektorunda oxuyurdum və dərsdən sonra anamın pulla tutduğu müəllimlərdən dərs alaraq öyrəndim. Amma hamının bu cür imkanı olmur. İndi dərsdən evə getdikdə böyüklərə onlayn olaraq təmənnasız gürcü dili keçirəm ki, heç olmasa müəyyən səviyyədə dil öyrənsinlər və ən azından həkimə gedərkən problemlərini izah edə bilsinlər” və sair.
Yeni tədris ilinin ilk həftəsində oxşar hadisələrlə mən də qarşılaşmışdım. Gürcülər mənim azərbaycanlı olduğumu öyrənəndə soyuq münasibət göstərirdilər. Çünki dili bilmədiyimi düşünürdülər. Bəzi müəllimlər siyahıdan adımı oxuduqdan sonra əlavə suallar verir, cavab aldıqdan sonra “əvvəlki illərdə də azərbaycanlı tələbələrim olub, amma belə səlist danışmırdılar və gürcü dilini bilmirik deyərək dərs oxumurdular, ümidvaram ki, sən dərsləri də belə oxuyarsan” deyirdilər. Dərs danışmaq üçün əlimi qaldıranda onların bunu necə xoş qarşıladıqlarını gözlərindəki ifadədən anlamaq olurdu. Uşaqlar zaman keçdikcə daha mülayim davranmağa başlayırdılar. Başda aqressiya sayağı bir halla qarşılaşsam da, sonradan işin rəngi dəyişməyə başlamışdı.
Yuxarıda qeyd etdiyim posta şərh bildirmək üçün həmin bölməyə daxil olduqda gözümə gürcülərin sərt cavabları sataşdı. Ümumilikdə mövzuya çox aqressiv yanaşaraq şərhlər yazmışdılar, necə ki, əvvəlcə universitetdə mənə bu cür yanaşmışdılar. Amma şərhlərdə nə tam haqlı idilər, nə də tam haqsız. Əslində, bizdə də onlara qarşı buna oxşar aqressiv yanaşmalar mövcuddur. Sadəcə, bizdə şərh yazaraq hansısa bir mövzuya fikir bildirmək xüsusiyyəti olmadığından bu aqressiya işıq üzü görmür. Bu aqressiv yanaşmalar isə inteqrasiya oluna bilməməkdən qaynaqlanır.
Bu gün Gürcüstanda yaşayan azərbaycanlıların sayı rəsmi olaraq təxminən 200,000 nəfərdən çox göstərilir. Göstəricilərə əsasən bu, ölkə əhalisinin təxminən 6-7 %-ni təşkil edir və azərbaycanlılar Gürcüstanın ən böyük etnik azlıqlarından biridir. Lakin əhalinin sayının bu qədər çox olmasına baxmayaraq azərbaycanlılar və gürcülər arasında müəyyən “soyuqluq” nəzərə çarpır. Doğrudur, bəziləri düşünürlər ki, bu mentalitetdən, mədəni və dini müxtəliflikdən irəli gəlir. Bu mövzuda onlar heç də haqsız deyillər. Amma uzun müddətdir eyni ərazini bölüşən bu iki millət arasında bu “məsafə” nisbətən daha artıqdır və anormal haldır. Yəni demək istədiyim uzun müddətdə bu ikisinin hələ də tam inteqrasiya ola bilməməsidir. Bilməyənlər üçün əvvəlcə inteqrasiya sözünün açıqlamasını qeyd etmək yerinə düşərdi.
İnteqrasiya fərqli etnik, mədəni və sosial qrupların, toplumların və ya xalqların bir arada yaşaması və qarşılıqlı əlaqədə olması prosesini ifadə edir. Bu proses fərqli cəmiyyətlərin və mədəniyyətlərin birləşməsi, bir-birini anlamaq və qarşılıqlı hörmətlə münasibət qurmaq məqsədini güdür. İnteqrasiya bəzən müxtəlif etnik qrupların və millətlərin sosial, iqtisadi və mədəni həyatda bərabər hüquqlara sahib olması və bu cəmiyyətə uyğunlaşması ilə əlaqələndirilir.
İlk baxışda insana elə gəlir ki, yuxarıda sadalanan hər bir xüsusiyyət bu iki xalq arasında mövcuddur, amma iş orasındadır ki, bu hal nə o qədər balanslı, nə də qarşılıqlıdır. Bəli, “sosial, iqtisadi və mədəni həyatda bərabər hüquqlara sahib olsaq da” bir-birimizin adət-ənənələri haqında nə qədər məlumatlıyıq, bir-birimizi nə qədər anlayıb hörmət edirik məsələsi bir az şübhəlidir. Bunun səbəbi isə bəlkə də təcrid olunmağımız və ya təcrid olunmağa çalışmağımızdır. Təbii ki, bunu hər kəsə şamil etmirəm, amma yaşayış yerini dəyişmək istəyən bir azərbaycanlı və ya gürcü öz etnik qrupunun üstünlük təşkil etdiyi və kompakt yaşadığı regionlarda yaşamağa üstünlük verirlər.
İnteqrasiya üçün təhsil, dil, iqtisadi əməkdaşlıq və sosial inklüzivlik lazımdır. Bu faktorlara diqqət yetirildikcə cəmiyyətlər arasında daha güclü və harmonik əlaqələr qurularaq inteqrasiya prosesi uğurla həyata keçirilə bilər. Lakin biz təcrid olunmuş həyat tərzi seçdikdə bunlardan məhrum oluruq. Arzuolunan əlaqələrin qurulması üçün bizə kommunikasiya lazımdır, hansı ki, biz ondan qaçırıq.
Hazırlıq kursunda oxuyarkən oradakı müəllimlərin bizim adət və ənənələrimizə necə dərindən bələd olduqları məni heyrətə gətirirdi. Onlar yalnız ümumi adətləri deyil, hətta ayrı-ayrı bölgələrə xas olanları belə bizdən yaxşı bilirdilər. Həmçinin Tbilisidə doğulub böyümüş olan bir qrup yoldaşım, demək olar ki, gürcülərin bütün adət-ənənələri haqqında məlumata sahib idi. Bunun təməli isə qarşılıqlı əlaqədən başqa bir şey deyil. Lakin bizlərə elə gəlir ki, bu əlaqə nəticəsində biz onlardan, onlar da bizlərdən yalnız mənfi cəhətlər götürəcəklər. Bəzi valideynlər düşünürlər ki, uşaqları onlardan siqaret çəkmək, narkotik vasitələrdən istifadə etmək kimi mənfi cəhətləri mənimsəyəcəklər (guya bu vərdişlər azərbaycanlı gənclər arasında yayılmayıb). Gürcüləri qorxudansa azərbaycanlıların dini problemləri və dini qruplaşmalarıdır.
Digər bir faktor isə dildir və bu, əsasən bizlərə aiddir. Dil inteqrasiyanın təməlidir desək heç də yanılmarıq. Xalqlar arasında ünsiyyətin asanlaşdırılması üçün onlar arasında müəyyən dərəcədə dil mübadiləsi olmalı, hər iki tərəf bir-birinin dilini öyrənməlidir. Gürcüstanın azərbaycanlı icması arasında gürcü dilini öyrənmək bir qədər “məhdud” olub. Son illərdə, xüsusilə gənclər arasında, Gürcüstanın mədəni və siyasi həyatında fəal iştirak üçün gürcü dilinə marağın artmasına, dövlət proqramları və məktəblərdə gürcü dilinin tədris olunmasına baxmayaraq, bizlərdə gürcü dilinə maraq hələ də tam olaraq istənilən səviyyədə deyil. Bunun səbəbi həm məktəblərdə gürcü dilinin yüksək səviyyədə keçilməməsi, həm də bəzilərimizin ona laqeyd yanaşmağımızdır.
Bəzilərimizdə belə bir düşüncə mövcuddur ki, gürcü dili Gürcüstandan başqa heç bir yerdə “keçmir”. Bu cür fikirləşən şəxslər rus dilinə daha çox üstünlük verərək övladlarını rusdilli məktəblərə qoyurlar. Mən demirəm rus dilini öyrənməsinlər. Təbii ki, bir dil bir insan deməkdir ifadəsi mənim üçün də qəbulediləndir. Sadəcə qəribə olan dövlət dilindən daha çox ikinci dərəcəli sayılan bir dilə bu qədər üstünlük verilməsidir. Bizim öhdəliyimiz, təbii ki, öz dilimizi – Azərbaycan dilini öyrənməyimiz, sevib-qorumağımız olmalıdır. Amma gərək yaşadığımız ölkənin dövlət dilini də öyrənək. Sonrası öz işimizdir, hansı dilləri istəsək oxuyub öyrənərik. İş orasındadır ki, dil də yalnız qaydaları, sözləri öyrənməklə olur, gərək kiminləsə ünsiyyət qurasan, həmin dildə danışasan, öyrəndiklərindən və bildiklərindən istifadə edəsən. Bizdə məhz bu çatışmır. O qədər insan tanıyıram, hansılar ki, müəyyən səviyyədə gürcü dilini bilmələrinə baxmayaraq hər hansı bir gürcü ilə danışanda rus dilinə daha çox üstünlük verirlər. İş belə olanda gürcülərin bəzi mövzularda haqlı olduqlarını deyə bilərəm. Amma dəqiq olan bir məsələ var ki, insanlar bir-birinin həyat tərzini, mədəniyyətini, dilini öyrəndikcə bir-birlərinə olan düşüncələri dəyişir. Ona görə də istər azərbaycanlı olsun, istər gürcü, əvvəlcə bu imkanları bir-birlərinə verməli, sonra çatışmayan cəhətlərə sərt yanaşaraq tənqidə əl atmalıdırlar.
Çiyalə OSMANOVA